
Casuslar haqqında ciddi olmayan 'Kingsman: The Golden Circle' filmi (İCMAL)
Oyun və Film
23.09.2017
Emil
2014-cü ildə gizli təşkilatlar və
onların casuslarına olan parodiya ilə müəyyən ciddiliyi özündə birləşdirən “Kingsman:
The Secret Service” filmi çıxdı. Rejissor Matthew Vaughn öz işinin öhdəsindən
mükəmməl gəlmişdi. Filmdə peşəkar aktyorlar, əla döyüş səhnələri və təqdirə
laiq yumor var idi. Təbii ki, ikinci filmin çıxışı sadəcə olaraq vaxt məsələsi
idi. Beləliklə bu ay “Kingsman:
The Golden Circle” filmi təqdim olundu. Bütün müsbət cəhətlərinə baxmayaraq
ikinci film, birincini keçməsə də ondan heç də geri qalmır.

Birinci film barəsində
söhbət gedəndə, kilsədəki o möhtəşəm səhnə bəlkə də ağıla gələn ilk özəllikdir.
Lakin “Kingsman: The Golden Circle”, həmin səhnənin səviyyəsindəki özəlliklərə
sahib olmasa da, digər xüsusiyyətlər ilə izləyicini sevindirir. Lakin ilk öncə
filmin süjet xəttindən qısa bir məlumat verim. Kingsman təşkilatı hansısa təhlükəli
cinayətkarlar qruplaşması tərəfindən məhv edilir. Yerdə qalan Kingsman
casusları isə Amerikaya yollanaraq öz təşkilatlarının oxşarı olan Statesman ilə
qarşılaşırlar. Onların köməkliyi isə Eggsy və digərləri, təhlükəli cinayətkarların
başında duran şəxsi aradan qaldırmağa çalışırlar.

Film, digər action filmləri kimi əyləncə
parkını xatırladır. İzləyici daim yaxşı təşkil olunmuş müxtəlif döyüş səhnələrini
izləyir. Ümumiyyətlə action səhnələr baxımından filmdə hər şey yaxşıdır. Hətta
filmin başlanğıcı belə, bu cür səhnə ilə start götürür. Nəzərə alsaq ki, hər
iki film, yumor hissi ilə dolu komikslər əsasında çəkilib, onda filmdən tamamilə
ciddi bir baş mənfi obraz gözləməyə ehtiyac yoxdur. Lakin buna baxmayarq ikinci
filmdə baş mənfi obrazı canlandırmış Julianne Moore (Poppy obrazı), birinci
filmdəki Samuel L. Jackson-un canlandırdığı obraza uduzur.

Belə ki, Poppy
obrazı nəinki komik, həmdə bir növ karikatura xarakteri daşıyır. Yəni əgər siz
tamamilə ciddi motivləri olan bir mənfi personaj gözləyirsinizsə, onda əbəs yerə.
Anlamaq lazımdır ki, bu ilk öncə komik casus filmidir. Eggsy (Taron Egerton) həmişəki
kimi iddialı və dünyanı xilas etmək üçün əlindən gələni edən gənc casusdur. Yəni
onun personajı, birinci filmdəki stabilliyini qoruyur və ona heç bir pritenziya
yoxdur. Merlin (Mark Strong) obrazı ümumiyyətlə sevindirməyə bilməz. Mark
Strong istənilən filmdə hətta ikinci dərəcəli rolu oynasa belə, öz xarizması ilə
işin öhdəsindən mükəmməl şəkildə gəlir.

Bu dəfə isə təəccübləndirən Harry Hart
(Colin Firth) obrazı oldu. Bu dəfə bu personajı bizə tamam fərqli istiqamətdən
təqdim etdilər. Belə ki, onun olduğu demək olar ki, hər bir səhnə ciddi deyil,
komikdir. Statesman, çox maraqlı ideyadır. Lakin bu təşkilatın özünə və
casuslarına filmdə çox az zaman ayrılıb. Bu təşkilatın üzvü olan Whiskey-ə
(Pedro Pascal) daha çox ekran zamanı ayrılıb. Bu aktyoru hamımız “Game of Thrones”
serialındakı Oberyn Martell-dən tanıyırıq. Halle Berry, Channing Tatum və Jeff
Bridges isə ikinci dərəcəli rolları canlandırıblar. Təbii ki, filmdə hamıdan
çox ən yadda qalan obraz, Elton John-un obrazı oldu. O, filmdə elə özünü
oynayır. Onun hər bir səhnəsi gülməli və yadda qalandır.
Nəticə etibarilə qeyd etmək
lazımdır ki, film, yaxşı yumor, action və döyüş səhnələrindən ibarətdir. Bu özəlliklərdən
başqasını gözləməyə ehtiyac da yoxdur. Əslində burda dramaya yer yoxdur. Çünki
bu, 007 haqqında çəkilmiş bir film deyil və burda casuslar, Britaniya
kraliçasına xidmət etmirlər. Bu sadəcə olaraq möhtəşəm səhnələri olan və
casuslardan bəhs edən bir filmdir.
Birinci filmdən olan bəzi özəlliklər, yeni
filmdə olmasa da rejissor Matthew Vaughn, öz işinin öhdəsindən gələ bilib. Sadəcə
olaraq bu filmə baxıb və ondan həzz almaq lazımdır. Doyunca güləcəyinizə zəmanət
verilir. Və nəhayət filmi ParkCinema kinoteatrlar şəbəkəsində baxa bilərsiniz. Lakin təbii ki, bu cür film
üçün ən məsləhətlisi IMAX formatıdır. Bunun üçün isə ParkCinema IMAX-a müraciət
etmək lazımdır. “Kingsman: The
Golden Circle” filminin seansları haqqında məlumatları, ParkCinema-nın
saytından əldə edə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
