Logo
    main-post-cover

    Xiaomi YU7-nin 800 km-dan çox yol qət edəcək versiyası olacaq

    Nəqliyyat
    29.04.2025
    Emil
         Xiaomi Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinə (MIIT) təqdim etdiyi YU7 elektrik krossoveri ilə bağlı müraciətini yeniləyib. Yeni versiyada tək elektrik mühərriki və 835 kilometrə qədər məsafə qət etmə imkanı var. Bu YU7 modeli 235 kilovat (təxminən 320 at gücü) gücündə elektrik mühərriki ilə təchiz olunub və aşağı enerji sərfiyyatı ilə fərqlənir - 100 km-ə cəmi 13.3 kilovat-saat. Avtomobilin boş çəkisi 2315 kq təşkil edir.
         İnteryerə dair yayılan şəkillər avtomobilin interyerinin bənövşəyi-qırmızı və bej tonlarında iki rəngli tərtibatda olduğunu, mərkəzi ekranı və PHUD (panoramik proyeksiya ekranı) sistemini nümayiş etdirib - bu sistem sürət və naviqasiya məlumatlarını birbaşa sürücünün qarşısına çıxarır. Təchizata həmçinin naqilsiz enerji yığma, bölünmüş dirsəklik, stəkan tutacaqları daxildir. Bahalı versiyalarda isə əlavə ayaq dəstəyi olan rahat oturacaqlar mövcuddur.
         Ən yüksək komplektasiyalarda isə alkantara ilə örtülmüş sükan və karbon detallı interyer təqdim ediləcək. Artıq məlumdur ki, Xiaomi YU7 modeli 800 voltluq sürətli enerji yığma texnologiyasını dəstəkləyir. Məsələn, 820 km yürüş məsafəsinə sahib versiya cəmi 5 dəqiqəlik enerji yığma ilə 200 km-lik məsafəni qət edə bilir. Hazırda Xiaomi yeni modelin prototiplərini sınaqdan keçirməkdə davam edir və istehsal xəttini hazırlayır. Çin mediasının məlumatına görə, YU7 modeli yerli bazarda 250 000-350 000 yuan, yəni təxminən 35 000-49 000$ qiymət aralığında satışa çıxarılacaq.
    Mənbə: Carnewschina
    Paylaş