
'Valerian and the City of a Thousand Planets' filmi (İCMAL)
Oyun və Film
13.08.2017
Emil
Rejissor Luc Besson-un fəaliyyət dövrünə baxsaq görərik ki,
bu insan bizlərə “Leon”, “Angel-A” və “The Fifth Element” kimi şahəsər filmləri
bəxş edib. Onun adı hallandıqda isə ağıla ilk gələn film məhz “The Fifth
Element”dir. 20 il bundan öncə o bu film ilə dünya kinematoqrafına öz adını
qızıl hərflərlə yazdırdı. Besson-un özünməxsus tərzini sezməmək mümkün deyil. Məhz
həmin tərzin hesabına “The Fifth Element” filmi indiyənə kimi sevilir və dəfələrlə
izlənilir. “Valerian and the
City of a Thousand Planets” filmi onun 20 il əvvəl çəkmək istədiyi
arzusundakı film idi. Lakin həmin dövrdə texnoloji imkanlar qısıdlı olduğu üçün
Besson, məhz indi bu filmi bizlərə təqdim etdi. Qeyd etmək lazımdır ki, “Valerian
and Laureline”, Fransada çox məşhur olan komiks seriyasıdır və bir çoxları bu
komiksləri oxuyaraq böyüyüb. Yeni film isə bu komiks əsasında çəkilib. Lakin Fransa
kinematoqrafı tarixində ən bahalı film hesab olunan “Valerian and the City of a Thousand Planets”
nə dərəcədə uğurlu alındı?

Əslində
bu filmi izləyən zaman çox halda “The
Fifth Element” filmini xatırlayırsan. Luc Besson həmişə fantastik dünyaları mükəmməl
şəkildə əks etdirib. Onun çəkdiyi bu iki film buna sübutdur. İzləyici həmin
dünyaya və onun sakinlərinə aşiq olur. Besson-un yaratdığı fantastik dünyalar,
digər filmlərdəkindən tamamilə fərqlənirlər. Belə ki, Besson həmin dünyaları
monoton və sıxıcı etmir. Beləliklə bir anlıq izləyici həmin dünyalarda olmağı
arzu edir. Yenə də burda Besson-un özünəməxsus tərzi öz sözünü deyir. Ümumilikdə
götürəndə yeni film çox maraqlı və zövqvericidir. Lakin təbii ki, onun da öz mənfi
cəhətləri var. Lakin əsas icmala keçid etməmişdən öncə filmin süjet xətti barəsində
qısa məlumat verim. Film, Valerian və Laureline adlı iki casusdan bəhs edir.
Onlar qalaktikanın müxtəlif yerlərindən gələn müxtəlif yadplanetlilərin olduğu
Alpha planetinə yollanırlar. Nəticədə onlar maraqlı və təhlükəli hadisələrin mərkəzinə
düşürlər. Kimsə Alpha (Min Planetlər Şəhəri) planetində hakimiyyəti ələ keçirtmək
istəyir. Valerian və Laureline isə bunun qarşısını almalıdırlar.
Qeyd etmək
lazımdır ki, film özü çox möhtəşəm tərzdə və əfsanəvi David Bowie-nin “Space Oddity” mahnısı ilə
başlayır. Filmin start tərzi artıq izləyicini cəlb edir və izləyici bütün diqqətini
filmə yönəldir. Başlıq barəsində spoiler vermək istəmirəm. Sadəcə olaraq onu
deyə bilərəm ki, həmin səhnədə insan sivilizasiyasının planetar növ olma
prosesi göstərilib. Təkcə həmin maraqlı başlığa görə artıq Besson-a çox sağol
demək lazımdır. Bu filmdə kompüter qrafikasına söz ola bilməz. Alpha planeti
maraqlı tərzdə yaradılıb və orda müxtəlif növ yadplanetli canlılar yaşayır.
Filmdə yadplanetli canlılar da öz müxtəliflikləri ilə heyran edir. Onlar çox
hallarda maraqlı və gülməlidirlər. Məhz bu müxtəliflik filmə bir başqa şarm
verir. Vizual cəhətdən hər şey detallı şəkildə hazırlanıb. Bu baxımdan heç bir
mənfi fikir yoxdur. Fikrimcə filmin əsas mənfi cəhəti məhz baş personajlardır.
Belə ki, ekranda Valerian və Laureline əks olunan kimi izləyiciyə məlumat
verilir ki, onlar casusdurlar. Yəni onların keçmişləri və xarakterləri haqqında
məlumat verilmir. Maraqlısı ondadır ki, Besson, müxtəlif yadplanetli canlılar
haqqında məlumatları filmdə yerli-yerində yerləşdirib. Onlar haqqında hər bir məlumat
film vasitəsilə izləyiciyə ötürülür. Lakin baş qəhrəmanlar haqqında bildiyimiz
tək şey onların casus olmalarıdır.

Yəni başqa sözlə desək, Besson, ətraf
dünyanın detallarına daha çox diqqət ayırıb, nəinki baş personajlara. Laureline
obrazını canlandırmış Cara Delevingne öz gözəlliyi və sərtliyi ilə müəyyən mənada rolunun öhdəsindən gəlsə də, Valerian obrazını canlandırmış Dane DeHaan
fikrimcə bu rola heç uymayıb. Burda problem onun aktyorluq bacarıqlarında
deyil. Sadəcə olaraq filmdə o sanki hər dəqiqə qəhrəmanlıq etməyə çalışan 18
yaşlı gəncə bənzəyir. Bu isə müəyyən anlarda izləyicini qıcıqlandıra bilər. Xüsusilə
yadda qalan isə təbii ki, müğənni Rihanna-nın iştirakı ilə olan səhnədir. Filmdən
sonra baş qəhrəmanlar deyil, məhz o, yaddaşda həkk olunur. Rihanna-nın filmdəki
müxtəlif obrazları və həmin obrazlarda rəqsi, bəlkə də filmdə olan digər özəlliklər
arasından fərqlənir. Vizul affektlərin sayəsində filmdə çox maraqlı və həyəcanlı
səhnələr var və onlar çoxluq təşkil edirlər. Film bir növ əyləncə parkını
xatırladır. İzləyici isə hər dəqiqə bundan zövq alır. Əsasən də hadisələr təkcə
bir yerdə cərəyan etmir. İzləyiciyə bir sıra planetlər də təqdim olunur. Əsas
hadisələr Alpha-da cərəyan etsə də, Alpha özü müxtəlif zonalardan və həmin
zonalarda yaşayan müxtəlif yadplanetlilərdən ibarətdir. Bu baxımdan izləyici
heç darıxmır. Filmdə yumor ilə də hər şey yaxşıdır. Lakin bəzi anlarda Valerian
ilə Laureline-nin etdikləri zarafatlar bir qədər yersiz görünür. Belə ki, həmin
aktyorların özləri komik obraz canlandırmaq da çətinlik çəkirlər.

Nəticə etibarilə demək olar ki, əgər siz, “The Fifth Element”
tərzində film izləmək istəyirsinizsə, onda “Valerian and the City of a Thousand Planets” filminə heç düşünmədən
gedə bilərsiniz. Maraqlı vizual effektlər sayəsində yaradılmış dünya və müxtəlif
yadplanetli növləri sizləri əyləndirəcək. Əslində film ərzində onlar sizləri
heç darışmağa belə qoymayacaqlar. Bu film sanki onlar haqqında çəkilmiş sənədli
filmə bənzəyir. Yerdə qalan özəlliklər isə sanki ikinci dərəcəli xüsusiyyət
daşıyır. Besson, çox maraqlı və rəngarəng bir dünya yaratdı. Lakin onun fonunda
çıxış edən baş personajlara zaman ayırmaq baxımından o diqqətsiz yanaşdı.
Filmin əsas problemi də budur. Filmdən sonra izləyicinin yaddaşında məhz
rejissorun yaratdığı dünya qalacaq. Baş personajlar isə bu böyük fonda çıxış edən
adi insanlar kimi yaddaşda həkk olunur. Bundan əlavə demək istəyirəm ki, mən bu
filmi, Park Bulvarda yerləşən ParkCinema kinoteatrında yenicə istifadəyə
verilmiş LaseR zalında izlədim. Onu deyə bilərəm ki, yeni nəsil proyektorların
sayəsində bu film daha dolğun rənglərə sahib olur. Əgər filmi izləmək istəsəniz,
məhz bu zalda izləyin. Dolğun rənglərin hesabına filmdəki vizual effektlər daha
yaxşı hiss olunur və izləyici bu əyləncə parkından böyük zövq alır. Bu cür
imkanı isə yalnız ParkCinema verir. Filmin seansları haqqında məlumatları,
ParkCinema-nın saytından əldə edə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
