Logo
    main-post-cover

    'Jigsaw' filmi (İCMAL)

    Oyun və Film
    30.10.2017
    Emil
    Qorxu janrında olan bir film üçün bu sayda olan hissələr təəccübləndirir. 2004-cü ildə ekranlara çıxmış “Saw” filmindən sonra kim düşünə bilərdi ki, bundan əlavə hələ 6 film də olacaq. Çünki özü-özlüyündə birinci film tamamilə tamamlanmış bir hekayəni əks etdirirdi. Lakin həmin illər ərzində biz John Kramer-in yaratdığı dəhşətli ölüm qurğularında insanların necə cəza çəkdiklərini izlədik. Nəticədə 2010-cu ildə təqdim olunmuş “Saw 3D” filmi bu seriyaya son verməli idi və belə də oldu. Lakin 7 ildən sonra görünür yaradıcılar düşündülər ki, bu məşhur film seriyası hələ də yaxşı gəlir gətirə biləcək potensiala sahibdir. Və bu ay bu film seriyasının yeni hissəsi işıq üzü gördü.

    Keçmiş hissələrdən fərqli olaraq yeni film “Jigsaw” adlanır və bunun da özünəməxsus səbəbi var. Belə ki, yeni film əslində heç də 7-ci filmin davamı deyil. Bu bir növ spin-offdur. Onun öz hekayəsi və personajları var. Keçmiş filmlərdəki personajlar haqqında burda heç söhbət də açılmır. Bu bir qədər məyus edir. Çünki bu film seriyasının pərəstişkarları ən azından bilmək istəyərdilər ki, 7-ci filmdə detektiv Hoffman ilə nə baş verdi? Personaj Lawrence Gordon, John Kramer-in işini davam etdirdimi? Təəssüflər olsun ki, bu suallara yeni filmdə cavab verilmir. Buna baxmayaraq yeni filmi izlədikdən sonra anlayırsan ki, 7 il ərzində bu film seriyası üçün bir xeyli darıxmısan.

    Baxmayaraq ki, yeni film bu seriyaya yeni heç bir şey gətirməyib. Əsas icmala keçməmişdən öncə filmin süjet xətti barəsində qısa bir məlumat verim. Deməli film seriyasında 10 il vaxt keçib və günlərin birində şəhərin müxtəlif yerlərində insan meyidləri aşkar olunur. Bütün izlər isə John Kramer-i göstərir. Lakin təəccüblüsü ondadır ki, bu əslində mümkün deyil. Çünki Kramer 10 ildir ki, vəfat edib. Görünür onun işini davam etdirən yeni bir şəxs peyda olub. Bir sıra detektiv və tibbi ekspert kimin bu işlərin arxasında durduğunu anlamağa çalışırlar. Bu vaxtda isə qatil öz qurbanlarının dəhşətli və ölümcül oyununa start verir.
    Əslində yeni film keçmiş filmlərdən heç nə ilə fərqlənmir. Burda da bu film seriyası üçün ənənəvi olan çoxlu qan, insan cəsədləri və kreativ ölüm qurğuları var. Oyunun qurbanları isə həmişəki kimi ağılsız və içlərində gizli sirləri olan kəslərdir. Filmdə olan vəhşilik və qan miqdarı heç də əvvəlki seriyalardan geri qalmır. Əsasən də bu cür səhnələrə qarşı dözə bilməyən insanların bu filmə baxmaları məsləhət görülmür. Hər bir qurğunun özündən sonra qoyduğu qurbanın vəziyyətini gördükdə izləyici daha sərt şəkildə oturacağa söykənir və sanki bu dəhşətlərin məhz onunla baş verdiyi təsəvvürü yaranır. Təbii ki, bu bütün izləyicilərə şamil olunmur. Bu cür filmlərdə aktyorluq bacarığına tələbat yoxdur. Əgər rejissor izləyicini lazımi şəkildə qorxuda və həyəcanda saxlaya bilirsə, deməli işinin öhdəsindən gəlib.

    Ona görə də aktyorların canlandırdıqları obrazlar barədə yazmağa ehtiyac yoxdur. Çünki bu cür filmlərdə onların rol oynama bacarıqlarına minimum diqqət yetirilir. “Saw” kimi bir film seriyasında isə insanlardan daha çox məhz ölümə aparan qurğular həmişə izləyicilərin maraqlarını cəlb edib. Demək lazımdır ki, bu baxımdan da yeni film əvvəlkilərdən geridə qalmır. Süjet xəttinə gəldikdə isə ilk növbədə o həyəcanda saxlayır və izləyici hər bir personajdan şübhələnir. Həmçinin diktofonlarda olan John Kramer-in səsi də onu göstərir ki, o əslində sağdır. Lakin sonda olan ssenari açıqlamaları hər şeyin əslində necə olduğunu göstərir.

    İlk dəqiqələrdən izləyici tamamilə təəccüblü şəkildə buna reaksiya verir. Lakin sonradan özü-özünə deyir ki, “Mən bunu artıq hardasa görmüşəm”. Yəni əslində diqqətli izləyici sona yaxın hər şeyi anlayacaq səviyyədədir. İlk dəqiqələrdə ssenari sonluğu təəccüb yaratsa da, sonradan əslində bunun şablon olduğunu anlayırsan. Amma yenədə bütün bunlara baxmayaraq film əvvəl dəqiqələrdən sona kimi izləyicini həyəcanda saxlamağı bacarır. Nəticə etibarilə demək lazımdır ki, bu film seriyasının pərəstişkarları istənilən halda yeni filmi izləməlidirlər. Mənfi xüsusiyyətlərə baxmayaraq bəzi özəlliklərə görə yeni film onların xoşlarına gələcək. Yox əgər siz bu film seriyasının keçmiş filmlərini izləməyərək yeni filmə baxmaq da tərəddüd edirsinizsə yenə də izləyə bilərsiniz.

    Çünki yeni filmin əvvəlki hissələrlə heç bir bağlılığı yoxdur. Əvvəldə də dediyim kimi bu əslində əvvəlki filmin davamı deyil, sadəcə olaraq spin-offdur. Filmin sonluğu isə izləyiciyə tamamilə işarə edir ki, növbəti illər ərzində bizləri yeni hissələr gözləyəcək. Çox güman ki, yeni filmdə olan mənfi personaj ətrafında yeni film seriyası yaradılacaq. Lakin ən azından gələcəkdə olacaq filmlərdə keçmiş hissələrdə olmuş personajların aqibətlərini bilmək tam yerinə düşərdi. Çətinki növbəti filmlərdə əvvəlki personajlar öz rollarına qayıdacaqlar. Lakin ən əsas kimin qayıdacağı həmişə bəllidir. Sonda demək istəyirəm ki, bu filmi ParkCinema kinoteatrlar şəbəkəsində izləyə bilərsiniz. Filmin seansları haqqında məlumatları isə ParkCinema-nın saytından əldə edə bilərsiniz.
    Paylaş
    Bənzər xəbərlər