'Valerian and the City of a Thousand Planets' filmi (İCMAL)

13.08.2017 0 PAYLAŞIM 424 OXUNMA

Rejissor Luc Besson-un fəaliyyət dövrünə baxsaq görərik ki, bu insan bizlərə “Leon”, “Angel-A” və “The Fifth Element” kimi şahəsər filmləri bəxş edib. Onun adı hallandıqda isə ağıla ilk gələn film məhz “The Fifth Element”dir. 20 il bundan öncə o bu film ilə dünya kinematoqrafına öz adını qızıl hərflərlə yazdırdı. Besson-un özünməxsus tərzini sezməmək mümkün deyil. Məhz həmin tərzin hesabına “The Fifth Element” filmi indiyənə kimi sevilir və dəfələrlə izlənilir. Valerian and the City of a Thousand Planetsfilmi onun 20 il əvvəl çəkmək istədiyi arzusundakı film idi. Lakin həmin dövrdə texnoloji imkanlar qısıdlı olduğu üçün Besson, məhz indi bu filmi bizlərə təqdim etdi. Qeyd etmək lazımdır ki, “Valerian and Laureline”, Fransada çox məşhur olan komiks seriyasıdır və bir çoxları bu komiksləri oxuyaraq böyüyüb. Yeni film isə bu komiks əsasında çəkilib. Lakin Fransa kinematoqrafı tarixində ən bahalı film hesab olunan “Valerian and the City of a Thousand Planets” nə dərəcədə uğurlu alındı?


Əslində bu filmi izləyən zaman çox halda “The Fifth Element” filmini xatırlayırsan. Luc Besson həmişə fantastik dünyaları mükəmməl şəkildə əks etdirib. Onun çəkdiyi bu iki film buna sübutdur. İzləyici həmin dünyaya və onun sakinlərinə aşiq olur. Besson-un yaratdığı fantastik dünyalar, digər filmlərdəkindən tamamilə fərqlənirlər. Belə ki, Besson həmin dünyaları monoton və sıxıcı etmir. Beləliklə bir anlıq izləyici həmin dünyalarda olmağı arzu edir. Yenə də burda Besson-un özünəməxsus tərzi öz sözünü deyir. Ümumilikdə götürəndə yeni film çox maraqlı və zövqvericidir. Lakin təbii ki, onun da öz mənfi cəhətləri var. Lakin əsas icmala keçid etməmişdən öncə filmin süjet xətti barəsində qısa məlumat verim. Film, Valerian və Laureline adlı iki casusdan bəhs edir. Onlar qalaktikanın müxtəlif yerlərindən gələn müxtəlif yadplanetlilərin olduğu Alpha planetinə yollanırlar. Nəticədə onlar maraqlı və təhlükəli hadisələrin mərkəzinə düşürlər. Kimsə Alpha (Min Planetlər Şəhəri) planetində hakimiyyəti ələ keçirtmək istəyir. Valerian və Laureline isə bunun qarşısını almalıdırlar.

Qeyd etmək lazımdır ki, film özü çox möhtəşəm tərzdə və əfsanəvi David Bowie-nin Space Oddity mahnısı ilə başlayır. Filmin start tərzi artıq izləyicini cəlb edir və izləyici bütün diqqətini filmə yönəldir. Başlıq barəsində spoiler vermək istəmirəm. Sadəcə olaraq onu deyə bilərəm ki, həmin səhnədə insan sivilizasiyasının planetar növ olma prosesi göstərilib. Təkcə həmin maraqlı başlığa görə artıq Besson-a çox sağol demək lazımdır. Bu filmdə kompüter qrafikasına söz ola bilməz. Alpha planeti maraqlı tərzdə yaradılıb və orda müxtəlif növ yadplanetli canlılar yaşayır. Filmdə yadplanetli canlılar da öz müxtəliflikləri ilə heyran edir. Onlar çox hallarda maraqlı və gülməlidirlər. Məhz bu müxtəliflik filmə bir başqa şarm verir. Vizual cəhətdən hər şey detallı şəkildə hazırlanıb. Bu baxımdan heç bir mənfi fikir yoxdur. Fikrimcə filmin əsas mənfi cəhəti məhz baş personajlardır. Belə ki, ekranda Valerian və Laureline əks olunan kimi izləyiciyə məlumat verilir ki, onlar casusdurlar. Yəni onların keçmişləri və xarakterləri haqqında məlumat verilmir. Maraqlısı ondadır ki, Besson, müxtəlif yadplanetli canlılar haqqında məlumatları filmdə yerli-yerində yerləşdirib. Onlar haqqında hər bir məlumat film vasitəsilə izləyiciyə ötürülür. Lakin baş qəhrəmanlar haqqında bildiyimiz tək şey onların casus olmalarıdır.


Yəni başqa sözlə desək, Besson, ətraf dünyanın detallarına daha çox diqqət ayırıb, nəinki baş personajlara. Laureline obrazını canlandırmış Cara Delevingne öz gözəlliyi və sərtliyi ilə müəyyən mənada rolunun öhdəsindən gəlsə də, Valerian obrazını canlandırmış Dane DeHaan fikrimcə bu rola heç uymayıb. Burda problem onun aktyorluq bacarıqlarında deyil. Sadəcə olaraq filmdə o sanki hər dəqiqə qəhrəmanlıq etməyə çalışan 18 yaşlı gəncə bənzəyir. Bu isə müəyyən anlarda izləyicini qıcıqlandıra bilər. Xüsusilə yadda qalan isə təbii ki, müğənni Rihanna-nın iştirakı ilə olan səhnədir. Filmdən sonra baş qəhrəmanlar deyil, məhz o, yaddaşda həkk olunur. Rihanna-nın filmdəki müxtəlif obrazları və həmin obrazlarda rəqsi, bəlkə də filmdə olan digər özəlliklər arasından fərqlənir. Vizul affektlərin sayəsində filmdə çox maraqlı və həyəcanlı səhnələr var və onlar çoxluq təşkil edirlər. Film bir növ əyləncə parkını xatırladır. İzləyici isə hər dəqiqə bundan zövq alır. Əsasən də hadisələr təkcə bir yerdə cərəyan etmir. İzləyiciyə bir sıra planetlər də təqdim olunur. Əsas hadisələr Alpha-da cərəyan etsə də, Alpha özü müxtəlif zonalardan və həmin zonalarda yaşayan müxtəlif yadplanetlilərdən ibarətdir. Bu baxımdan izləyici heç darıxmır. Filmdə yumor ilə də hər şey yaxşıdır. Lakin bəzi anlarda Valerian ilə Laureline-nin etdikləri zarafatlar bir qədər yersiz görünür. Belə ki, həmin aktyorların özləri komik obraz canlandırmaq da çətinlik çəkirlər.

Nəticə etibarilə demək olar ki, əgər siz, “The Fifth Element” tərzində film izləmək istəyirsinizsə, onda “Valerian and the City of a Thousand Planets” filminə heç düşünmədən gedə bilərsiniz. Maraqlı vizual effektlər sayəsində yaradılmış dünya və müxtəlif yadplanetli növləri sizləri əyləndirəcək. Əslində film ərzində onlar sizləri heç darışmağa belə qoymayacaqlar. Bu film sanki onlar haqqında çəkilmiş sənədli filmə bənzəyir. Yerdə qalan özəlliklər isə sanki ikinci dərəcəli xüsusiyyət daşıyır. Besson, çox maraqlı və rəngarəng bir dünya yaratdı. Lakin onun fonunda çıxış edən baş personajlara zaman ayırmaq baxımından o diqqətsiz yanaşdı. Filmin əsas problemi də budur. Filmdən sonra izləyicinin yaddaşında məhz rejissorun yaratdığı dünya qalacaq. Baş personajlar isə bu böyük fonda çıxış edən adi insanlar kimi yaddaşda həkk olunur. Bundan əlavə demək istəyirəm ki, mən bu filmi, Park Bulvarda yerləşən ParkCinema kinoteatrında yenicə istifadəyə verilmiş LaseR zalında izlədim. Onu deyə bilərəm ki, yeni nəsil proyektorların sayəsində bu film daha dolğun rənglərə sahib olur. Əgər filmi izləmək istəsəniz, məhz bu zalda izləyin. Dolğun rənglərin hesabına filmdəki vizual effektlər daha yaxşı hiss olunur və izləyici bu əyləncə parkından böyük zövq alır. Bu cür imkanı isə yalnız ParkCinema verir. Filmin seansları haqqında məlumatları, ParkCinema-nın saytından əldə edə bilərsiniz.