Zoox ödənişli robotaksi xidmətinə başlamaq üçün ABŞ-dən icazə aldı
Amazon-a məxsus avtonom nəqliyyat şirkəti Zoox ABŞ-də ödənişli robotaksi xidmətinə başlamaq üçün mühüm federal icazə əldə edib. ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyası (NHTSA) şirkətin xüsusi olaraq robotaksi xidməti üçün hazırladığı avtonom avtomobillərə müvəqqəti istisna verib. Zoox-un robotaksiləri ənənəvi avtomobillərdən ciddi şəkildə fərqlənir. Bu nəqliyyat vasitələrində sükan və pedallar yoxdur və onlar tam avtonom hərəkət üçün hazırlanıb. Buna görə də avtomobillər ABŞ-də qüvvədə olan bəzi federal avtomobil təhlükəsizliyi standartlarına uyğun gəlmirdi.
NHTSA Zoox-a səkkiz federal təhlükəsizlik standartı üzrə müvəqqəti istisna verib. Bunların arasında əyləc sistemi və ön şüşənin buzdan və buğdan təmizlənməsi ilə bağlı tələblər də var. Zoox təxminən bir il əvvəl robotaksilərini San-Fransisko və Las-Veqas kimi şəhərlərdə ictimai yollarda sınaqdan keçirmək və sərnişin daşımaq üçün federal icazə almışdı. Lakin şirkət həmin səfərlər üçün sərnişinlərdən ödəniş ala bilmirdi. Yeni qərar bu məhdudiyyəti aradan qaldırır. Şirkət ilk olaraq Las-Veqasda ödənişli robotaksi xidmətinə başlamağı planlaşdırır. Daha sonra yerli və ştat səviyyəsində tələb olunan icazələr əldə edildikcə xidmət digər bazarlara da genişləndiriləcək.
Yeni icazənin müəyyən məhdudiyyətləri də var. Zoox iki il ərzində kommersiya məqsədilə ildə maksimum 2500 robotaksi istifadə edə biləcək. Şirkətin fəaliyyəti NHTSA tərəfindən gücləndirilmiş nəzarət mexanizmi çərçivəsində izlənəcək.
Paylaş
