Logo
    main-post-cover

    Xiaomi YU7 krossoveri rəsmi olaraq təqdim edilib

    Nəqliyyat
    23.05.2025
    Emil
         Xiaomi rəsmi olaraq ikinci elektromobili olan YU7 krossoverini təqdim edib. Bu model 3 versiyada satışa çıxarılacaq: Standard, Pro Max. YU7 modeli Çin bazarında Tesla Model Y üçün ciddi rəqib kimi təqdim olunur və təkmilləşdirilmiş texniki göstəriciləri, daha uzun məsafə qətetmə imkanı və müasir texnologiyaları ilə seçilir. YU7, Xiaomi-nin SU7 sedanından sonra təqdim etdiyi ikinci elektromobil modelidir. Yenilik 5 nəfərlik krossoverdir və ölçüləri belədir: Uzunluğu 4999 mm, eni 1996 mm, hündürlüyü 1600 mm və təkər bazası 3000 mm-dir. Bu ölçülərlə YU7, Tesla Model Y-ni bir çox göstərici üzrə üstələyir. Müqayisə üçün, Çində istehsal olunan Tesla Model Y-nin uzunluğu 4797 mm, eni 1920 mm və təkər bazası 2890 mm-dir.
         Buna baxmayaraq, daha kiçik ölçülərə malik olmasına rəğmən, Model Y Çində ən çox satılan elektrik krossover olaraq qalır. Lakin Xiaomi-nin təsisçisi Lei Jun bildirib ki, YU7 bu vəziyyəti dəyişə bilər. Xiaomi YU7 Standard modeli arxa ötürücülü sistem və 320 at gücündə elektrik mühərriki ilə təchiz olunub. Tam ötürücülü Pro və Max versiyaları isə müvafiq olaraq 496 və 690 at gücündədir. İstehsalçı bu versiyaların 0-dan 100 km/saat sürətə qədər sürətlənməsini müvafiq olaraq 5.9, 4.27 və 3.23 saniyə olaraq açıqlayıb. Təqdimat zamanı Lei Jun YU7-ni birbaşa Tesla Model Y ilə müqayisə edib və yeni modelin bir sıra əsas parametrlər üzrə, o cümlədən dinamika baxımından üstünlüklərini vurğulayıb. Tesla Model Y-də isə bu göstərici versiyadan asılı olaraq 4.3-dən 5.9 saniyəyə qədər dəyişir.
         YU7-nin əsas üstünlüklərindən biri isə onun yürüş məsafəsidir. 96.3 kilovat-saat tutumlu batareya Standard və Pro versiyalarında müvafiq olaraq CLTC dövrünə əsasən 835 770 km məsafə təmin edir. YU7 Max versiyası isə 101.7 kilovat-saat batareya ilə təchiz olunub və 760 km yürüş məsafəsi təqdim edir. Müqayisə üçün, Tesla Model Y-nin arxa ötürücülü versiyası 593 km, tam ötürücülü versiyası isə 719 km yürüş məsafəsi təqdim edir. Bundan əlavə, YU7 modeli 800 voltlu platforma üzərində qurulub, bu da batareyanın cəmi 15 dəqiqə ərzində 620 km məsafə üçün enerji ilə doldurulmasına imkan verir. Lei Jun-un sözlərinə görə, Tesla Model Y-də isə batareyanın 10%-dən 80%-ə qədər doldurulması təxminən 27 dəqiqə çəkir.
         Qeyd olunur ki, Xiaomi-nin yeni modeli müasir NVIDIA Thor çipi ilə təchiz edilib. Bu çipin hesablama gücü 700 TOPS təşkil edir. Avtomobil həmçinin rahat yürüş üçün pnevmatik asqı sisteminə malikdir. Şirkət YU7-ni lüks və yüksək məhsuldarlığa malik SUV kimi təqdim edir. Hərçənd Xiaomi avtomobil sənayesində yenidir, lakin ilk sedan modeli olan SU7-nin uğuru gözləntiləri aşdı. 2024-cü ilin mart ayından etibarən bu modeldən 258 000-dən çox satılıb. TrendForce-un məlumatına görə, bu nəticə ilə Xiaomi 2025-ci ilin birinci rübündə elektrikli avtomobil satışları üzrə dünyada 2.8% bazar payı ilə səkkizinci yeri tutub - bunu cəmi bir model ilə əldə edib. Yeni elektromobilin interyer minimalist üslubda tərtib olunub və iki ekrana malikdir: Ortada yerləşən 16.1 düym ölçülü ekran və ön şüşənin alt hissəsində yerləşən 43.3 düym ölçülü panoramik ekran.
         Sonuncu ekran sürətölçən, naviqator və ya sərnişin üçün monitor funksiyasını yerinə yetirə bilər. Ön oturacaqlar Nappa dərisi ilə üzlənib və masaj funksiyasına malikdir. Arxa oturacaqların isə bucağı tənzimlənə bilər və fərdi iqlimə nəzarət sistemi ilə təchiz olunub. Baqaj həcmi 678 litr təşkil edir və oturacaqlar qatlandıqda bu həcm 1758 litrədək artır. Əlavə olaraq, ön hissədə 141 litrlik əlavə baqaj bölməsi mövcuddur. Digər xüsusiyyətlərə isə gizli qapı tutacaqları, panoramik şüşə tavan və iki spoyler daxildir. Xiaomi YU7 pnevmatik asqı sisteminə malikdir və yol məsafəsi 222 mm-ə qədər tənzimlənə bilər.
         Avtomobil həmçinin adaptiv amortizatorlar və Brembo markalı əyləc sistemi ilə təchiz olunub. Təhlükəsizlik və qismən avtomatlaşdırılmış idarəetmə funksiyaları lidar, radarlar, HD kameralar və ultrasəs sensorları vasitəsilə təmin olunur. Xiaomi hələlik qiymətləri açıqlamayıb. Lakin şirkətin təsisçisi Lei Jun daha əvvəl 200 000 yuan başlanğıc qiyməti ilə bağlı yayılan şayiələri təkzib edib. Onun sözlərinə görə, YU7-nin təchizat səviyyəsi nəzərə alınmaqla, bu model Tesla Model Y-dən 60-70 min yuan (təxminən 8300 - 9700$) daha baha olmalıdır. Tesla Model Y-nin Çində başlanğıc qiyməti isə 263 500 yuan (təxminən 36 600$) təşkil edir. Yekun qiymətin iyul ayında açıqlanacağı bildirilir.
    Paylaş