Guardians of the Galaxy Vol. 2 filmi (İCMAL)

Guardians of the Galaxy Vol. 2 filmi (İCMAL)

Oyun və Film
19.05.2017 PAYLAŞIM

2014-cü ildə izləyicilərə “Guardians of the Galaxy” filmi təqdim edildi. Düzü həmin vaxt mən bu filmə bir qədər skeptik yanaşırdım. Çünki Marvel öz standart superqəhrəmanlar haqqında film seriyasını tamamilə fərqli istiqamətdə inkişaf etdirmək hədəfini tutmuşdu. Həmçinin bu böyük bir risk idi. Belə ki, komiks oxumayan insanlar arasında Guardians of the Galaxy personajları o qədər də tanınmırdılar. Bu baxımdan film uğursuz ola bilərdi. Lakin bütün bunlara baxmayaraq mən həvəslə filmi izləmişdim. Bütün skeptik gözləntilərimə baxmayaraq film möhtəşəm idi. Bu, Marvel-in superqəhrəmanlar haqqında çəkdiyi standart bir film deyildi. Burda məsələ daha irimiqyaslı idi. Belə ki, hadisələr qalaktikanın müxtəlif yerlərində cərəyan edirdi. Sanki Marvel öz “Star Wars” versiyasını çəkmişdi. Filmdə olan personajlardan tutmuş gülməli zarafatlara və action dolu səhnələrə kimi hər şey möhtəşəm idi. Və təbii ki, birinci film bir çoxlarının yaddaşında məhz xarizmatik Groot personajına görə qaldı. Yəqinki bir çoxlarınız hələ də “I’m Groot” cümləsini xatırlayırsınız. Beləliklə bu komandanın da Avengers-ə qoşulması və ikinci filmin də olacağı barədə heç bir şübhə yox idi. Beləliklə ikinci filmdən olan gözləntilərim çox böyük idi. Artıq ikinci filmin trailerlərindən bəlli idi ki, ikinci filmin süjet xətti məhz Peter Quill (Star Lord) personajının ətrafında cərəyan edəcək. Bunu anlayandan sonra məndə qorxu yarandı ki, filmin hadisələri, birinci filmdəki kimi irimiqyaslı olmayacaq. Bəli nəticədə belə də oldu. İkinci film məhz ailə məsələlərini ortaya çıxartdığı üçün süjet xətti sanki 4 divar arasına sıxışdırılıb və ondan kənara çıxmaq istəmir. Halbu ki, birinci filmdə biz qalaktikanın bir çox yerlərini görmüşdük. Bu baxımdan film məni bir qədər məyus etdi. Əslində isə o çox yaxşı start götürmüşdü. Gəlin ikinci filmin süjet xətti barəsində qısa bir məlumat verim. Narahat olmayın spoiler yoxdur. Oxuyacağınız cümlələr zatən trailerlərdə var idi. Qalaktikanın ən dəlisov komandası həmişəki kimi öz işindədir. Lakin günlərin birində Peter Quill öz atasını tapır və bundan sonra onun həyatı tamamilə dəyişir.


Yəqin ki, hələ trailerlərə baxandan sonra hamı Baby Groot-a aşiq olmuşdu. Bəli o öz xarizmatikliyini ikinci filmdədə qoruyub saxlayıb. Bundan əlavə olaraq onu filmdə görən zaman dərhal internetdən onun fiqurunu almaq istəyirsən. Bu personajın yaradılması və emosiyaları çox gözəl şəkildə ifadə etməsi baxımından Marvel böyük iş görüb. Bu baxımdan əhsən Marvel. Rocket haqqında deyiləsi bir cümlə yoxdur. O həmişəki kimi möhtəşəm, silahları sevən və özünə yenot deyilməsindən nifrət edən bir personajdır. Gamora isə öz bacısı Nebula ilə olan ailə problemlərini həll etməyə çalışır. Peter Quill öz atası ilə görüşdən sonra özü haqqında əldə etdiyi məlumatlar nəticəsində düzgün yolu seçməyə çalışır. Drax-ı biz bu dəfə daha fərqli nöqteyi nəzərdən görürük. Birinci hissədə o, soyuqqanlı və intiqam hissi ilə yaşamış bir şəxs idi. Lakin ikinci filmdə biz onu bir qədər dramatik formatda görürük. Bundan əlavə olaraq filmin hansısa anında onun insan gözəlliyi və qadınla kişi arasındakı münasibət barəsində dediyi cümlələr də izləyicini təəccübləndirməyə qadirdir. Kurt Russel-ın canlandırdığı Ego personajı (Peter Quill-in atası) öz oğlundan geri qalmır. O da özündən razı və 70-80-ci illərin musiqilərini sevən şəxsdir. Bütün bu personajların arasında ən yadda qalanı isə məhz Yondu oldu. Birinci filmdəki Yondu ilə ikinci filmdəki Yondu arasında sanki yerlə göy qədər fərq var. Birinci filmdə əgər biz onu lazımi şeylər üçün digərlərini istifadə edən bir şəxs kimi görmüşdüksə, ikinci filmdə onun necə ürəyiaçıq və lazım gəldikdə dar vaxtda öz dostlarına kömək edən bir personaj olduğunu görürük. Filmdə zarafatlar ilə hər şey yaxşıdır. Lakin bəzi anlarda həmin zarafatlar, birinci filmdəkindən geridə qalır. Kompüter qrafikası vasitəsilə yaradılmış action dolu möhtəşəm səhnələr daima izləyicini adrenalində saxlayır. Hələ həmin səhnələr zamanı personajların bir-biriləri ilə zarafat etdiklərini görəndə filmdən daha böyük zövq almaq olur. Birinci filmi mən ən çox məhz mahnılarına görə sevmişdim. Filmi izlədikdən sonra bütün məhnıları playlistimə əlavə etmişdim. 70-80-ci illərin retro mahnıları birinci film ilə əla şəkildə uyuşurdu. İkinci film də istisna deyil. Bu dəfə də filmi izlədikdən sonra ilk işim mahnıları playlistimə əlavə etmək oldu. Bu baxımdan heç peşman olmayacaqsınız.

Nəticə etibarilə demək lazımdır ki, “Guardians of the Galaxy Vol. 2” filmi nə yaxşıdır, nədəki pisdir. O, birinci film kimi yüksək keyfiyyətdə çəkilib. Filmdən bol zövq alacağınıza zəmanət verilir. Lakin bir məsələ var ki, o, birinci filmdən daha yaxşı ola bilərdi. Bəlkədə filmin mövzusu məhz ailə məsələsi olduğu üçün o mənim ağlımda “wooow” effekti yaratmadı. Filmdə olan “Biz dost deyilik. Biz bir ailəyik” kimi cümlələr əslində məni qıcıqlandırırdı. Çünki eyni cümlələri biz bir neçə dəfə artıq “Fast and the Furious” film seriyasında eşitmişik. Superqəhrəmanlar haqqında filmdən söhbət gedəndə isə daha fərqli bir şey görmək arzusunda olursan. Rejissor James Gunn daha əvvəl də bildirmişdi ki, ikinci filmin əsas mövzusu ailə məsələləri olacaq. Ailə məsələsi isə filmin süjet xəttini irimiqyaslılıqdan çıxardaraq daha dar çərçivələr içərisinə salır. “Guardians of the Galaxy Vol. 2”nin əsas problemi ondan ibarətdir ki, o, innovasiyalı bir film deyil. O, birinci film qədər yaxşıdır. Lakin ondan daha artığını gözləməyin mənası yoxdur. Hər halda James Gunn yaxşı bir iş gördü. Ən azından o, ilk film səviyyəsində məhsul təqdim etdi. Xeyr mən demirəm ki, film bərbaddır. Əksinə o, izləyicini güldürməyi, həyəcanda saxlamağı, retro mahnılardan zövq almağı, action səhnələri ilə onun qanını adrenalinlə doldurmağı yaxşı bacarır. Lakin birinci filmi izləyəndən sonra istər-istəməz daha çoxunu gözləməli olursan. Bütün bunlara baxmayaraq “Guardians of the Galaxy Vol. 2”ni izləmək mütləqdir. Zaldan bol pozitiv emosiyalarla və eşitdiyiniz mahnıları ağlınızda oxuyaraq çıxacağınıza zəmanət verilir. Bu dəlisov komandanı isə biz hələ “The Avengers: Infinity War” filmində görəcəyik. Bu cür qeyri-adi personajların digərləri ilə ünisyyətini izləmək fikrimcə çox maraqlı olacaq. Sonda isə qeyd etmək lazımdır ki, bu filmi məhz IMAX formatında izləməyi məsləhət görürəm. Çünki bu formatda film öz potensialını daha da yaxşı göstərir. Qalaktikanın möhtəşəmliyini IMAX formatı kimi izləyiciyə çatdıran yoxdur. Bunu isə ParkCinema IMAX kinoteatrında edə bilərsiniz. Filmin seansları barədə məlumatları ParkCinema-nın saytından əldə edə bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


10 yaşı tamam olan əfsanə oyun Point Blank artıq Azərbaycan dilini dəstəkləyir..

10 yaşı tamam olan MMOFPS oyunu Point Blank artıq Azərbaycan dilini də tam dəstək verir.


Amazon'un The Boys serialının 2'ci sezonu ilə bağlı bilinən məlumatlar

Amazon tərəfindən istehsal edilən The Boys serialı izləyicilər tərəfindən müsbət rəylər almışdı. İlk..


Spider-Man Far From Home filminin ilk traileri

Spider-Man Far From Home filminin hadisələri Avengers: End Game filminin hadisələrindən sonra cərəya..


Game of Thrones serialının final sezonunun çıxış tarixi elan edildi (VİDEO)..

HBO telekanalı məşhur Game of Thrones serialının final sezonunun təqdimat tarixini açıqladı...


'X-Men: Dark Phoenix' filminin ilk traileri yayımlandı

Jean Grey bütün dünyanı məhv edəcək gücə sahib olaraq Dark Phoenix-ə çevrilir.


Optimus Prime yeni formatda: 'Bumblebee' filminin yeni traileri

1987-ci il. Təqiblərdən gizlənən Bumblebee Kaliforniya şatının hansısa şəhərinin avtomobil zibilliyi..

×