Logo
    main-post-cover

    Pirates of the Caribbean: Dead Men Tell No Tales filmi (İCMAL)

    Oyun və Film
    29.05.2017
    Emil
    Heç şübhəsiz “Pirates of the Caribbean” seriyası, 21-ci əsrin ən uğurlu film seriyalarından biridir. Lakin buna baxmayaraq yeni filmə baxmamışdan öncə məndə müəyyən qorxu hissi var idi. Belə ki, əvvəllər aktyor Johnny Depp-in adının olduğu hər bir film uğurlu olurdusa, son illərdə onun baş rollarda çəkildiyi bir sıra filmlər nədənsə uğursuz alınmışdır. Misal olaraq “The Lone Ranger” “Mortdecai” kimi filmləri gətirmək olar. Həmdə onu nəzərə alsaq ki, bu film seriyasının 4-cü hissəsi olan “Pirates of the Caribbean: On Stranger Tides” filmi əvvəlki hissələrə nisbətən zəif idi, yeni filmdən də gözləntilərim o dərəcədə aşağı idi. Bundan əlavə olaraq “Pirates of the Caribbean: Dead Men Tell No Tales” filminin çəkilişlərindən öncə onun ssenarisi bir neçə dəfə dəyişildirilmiş, uzun müddət isə lazımi rejissor namizədi tapılmırdı. Bu cür faktorlar isə istər-istəməz filmin nüfuzuna öz təsirini göstərir. Sonunda film çıxdı və mən onu izlədim. Bütün aşağı dərəcəli gözləntilərimə baxmayaraq yeni film məni tamamilə qane etdi. Lakin bununla yanaşı o, mənfi xüsusiyyətlərdən məhrum deyil. Həmçinin burda bəzi faktorlar da öz sözünü dedi. Filmə hələki baxmamış insanlar üçün demək istəyirəm ki, əgər yeni filmdən lazımi qədər zövq almaq istəyirsinizsə, onda seans zamanı, keçmiş hissələr barədə ümumiyyətlə düşünməməlisiniz. Onları 2 saatlıq unudun. Çünki bu film, keçmiş hissələrə heç bənzəmir. “Pirates of the Caribbean: Dead Men Tell No Tales” filminə gedəndə sanki yeni bir film izləyəcəkmişcəsinə bir mühit yaradın özünüzdə. Məhz bu halda yeni filmdən lazımi zövqü əldə edə biləcəksiniz. Yox əgər siz keçmiş hissələri sevib və tamamilə həmin tərzdə bir şey görmək istəyirsinizsə, onda film sizi müəyyən mənada məyus edəcək. Xeyr film həqiqətən də yaxşı alınıb. O hətta uğursuz alınmış 4-cü hissədən qat-qat yaxşıdır. Lakin dediyim kimi bəzi nüanslar var hansılar ki, onlara fikir verməmək mümkün deyil. Fikrimi tam açıqlamaq üçün ilk öncə yeni filmin süjet xətti barəsində qısa bir məlumat verim. Deməli nə vaxtsa kapitan Jack Sparrow-un ucbatından həyatını itirmiş kapitan Salazar o dünyadan qayıdaraq Jack Sparrow-dan qisas almağa çalışır. Jack-ə isə bu bəladan xilas olmaq üçün dənizlərin tanrısı Poseydonun üç dişli əsası lazımdır. Onun tapılmasında Jack-ə Will Turner-in oğlu Henry Turner və elmlə məşğul olan Carina Smyth adlı gənc qız kömək edəcəklər.
    Film çox möhtəşəm şəkildə start götürür və sonuna kimi də eləcə davam edir. Film, izləyicini heç bir dəqiqə belə darıxmağa qoymur. İlk dəqiqələrdən hiss olunur ki, filmə külli miqdarda pul xərclənib. Vizual cəhətdən hər şey möhtəşəmdir. Dənizdə baş verən döyüş səhnələrinə isə söz ola bilməz. Bu cür xüsusiyyətlər həmişə bu film seriyasının etalon xüsusiyyətləri olublar. Jack Sparrow həmişəki kimi xarizmatik, zarafatcıl və baş verən hər şeyə vecsiz yanaşan bir personaj kimi özünü əvvəllər də olduğu kimi yüksək səviyyədə göstərir. Bu seriyanın istənilən hissəsini kapitan Barbossa-sız təsəvvür etmək qeyri-mümkündür. O da Jack ilə yanaşı filmdə baş rolu canlandıraraq onun dərəcəsində öz görünüşü və xarizmatikliyi ilə aktyorluq bacarığını lazımi şəkildə təqdim edir. Ümumiyyətlə şəxsən mən Barbossa-nı Jack-dən həmişə üstün tutmuşam. Çünki əgər yadınızdadırsa birinci filmdə bu personaj mənfi obrazda çıxış edirdi. Lakin sonradan o dəyişərək başqa bir insan kimi izləyicilərin qarşısına çıxdı. Yəni o sırf dramaturgiya yolu ilə gedərək bir personajın eyni bir rolu canlandırmasından qaçaraq başqa birinə çevrildi. Bu cür çevriliş əslində bu film seriyasının digər personajları ilə də baş vermişdi. Buna misal olaraq keçmiş hissələrdə olmuş Davy Jones, Tia Dalma və s. kimi personajları göstərmək olar. Yeni hissədə isə dramaturgiya demək olar ki, yox səviyyəsindədir. Henry Turner və Carina Smyth personajları isə keçmiş filmlərdəki Will Turner ilə Elizabeth Swann personajlarının demək olar ki, prototipləridirlər. Yeni filmdə mənfi obraz rolunda çıxış edən kapitan Salazar (Javier Bardem) əvvəlki filmlərdə olmuş mənfi personajların hamısından daha zəif alınıb. Əgər keçmiş filmlərdəki mənfi personajlara (baxmayaraq ki, onlar mənfi personajlardır) heyranlıq və narahatlıq hissi duyulurdusa, yeni filmdə kapitan Salazar ümumiyyətlə yadda qalmır və bununla yanaşı ona qarşı heç bir narahatlıq duyulmaması ilə birlikdə həmdə ona heyranlıq da etmirsən. Burda aktyorun heç bir günahı yoxdur. Javier Bardem mükəmməl və öz işini professionalcasına yetirən aktyordur. Burda əsas günah ssenaristlərin üzərinə düşür. Yəni onlar kapitan Salazarı daha maraqlı və yadda qalan edə bilərdilər. Filmin ssenarisi əslində çox sadə və anlaşıqlıdır. Keçmiş filmlərdə olan süjet xəttindəki ani qarışıqlıqlar həmin filmlərə xüsusi və cəzbedici aura bəxş edirdi. Lakin burda elə xüsusiyyətə rast gəlmək olmur.
    Daha əvvəldə də qeyd etdiyim kimi bir neçə nüanslar var ki, onlara fikir verməmək mümkün deyil. Bu seriyanın əvvəlki filmlərində əks olunmuş o quldur həyatı hissi, yeni filmdə ümumiyyətlə yoxdur. Quldurların, bordellərdə rom içərək dava etmələri və ya bir sıra quldur kapitanlarının toplanış təşkil edərək orda mübahisə etmələri və s. Quldur həyatının misal gətirilmiş bu özəllikləri, keçmiş filmlərə müsbət aura qatırdı. Həmin səhnələrdən zövq alırdın. Bundan əlavə olaraq keçmiş filmlərin ən üstün cəhəti, qara mühit yaratmaları idi. Əgər əvvəlki filmlər sanki DC Comics tərzində çəkilmişdilərsə, yeni film tamamilə Marvel tərzində çəkilib. Bu baxımdan keçmiş filmləri sevən izləyicilər bir qədər məyus ola bilərlər. Yeni filmdə olan zarafatlar və gülməli səhnələr fikrimcə yaxşı səviyyədə reallaşdırılıb. Film, yeri gələndə izləyicini güldürməyi, həyəcanda saxlamağı bacarır və ən əsası məşhur bəstəkar Hans Zimmer-in bəstəsini işə salaraq izləyicinin tüklərinin biz-biz olmasına şərait yaradır. Bundan əlavə qeyd etmək istəyirəm ki, film bitəndən sonra həmin dəqiqə zaldan getməyə tələsməyin. Çünki filmin titrlərindən sonra qısa bir səhnə sizi gözləyir və mən əminəm ki, o səhnə sizləri şoka salmağı bacaracaq. Şəxsən mən o səhnəni gözləri bərəlmiş şəkildə izlədim. Beləliklə həmin səhnə ilə yaradıcılar bizə, yeni filmin olacağına işarə edirlər. Nəticə etibarilə demək lazımdır ki, “Pirates of the Caribbean: Dead Men Tell No Tales” heç də pis bir film deyil. Bəli yeni film, keçmiş hissələri etalon edən bəzi xüsusiyyətlərdən məhrumdur. Lakin həmin xüsusyyətlərə fikir verilməsə, onda filmdən zövq almaq mümkündür. Mən şəxsən bu qaydaya əməl edərək filmdən tam razı qaldım. Bununla belə keçmiş hissələri sevdiyim üçün yeni filmdə olan problemləri də nəzərə aldım. Heç bir tənqidçinin bu film barəsindəki mənfi rəylərinə baxmayaraq bu filmi izləyin. Çünki yeni filmdə sizi sevindirəcək nəyisə tapacağınız dəqiqdir. Sonda qeyd etmək istəyirəm ki, bu filmi məhz IMAX formatında izləmək məsləhət görülür. Bunu həmçinin filmin yaradıcıları da qyed etmişdilər. IMAX formatında filmdən ikiqat zövq alacığınıza zəmanət verilir. Bunu isə ParkCinema IMAX kinoteatrında edə bilərsiniz. Filmin seansları haqqında məlumatları ParkCinema-nın saytından əldə etmək mümkündür.
    Paylaş
    Bənzər xəbərlər