
E3 2018 Microsoft: Halo Infinite, Gears of War 5, Devil May Cry 5, Cyberpunk 2077 və daha nələr-nələr
Oyun və Film
10.06.2018
Emil
Hər il keçirilən məşhur E3 oyun sərgisi
qabağı böyük şirkətlər öz konfranslarını keçirdərək oyunçuların ən çox gözlədikləri
oyunları təqdim edir və yeni oyunları anons edirlər. E3 2018 sərgisi də istisna
olmadı. Microsoft şirkəti öz konfransını keçirtdi və maraqlı sürprizləri ilə yadda qaldı. İndi
isə konfrans çəçrivəsində təqdim olunmuş ən maraqlı oyunların siyahısı ilə sizləri
tanış edək.
Halo Infinite (Halo 6):
Microsoft öz konfransına məşhur
Halo oyun seriyasının yeni hissəsinin traileri ilə start verdi. Əfsanəvi oyun
seriyasının yeni hissəsi 343 Industries stusiyası tərəfindən yeni Slipspace
Engine oyun mühərriki vasitəsilə PC və Xbox One üçün hazırlanır. Əsas seriyanın
sayca 6-cı oyunu olacaq Halo Infinite baş personaj Master Chief ətrafında cəmlənəcək
və Halo 5: Guardians oyununun süjet xəttini davam etdirəcək. Oyunun nə zaman
çıxacağı barəsində məlumat verilməyib.
Sekiro: Shadow Die Twice:
Keçən ilki E3 sərgisində Sony şirkətinin
konfransı çərçivəsində Dark Souls seriyası və Bloodborne oyunu ilə məşhurluq
qazanmış From Software studiyası gizli oyun anons etmişdi. Həmin vaxtda oyunun
adı bildirilməmişdi. Lakin bir çoxları güman edirdi ki, oyun Bloodborne 2
olacaq. Lakin oyunun Microsoft şirkətinin konfransında göstərilməsi əsl sürpriz
oldu. Xeyr, bu Bloodborne 2 deyil. Bu, RPG elementləri özündə birləşdirən
action samuray oyunudur. O, məşhur Activision şirkətinin dəstəyi ilə hazırlanır.
Oyuna isə Hidetaka Miyadzaki rəhbərlik edir. Sekiro: Shadow Die Twice oyunu gələn
ilin əvvəlində PC, PS4 və Xbox One üçün satışa çıxacaq.
Metro Exodus:
Ukraynanın 4A Games studiyası
konfrans zamanı hamı tərəfindən səbrsizliklə gözlənilən Metro Exodus oyununun
çıxış tarixini anons etdi. Oyun gələn ilin 22 Fevral tarixində satışa çıxacaq.
Yəni Days Gone və Anthem oyunları ilə bir gündə. Studiya həmçinin oyunun yeni
gameplay videosunu da təqdim edib.
Forza Horizon 4:
Microsoft şirkəti tərəfindən
alınmış Playground Games studiyası məşhur Forza Horizon avtomobil yarışı
seriyasının yeni hissəsini anons etdi. Bu dəfəki oyunda əsas ərazi kimi İngiltərə
çıxış edəcək. Oyunda hava və fəsillərin dinamik dəyişimi, open world, 100
avtomobil istehsalçısından lisenziyalaşdırılmış 450-dən çox avtomobil olacaq.
Oyun 2 Oktyabr tarixində satışa çıxacaq.
Devil May Cry 5:
Konfransda baş vermiş əsas böyük
sürprizlərdən biri də Capcom şirkətinin Devil May Cry 5 oyununu anons etməsi
oldu. Yeni oyun illər öncə işıq üzü görmüş Devil May Cry 4 oyununun davamı
olacaq və təqdim olunmuş videodan da görmək olar ki, baş personaj kimi Nero
çıxış edəcək. Lakin oyunda həmçinin hamının sevimlisi Dante də olacaq. Oyun PC,
PS4 və Xbox One üçün gələn ilin yaz fəslində satışa çıxacaq.
The Division 2:
Ubisoft şirkəti konfransda The
Division 2 oyununun ilk gameplay videosunu təqdim etdi. İkinci oyunda hadisələr
Vaşinqtonda cərəyan edəcək. Oyunun süjet xəttinə əsasən Vaşinqton Yer kürəsinin
ən təhlükəsiz ərazisi idi. Lakin bu, virusun yayılmasına mane ola bilmədi və nəticədə
ABŞ-ın paytaxtı çöküşə məruz qaldı. İkinci oyunda oyunçuların əsas məqsədi
paytaxtı öz idarəsinə keçirtmək istəyən düşmən qruplaşmalarına qarşı mübarizə
aparmaq olacaq.
Gears 5 (Gears of War 5):
Konfrans zamanı hamı tərəfindən səbrsizliklə gözlənilən Gears 5
oyunu anons olundu. Yeni oyun Gears of War 4-ün davamı olacaq, oyunun baş qəhrəmanı
rolunda isə qadın personaj çıxış edəcək. Oyun gələn il PC və Xbox One üçün
satışa çıxacaq.
Cyberpunk 2077:
Məşhur Witcher oyun seriyasının yaradıcısı CD
Project Red studiyası hələ 2013-cü ildə Cyberpunk 2077 oyununu anons etmişdi.
Lakin həmin vaxtdan bəri oyun haqqında heç bir məlumat yox idi. Lakin Microsoft
şirkətinin konfransı zamanı studiya oyunun yeni videosunu təqdim etdi.
Cyberpunk 2077, hadisələri open world-də baş verən RPG oyundur. Oyunda hadisələr
Night City adlı ən təhlükəli şəhərdə cərəyan edəcək. Onun baş qəhrəmanı isə V adlı
personajdır. Təəssüflər olsun ki, oyunun satış tarixi barəsində heç bir məlumat
verilməyib. Lakin o, PC, PS4 və Xbox One üçün hazırlanır.
Dying Light 2:
Konfransda baş vermiş daha bir
böyük anons Dying Light 2 oyununun anonsu oldu. Oyun həmişəki kimi parkur
elementləri özündə birləşdirən və hadisələri zombi dünyasında cərəyan edən bir
oyundur. Təqdim olunmuş trailerdən də görmək olar ki, yeni oyunda əsas diqqət
zombi dünyasında fərqli səviyyələrə ayrılan cəmiyyət üzvlərinə yönəlib. Yeni
oyunda oyunçunun qəbul edəcəyi qərarlar oyun dünyasının dəyişməsinə səbəb
olacaq. Bundan əlavə olaraq Dying Light 2-də daha təkmilləşdirilmiş parkur və
döyüş sistemi olacaq. Oyun PC, PS4 və Xbox One üçün hazırlanır. Onun çıxış
tarixi barəsində heç bir məlumat verilməyib.
Just Cause 4:
Just Cause oyun seriyası geri
qayıdır və Riko yenidən inqilaba yardımçı olacaq missiyaları yerinə yetirəcək.
Təbii ki, bütünh bunları o, adrenalin dolu partlayışlar vasitəsilə edəcək. Just
Cause 4 bu ilin 4 Dekabr tarixində PC, PS4 və Xbox One üçün satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
