
Christopher Nolan-ın yeni mükəmməl filmi 'Dunkirk' (İCMAL)
Oyun və Film
23.07.2017
Emil
“Hər
bir insan, digərinə yardım etmək instinktinə sahibdir. Əgər alpinist dağlarda
itsə, onda onun axtarışı üçün bir çox insanlar axtarış səfərbirliyi elan edərlər.
Hardasa zəlzələ baş tutsa, onda bir çox dövlətlər öz humanitar yardımlarını
göstərəcəklər. Bu instinkt hər bir mədəniyyətdə mövcuddur”
“The
Martian” filmindən.
Əslində “Dunkirk” filmini izləyib bəyənmiyən insanları başa
düşürəm. Çünki günümüzdə bir çoxları tərəfindən dahi rejissor hesab olunan
Christopher Nolan-dan hamı maraqlı və dolaşıq süjet xəttinə sahib film gözləyir.
Biz artıq onun “Inception”, “Interstellar”, “Memento” və “The Prestige” kimi
filmlərini izləmişik və bilirik ki, bu filmlərdə süjet xətti dolaşıq və
maraqlıdır. Həmin filmlər hər dəqiqə izləyicini həyəcanda saxlamağı bacarır.
Düzü bu cür filmlərdən sonra onun, müharibə dramı janrında film çəkəcəyini biləndə
çox təəccübləndim və bir qədər şübhə içində qaldım ki, film bəlkə də uğursuz
olacaq. Çünki Nolan ilk dəfə bu cür janra müraciət edirdi. Bundan əlavə olaraq
Nolan, İkinci Dünya Müharibəsinin ən böyük düyüş hadisələrinə deyil, məhz
Dunkirk əməliyyatına müraciət etdi. Lakin Nolan-ın çəkdiyi müharibə filmi, bu
janrda çəkilmiş digər filmlərdən çox fərqlənir. Belə ki, Nolan bu filmdə qəhrəmanlıq
və vətənpərvərliyi deyil, aciz qalmış əsgərlərin öz həyatlarını qurtarmaq üçün
vəhşi döyüş meydanından necə qaçdıqlarını əks etdirib. Hər bir şəxs öz həyatını
qurtarmaq üçün müəyyən vəhşi və ağılsız qərarlar qəbul edir. Bu müharibədir və
sağ qalmaq üçün hər şeyi etmək məcburiyyətindəsən. Bir çox digər müharibə filmlərində
gördüyümüz pafosa, bu filmdə rast gəlinmir. Siz burda partlayışdan bədəni
ayrılmış əsgər cəsədləri və ya qan gölü görməyəcəksiniz. Lakin bununla yanaşı
Nolan, filmdə olan müharibə abu-havasını çox yaxşı şəkildə izləyiciyə təqdim
edib. Əsas icmala keçid etmədən öncə filmin süjet xətti haqıqnda qısa məlumat
verim. Deməli 1940-cı ildə müttəfiqlər, Fransa uğrunda müharibədə almanlara
uduzdular. Almanlar isə öz növbəsində fransız və britaniyalı əsgərləri dəniz kənarına
sıxışdıraraq onları aviasiya vasitəsilə məhv etməyi planlaşdırırdılar. Aviasiya
hücumlarına baxmayaraq britaniyalı əsgərlər öz doğma evinə, Dunkirk limanında
qayıtmağa nail oldular. Bunun üçün onlara özəl gəmilər və qayıqlar kömək etdi.
Yəni, əsgərlərin evakuasiyası üçün nəinki hərbçilər, həmdə adi vətəndaşlar da
yardım etdilər.

Film çox mükəmməl şəkildə start götürür və həmin anda izləyicini,
hadisələrin mərkəzinə atır. Filmdə isə hadisələr müxtəlif personajların gözü ilə
3 qısametrajlı hekayə kimi izləyiciyə təqdim olunur. Müəyyən anlarda həmin
personajların hekayələri filmdə bir-birilə qarşılaşır. Hadisələr 3 yerdə cərəyan
edir. Əsas xronometraj təbii ki, dəniz sahilinə ayrılıb və ordakı hekayə,
aktyor Fionn Whitehead-in canlandırdığı Tommy personajını əhatə edir. Hadisələrin
cərəyan etdiyi ikinci yer dənizdir. Burdakı hekayə, aktyor Mark Rylence-ın
canlandırmış olduğu Mr. Dawson-u əhatə edir və o, Dunkirk limanındakı əsgərləri
xilas etmək üçün ora öz kiçik qayığında yollanan personajı canlandırıb. Müharibənin
üçüncü tərəfi isə göy üzündə canlandırılıb. Burdakı hekayə isə Tom Hardy-nin
canlandırdığı Farrier adlı təyyarə pilotunu əhatə edir. O isə öz növbəsində
insanları, almanların qırıcı təyyarələrindən qorumaq üçün nəzərdə tutulub. Filmdə
bu 3 hekayə arasındakı keçidlər, yerində və mükəmməl şəkildə reallaşdırılıb.
İzləyici hər an həyəcan içərisində olur. Bunun isə ən böyük səbəbi dahi Hans
Zimmer-in soundtrack-dir. Soundtrack-da olan saniyə əqrəbinin geri sayım səsi
sanki, əsgərlərin qurtuluş ümidlərinin sona çatdığını əks etdirir. Hər bir həyəcanlı
dəqiqədə bu səsi eşitmək olar. Ümumiyyətlə Nolan, filmlərində soundtrack-lardan
necə istifadə etmək lazım olduğunu yaxşı bilir. Məhz burdada o bu üsuldan
istifadə edərək izləyicini daima həyəcanda saxlamağı bacarır. Əvvəldə də
dediyim kimi burda vəhşi səhnələrə rast gəlinmir. Lakin bununla yanaşı müharibənin
bütün dəhşəti əks olunub. Əsgərlər, limana gələn hər bir gəmiyə ayaq basmaq
ümidi ilə gözləyirlər. Lakin nəticədə xilas mənbəyi ola biləcək gəmi də, sonda
ölümə səbəb ola biləcək ən böyük təhlükə ola bilər. Filmdə həmçinin dialoqlar
da azdır. Əslində onlara heç ehtiyac da yoxdur. Dialoqlarsız da bu film mükəmməl
şəkildə görünə bilərdi. Dialoqların azlığı, filmdə baş verən hadisələrə diqqətlə
köklənməyə və heç nəyə fikir ayırmamağa yardımçı olur. Lakin məni filmdə
Nolan-ın reallaşdırdığı bir özəllik heyran etdi. Məsələ burasındadır ki, bu
film, İkinci Dünya Müharibəsi haqqındadır. Lakin buna baxmayaraq filmdə
almanlar ümumiyyətlə əks olunmayıblar. Buna baxmayaraq filmdə düşmənin
varolması hissi izləyicini rahat buraxmır. Düşmən özü görünməsə də onun tərəfdən
atılan bombalar və güllələr nəticəsində minlərlə əsgərlər vəfat edir. Düşməni
göstərmədən onun varoluşunu izləyiciyə çatdırmağı bacarmaq. Nolan-ın əsl
dahiliyi məhz bundadır. Təbii ki, bəzi mənfi cəhətlər də var. Məsələn baş rolda
təqdim olunmuş personajları daha ətraflı şəkildə göstərmək olardı. Lakin bu cür
mənfi xüsusiyyətlər heçdə filmə olan müsbət fikri pozmur. Əksinə belə də
olmalıdır. Çünki bu film, qəhrəmanlıq sərgiləyən cəsur əsgərlərdən deyil, öz həyatlarını
qurtarmağa çalışan adi insanlar haqqındadır.

Bu filmi, Nolan-ın ən yaxşı layihəsi hesab etmək olar mı?
Fikrimcə xeyr. Çünki nəticə etibarilə bu filmdə inqilabi ideyalar, dolaşıq
süjet xətti yoxdur. Bu sadəcə müharibə mövzusuna aid mükəmməl bir filmdir. Heç
şübhəsiz “Dunkirk”, Nolan-ın ən yaxşı filmləri siyahısındadır. Əgər filmi izləyib
bəyənməmisinizsə, onda onu analiz edin və digər müharibə filmləri ilə
qarşılaşdırın. Həmin anda fərqi hiss edəcəksiniz. Filmi izləməyənlər üçün isə
demək istəyirəm ki, yeni filmdə qeyri-adi bir şey yoxdur. Sadəcə olaraq
Nolan-ın mükəmməl rejissorluq bacarığı nəticəsində bu cür gözəl film alınıb. “Dunkirk”,
həyatlarını qurtarmağa çalışan adi əsgərlər və onlara köməklik etmək üçün həyatlarını
təhlükəyə atan adi insanlar haqqındadır. Onu mükəmməl edən də məhz budur. Bundan
artığını ondan gözləmək lazım deyil. Pafoslu səhnələr və qəhrəmanlıq haqqında
film izləmək izləyirsinizsə, onda “Dunkirk” sizin üçün deyil. Sadaladıqlarımı
digər müharibə filmlərində görə bilərsiniz. Nolan sadəcə olaraq dəhşətli hadisəni,
qəhrəman əsgərlərin gözü ilə deyil, aciz qalmış əsgərlərin gözü ilə izləyiciyə
çatdırmaq istəyib. Buna isə çox yaxşı şəkildə nail olub. Bu baxımdan film, izləyicini
süjet xətti ilə deyil, izləyicinin öz hissləri və emosiyaları vasitəsilə heyrətləndirir
və həyəcanlandırır. Nəticədə isə izləyici, Hans Zimmer-in mükəmməl
soundtrack-na sahib keyfiyyətli şəkildə çəkilmiş müharibə filmini izləmiş olur.
Sonda qeyd etmək lazımdır ki, Nolan bu filmi məhz böyük formatlı ekranlara nəzərən
çəkib. Buna görə də “Dunkirk”i məhz IMAX
formatında izləmək lazımdır. Belə ki, bu formatda filmin operator işini daha
yaxşı hiss etmək və görmək olar. Filmi isə IMAX formatında izləmək üçün izləyicilər
ParkCinema IMAX kinoteatrına gedə bilərlər. “Dunkirk”in seansları barədə məlumatları
ParkCinema-nın saytından əldə edə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
