Logo
    main-post-cover

    Stephen King-in eyniadlı romanı əsasında çəkilmiş 'The Dark Tower' filmi (İCMAL)

    Oyun və Film
    04.08.2017
    Emil
    Ümumiyyətlə indiyənə kimi Stephen King-in romanları əsasında çəkilmiş filmlər arasında pisinə rast gəlməmişdim. Təkcə “The Green Mile” və “The Shawshank Redemption” filmləri əsl əfsanədirlər. Stephen King-in özü çox maraqlı yazıçıdır və onun romanları əsasında çəkilmiş filmləri izlədikdən sonra bunun şahidi olursan. Onun çox zaman yaratdığı qorxunc və fantastik dünyalara simpatiya ilə yanaşmamaq qeyri mümkündür. Lakin həmin cümləni The Dark Tower filmi barəsində də demək olarmı? Müəyyən mənada həm demək olar, həmdə yox. Söhbət bu filmdən getdiyi üçün vəziyyət 50-50-dir. Əslində “The Dark Tower” filminin istehsalat prosesi bir çox problemlər ilə qarşılaşıb. İlk konsepsiyaya uyğun çəkilmiş film, ön təqdimatlarda tamamilə uğursuz göründüyü üçün onu yenidən başqa konsepsiya üzrə çəkməli oldular. Filmin rejissoru Nikolaj Arcel, Stephen King fəaliyyətinin pərəstişkarlarına öncədən bildirmişdi ki, bu film, tamamilə roman əsasında çəkilməyəcək. Düzü özüm romanı oxumamışam və bu baxımdan “The Dark Tower”in icmalını aparmaq mənim üçün bir qədər qəliz olacaq. Lakin bacardığım qədər adi izləyici gözü ilə filmi qiymətləndirməyə çalışacam.
    Romanı oxumasam da onun haqqında bəzi məlumatlara sahibəm. Əslində The Dark Tower kimi böyük bir romanı, 1 saat yarımlıq xronometraja sahib filmə yerləşdirmək qeyri-mümkündür. Lakin rejissor, romandakı olan dünyanın bəzi elementlərini filmdə canlandırmağa nail ola bilib. Əgər bu icmalı oxuyanlar arasında romanı oxumuş şəxslər varsa, indidən onlardan üzr istəyirəm. Çünki onlar mənim bəzi fikirlərimlə razı olmaya bilərlər. Lakin dediyim kimi romanı oxumadığım üçün icmalı bacardığım qədər düzgün əks etməyə çalışacam. Əsas icmala keçid etməmişdən öncə isə filmin süjet xətti barəsində qısa bir məlumat verim. Qara Qala, bir çox dünyaları tarazlıqda saxlayan və onları, şər qüvvələrdən qoruyan bir tikilidir. Walter (Matthew McConaughey) adlı mənfi obrazlı personaj həmin qalanı məhv edərək kainatı əbədi şərə qərq etmək istəyir. Qalanın mühafizəçiləri olan atıcılardan sonuncusu Roland Deschain (Idris Elba) isə Walter-i öldürmək arzusu ilə alışıb yanır və onu, qalanın məhv edilməsində dayandırmağa çalışır. Bu yolda ona bizim dünyamızdan olan qeyri-adi uşaq Jake Chambers (Tom Taylor) yardımçı olur.
    Bildiyim qədərilə romanda psixologizm, dramaya və maraqlı mistikaya yer verilib. Lakin filmdə bütün bu elementler yoxdur. Ümumiyyətlə “The Dark Tower”i izləyən zaman onun hansısa məşhur epos romanı əsasında çəkilməsi hissi yaranmr. Bu sadəcə olaraq klişelərlə bəzədilmiş adi fantastik filmdir. Klişe dedikdə isə mən məhz filmin hekayəsini nəzərdə tuturam. Əslində buna bənzər filmləri çox görmüşük. Qeyri-adi azyaşlı uşaq, çox maraqlı və fantastik görünən hadisələrin mərkəzinə düşür. Filmdə əks olunmuş Roland-ın dünyası bir qədər qarışıq hisslər yaradır. Bir tərəfdən o, normal səviyyədə əks olunub. Digər tərəfdən isə o hiss olunmur. Film boyu izləyicidə yaranan suallara cavab verilmir. Məsələn, Roland-ın dünyası hansı səbəbə və necə postapokaliptik vəziyyətə düşdü? Walter kimdir və haradan gəlib? Başa düşürəm ki, bu cür romanı, 1 saat yarımlıq filmə sığışdırmaq qeyri-mümkündür. Lakin ən azından qısa flashback-lər vasitəsilə və ya digər üsullarla bu cür suallara cavab vermək olardı. Romanda Roland əslində ağdərili personajdır. Filmdə isə bu personajı qaradərili aktyor Idris Elba canlandırıb. Bu cür faktorun, Stephen King-in pərəstişkarlarına necə təsir etdiyini bilmirəm. Lakin onu deyə bilərəm ki, Idris Elba öz rolunun öhdəsindən yaxşı gəlib. Romanı oxumuş və ya onun haqqında bir sıra məlumatlara sahib olan izləyicilər, filmi izləyən zaman aktyorun qaradərili olduğu faktorunu tamamilə unudacaqlar.
    İndi isə gələk baş mənfi obraza. Matthew McConaughey də, Idris Elba kimi öz rolunu əla şəkildə canlandırıb. Sanki bu rol onun üçün yazılıb. O, filmdə qorxunc, soyuqqanlı və mərhəmətsizdir. Lakin Roland, filmdə hansısa motivasiyaya sahibdirsə, Walter-in ümumiyyətlə motivasiyası yoxdur. O sadəcə olaraq hər şeyi məhv etmək arzusundadır. Təbii ki, əsas personajların xarakterlərinin və onlar haqqında məlumatların filmdə daha çox əks olunmasını istərdim. Bütün bunlar olmadığı üçün onlar şablon görünürlər. Lakin bununla belə bu iki aktyorun rol oynama bacarığı sayəsində onlar inandırıcı görünürlər. Jake obrazını canlandırmış Tom Taylor da öz işinin öhdəsindən yaxşı gəlib. Əslində filmdə əsas rolu Roland deyil, məhz Jake canlandırır. Roland ilə Walter isə sadəcə olaraq yaxşı ilə şər qüvvə funksiyalarını daşıyırlar. Buna bənzər digər filmlərdən fərqli olaraq “The Dark Tower”da olan azyaşlı uşaq obrazı Jake, izləyicini heç qıcıqlandırmır. Əksinə o öz qəhrəmanlığı ilə maraq cəlb edir. Təəssüflər olsun ki, filmdə bu 3 personajdan başqa yadda qalan obraz yoxdur. Belə ki, digər obrazlar çox şablondurlar və ümumiyyətlə xarakterə sahib deyillər. Filmdə atışma səhnələrinə az rast gəlinsə də, onlar effektli şəkildə reallaşdırılıblar. Roland-ın silah ilə necə davranmasına təəccüblənməmək mümkün deyil. Filmin sonu isə şablon və öncədən anlaşılandır. Yəni bu baxımdan nəsə sürpriz gözləməyə dəyməz.
    Nəticə etibarilə demək lazımdır ki, bu dəfə Stephen King-in romanı əsasında çəkilmiş film müəyyən mənada alınmadı. Lakin buna baxmayaraq onu izləməyə dəyər. Ən azından adını çəkdiyim aktyorların öz rollarını necə canlandırdıqlarını görmək maraqlıdır. Bu film məhz onların hesabına baxılır və müəyyən müddətlik yadda qalır. Hələ filmdə Roland-ın dəfələrlə Atıcılar Kodeksinin şüarını təkrarlamasını demirəm. Bəzilərini bu şüarın tez-tez təkrarlanması qıcıqlandıra bilər. Lakin şəxsən mənim qanımda o, adrenalini qaldırırdı. Roman pərəstişkarları üçün bu filmi məsləhət görüb-görməməyi bilmirəm. Fikrimcə onlar bu filmə baxan zaman məyusluq hissi keçirəcəklər. Roman ilə yaxından tanış olmayan izləyici üçün isə bu bir dəfəlik filmdir. Yəni dostlarınızla maraqlı zaman keçirtmək və orta səviyyəli maraqlı film izləmək istəyirsinizsə, bu filmə fikirləşmədən gedə bilərsiniz. Gələn il “The Dark Tower” əsasında televiziya serialının çəkilişləri başlayacaq. Fikrimcə bu cür roman üçün televiziya serialı tamamilə uyğun gəlir və ümid edirəm ki, o bu filmdən daha uğurlu olacaq. Lakin bütün bunlara baxmayaraq filmi izləyəndən sonra Stephen King-in fəaliyyəti ilə yaxından tanış olmaq istəyirsən və ilk öncə bu böyük romanı oxumaq arzusu yaranır. Bu isə öz növbəsində artıq yaxşı nəticədir. “The Dark Tower” filmini, ParkCinema kinoteatrlar şəbəkəsində izləyə bilərsiniz. Filmin seansları haqqında məlumatları isə ParkCinema-nın saytından əldə etmək mümkündür. Onu da qeyd edək ki, gələn həftə ParkCinema-nın, Park Bulvar-da yerləşən kinotetrında yeni LaseR zalının açılışı olacaq. Xüsusi lazer proyektoru vasitəsilə siz filmləri daha dolğun rəngdə izləyə biləcəksiniz. Yeni nəsil proyektor, izləyiciyə daha aydın və rəngli görüntünü təqdim edəcək.
    Paylaş
    Bənzər xəbərlər