main-post-cover

    'The Mummy' filmi (İCMAL)

    Digər
    Oyun və Film
    09.06.2017
    Farid Pardashunas
    Əgər yadınızdadırsa 2014-cü ildə baş rolda Luke Evans-ın oynadığı “Dracula Untold” filmi çıxmışdı. Həmin film ilə Universal Pictures studiyası özünün mistik dünyasını yaratmaq istəyirdi. Həmin mistik dünya isə Dark Universe adlanır. Onun adı həmçinin yeni çıxmış “The Mummy” filminin əvvəlində də qeyd olunub. Lakin “Dracula Untold” filmi nədənsə uğursuz alındığı üçün studiya onu Dark Universe-ə daxil etmək fikrindən daşındı və bunu növbəti filmdə etməyi planlaşdırdı. Bu film isə “The Mummy” idi. Qeyd etmək lazımdır ki, Dark Universe dünyasına həmçinin Frankenşteyn, gözəgörünməz adam və canavar adam kimi maraqlı personajlar daxil olacaq. Bu icmalda mən bir neçə dəfə yeni filmi, 1999-cu ildə böyük ekranlara çıxmış “The Mummy” filmi ilə müqayisə edəcəm. Çünki yeni film, köhnə versiyaya bir çox faktorlar cəhətdən uduzur və fikrimcə bunun ən əsas səbəblərindən biri də onun Dark Universe dünyasına daxil olmasıdır. Belə ki, hansısa bir filmin müəyyən uydurulmuş dünyaya daxil edilməsi nəticəsində həmin filmin daxilində yeni dünya haqqında məlumat verməli olursan. Bu səbəbdən də filmin əsas mövzusu zərər çəkir və buna görə də öz potensialını tam olaraq təqdim edə bilmir. Fikrimcə yeni film, Dark Universe-ə daxil olma planından tamamilə kənar tərzdə çəkilsəydi daha maraqlı bir məhsul alına bilərdi. Burda həmçinin rejissor bacarığı da vacib rol oynayır. “The Mummy” fiminin yeni versiyasını Alex Kurtzman ekranlaşdırıb. O isə öz növbəsində təcrübəsi az olan rejissorlar siyahısına daxildir. Bu filmdə də onun təcrübəsizliyi müəyyən mənada əks olunub. Artıq qeyd etdiyim kimi yeni film, köhnə versiyaya bir sıra faktorlar baxımından uduzur. Bu faktorlar siyahısında ümumi filmin abu-havası, baş obrazlar, mənfi rol obrazı, süjet xəttinin sanki 4 divar daxilində sıxışdırılması və s. var. Lakin əsas icmala keçməmişdən öncə yeni filmin süjet xətti barədə qısa bir məlumat verim. Günlərin birində İraqda keçirilən hərbi əməliyyat zamanı Nick Morton (Tom Cruise) gizli bir məqbərə aşkar edir. O öz dostu Chris (Jake Johnson) və arxeoloq Jenny Halsey (Annabelle Wallis) ilə birlikdə həmin məqbərəyə daxil olurlar. Nəticədə onlar 3000 yaşı olan bir sarkofaq aşkar edirlər. Məlum olur ki, onun daxilində faraonun qızı Ahmanet-in (Sofia Boutella) mumiyalaşdırılmış cəsədi var. Sonradan Ahmanet dirilir və bütün dünyanı ələ keçirtməyə çalışır.
    Deməli yeni filmin ilk mənfi cəhətlərindən biri onun abu-havasıdır. Əgər yadınızdadırsa 1999-cu ildə çıxmış “The Mummy” filmində qədim Misir abu-havası var idi və bu abu-hava adama xüsusi zövq verirdi. Lakin yeni film bu abu-havadan tamamilə məhrumdur. Keçmiş filmdə hadisələr Misirin müxtəlif yerlərində cərəyan edirdi. Lakin yeni versiyada Misir epizodları nəinki yalnız flashback səhnələrdə çıxış edir, həmçinin Londonda hadisənin davamı ümumiyyətlə yersiz görünür. Yəni hadisələr ümumilikdə bir yerdə cərəyan edir. Bu baxımdan filmin süjet xətti, 4 divar arasında sıxışdırılma problemindən əziyyət çəkir. Vizual effektlər yaxşı şəkildə reallaşdırılıb. Baxmayaraq ki, filmdə maraqlı vizual effektlər azdır, ən azından bu işin öhdəsindən normal şəkildə gəlinib. Lakin buna baxmayaraq daha çox maraqlı səhnələri görmək istəyərdim. Baş personajların mumiya ilə ilk qarşılaşmaları ümumiyyətlə heç xoşuma gəlmədi. Keçmiş filmdə personajların Imhotep-lə ilk qarşılaşmalarını yadınıza salın. Həmin səhnələr mükəmməl şəkildə reallaşdırılmışdı. Imhotep diriləndən sonra insanların üzərinə çəyirtkələri və qəribə qara rəngdə qurdları göndərmişdi. 1999-cu ildəki kompüter qrafikasının indiki kimi inkişaf etmədiyini nəzərə alsaq həmin epizodlar o dərəcədə mükəmməl şəkildə çəkilmişdi ki, indiyənə kimi həmin səhnələr yaddaşlardadır. Ümumilikdə Imhotep-in mumiyalaşdırılma və dirilmə proseslərini yadımıza salaq. İlk öncə onun dilini kəsib sonra sarğıya bürüyüb sarkofaqa yerləşdirmişdilər. Hələ bu az deyilmiş kimi onun üzərinə həmin qara qurdları da tökmüşdülər. Lakin yeni hissədə belə bir effektli mumiyalaşdırma səhnəsi yoxdur. Imhotep-in dirilməsi də çox maraqlı tərzdə baş vermişdi. Baş personajlar Ölülər kitabını oxuyandan sonra o dirilmişdi. Lakin yeni versiyada Ahmanet-in hətta dirilmə prosesi belə məntiqsiz və effektli deyil. Keçmiş filmlərdə bizi özünə sevdirən müəyyən bir şarm və qaranlıq abu-hava var idi və həmin qaranlıq abu-hava izləyicini qorxudurdu. Ümumilikdə Tom Cruise-un canlandırdığı  Nick Morton, tipik və heç nədən qorxmadan irəli gedən hərbçi obrazıdır. Ondan nəsə artıq bir şey gözləməyə ehtiyac yoxdur. Keçmiş filmə nəzər salsaq görərik ki, aktyor Brendan Fraser-in canlandırdığı personajın tək xarizması nəyə desən dəyər. Arxeoloq qadın Jenny isə ümumiyyətlə heç nəyi ilə yadda qalmır. Nick-in öz dostu Chris ilə olan söhbətləri fikrimcə çox mənasız və qıcıqlandırıcı alınıb. Məni həmin söhbətlər film boyu qıcıqlandırırdı. Bəlkədə onlar filmdə ümumiyyətlə olmamalı idilər. Filmdə yadda qalan isə Russel Crowe-nun canlandırdığı professor Henry Jekyll obrazı və mumiyanın özüdür. Russel Crowe ümumiyyətlə istənilən filmə öz rəngarəngliyini qata bilən aktyorlardan biridir. Onun filmdəki obrazı haqqında danışmaq istərdim. Lakin bu spoiler olduğu üçün onun barəsində heçnə deyə bilməyəcəm. Bu filmin ilk məlumatları arasında mumiyanı məhz qadın canlandıracağını biləndə bir qədər təəccüblənmişdim. Əslində yeni filmdə mumiya öz qorxutmaq qabiliyyəti və ya xarizması ilə deyil, cazibədarlığı ilə yadda qalır. Bəli gözəl aktrisa Sofia Boutella hətta mumiya obrazında belə, gözəl və cazibədar görünür. Lakin bütün bunlara baxmayaraq o, keçmiş filmdə olmuş Imhotep personajından geri qalır. Aktyorluq qabiliyyətinə gəldikdə isə Sofia, mumiya obrazında ümumiyyətlə heç bir aktyorluq qabiliyyəti sərgiləmir. Sanki çəkiliş meydançasında ondan bu xüsusiyyət heç tələb olunmurdu. Görünür gözəllik və cazibədarlıq əsas faktorlar deyil. Filmdə olan zarafatların bir çox hissəsi fikrimcə yerində işlədilməyib. Bəli keçən filmdədə zarafatlar var idi. Lakin onlar lazım olan yerdə işlədilirdi. Yeni filmin bəzi anlarında bu prinsip işləyir, bəzi anlarında isə işləmir. Vizual effektlər vasitəsilə canlandırılmış digər mumiyalar isə “World War Z” filmindəki zombiləri xatırladır. Yeni filmdə daha çox mumiya görmək istərdim amma bu baş vermədi.
    Bütün bu mənfi cəhətlərin fonunda film heç yadda qalmır. 1999-cu ildə təqdim olunmuş film indiyənə kimi sevilir və ona dəfələrlə təkrar-təkrar baxırlar. Lakin yeni filmi izlədikdən 2-3 gün sonra o sizin yadınızdan çıxacaq. Keçmiş filmdə əsas personajların kiçik də olsa tarixçələri var idi. Biz əsas personajların həyat yolunu və müəyyən vəziyyətə necə gəldiklərini bilirdik. Lakin yeni filmdə bunların heç biri yoxdur. Filmin ortasında mövzu, Dark Universe mövzusuna inteqrasiya edən zaman isə filmin əsas süjet xətti bundan zərər çəkir. Sanki ssenaristlərin ideyaları ssenari yazan zaman tükənmişdi. Buna görədə onlar fikirləşdilər ki, gəlin Dark Universe mövzusunu salaq və əsas mövzu ilə bir təhər birləşdirərik. Lakin məsələ burasındadır ki, həmin bir təhər prinsipi o dərəcədə bərbad reallaşdırılıb ki, filmin əsas süjet xətti tamamilə yaddan çıxır və izləyici tamamilə başqa bir mövzuya fokuslanır. Dark Universe mövzusu fikrimcə bu filmdə tamamilə lazımsız bir faktordur. Əgər o olmasaydı və filmin əsas süjet xəttinə daha çoxlu diqqət ayrılsaydı nəticədə maraqlı bir film alına bilərdi. Lakin müasir Hollywood-da hər bir studiyanın, Marvel və ya DC Comics kimi öz dünyalarını yaratmaq istəməsi heç də hər zaman uğura aparan ideya deyil. Yekun nəticə olaraq qeyd etmək lazımdır ki, yeni “The Mummy” filmi nə öz abu-havası ilə, nədəki maraqlı süjet xətti ilə keçmiş filmi geridə qoya bilmir. Bəlkədə yeni filmi sadəcə olaraq gözəl aktrisa Sofia Boutella-nın xətrinə baxmaq olar. Çünki qadın timsalında canlandırılmış ən cazibədar və gözəl mumiya rolu məhz Sofia Boutella-ya məxsusdur. Qeyd etmək lazımdır ki, filmi IMAX formatında izləməyi məsləhət görürəm. Vizual effektlər az olsa da, onları və digər action səhnələri IMAX formatında izləmək mənə bir başqa zövq verdi. Əgər filmi IMAX formatında izləmək istəyirsinizsə, onda ParkCinema IMAX kinoteatrına bunu edə bilərsiniz. Filmin seansları haqqında ətraflı məlumatları isə ParkCinema-nın saytından əldə etmək mümkündür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər