
'War for the Planet of the Apes' filmi (İCMAL)
Oyun və Film
14.07.2017
Emil
“Bədbəxtlik, insanın heyvandan əmələ gəlməsi deyil. Bədbəxtlik
onun heyvan kimi qalmasındadır. Kobud, hirsli, ağılsız”.
Rus yazıçısı və fantast Aleksandr Belyayev-in “Amphibian Man” romanından.
“War for
the Planet of the Apes” filminin məğzini bu sitat kimi mükəmməl
aydınlatan digər bir sitat bəlkə də yoxdur. Bu filmi çox səbrsizliklə gözləyirdim.
Çünki əvvəlki 2 film əla şəkildə reallaşdırılmışdı. Nəticədə seriyanın sonuncu
filminə baxdım və deyə bilərəm ki, o mənim bütün gözləntilərimi qarşıladı.
Lakin icmalı oxuyan və bu filmə baxmaq istəyən insanlara məsləhət görürəm ki,
yeni filmə baxmadan öncə mütləq əvvəlki 2 filmi də izləsinlər. Çünki yeni
filmin ortalarına yaxın zaldan çıxmaq ehtimalınız ola bilər. Burda məsələ bir qədər
başqa cürdür. Belə ki, “War for the Planet of the Apes” özündə dərin sosioloji
mövzunu və ismarıcı daşıyan bir filmdir. Müəyyən mənada onu intellektual film
hesab etmək olar. Bu sizin üçün sizi bol action səhnələr ilə əyləndirən “Transformers”
film seriyası deyil. Bu tamamilə ciddi və dramatik bir filmdir. Bu film, 2
canlı növün bir-birilə qarşıdurması haqqında olan filmdir. Filmin demək olar
ki, CGI qrafika ilə çəkilməsinə baxmayaraq ekranda baş verən hadisələri tam
real şəkildə qəbul edirsən və bu baxımdan filmdə olan bütün personajlara qarşı acıyırsan.
Bu seriyanın birinci filmi, hadisələri əsasən insanlar nöqteyi nəzərdən bəhs
edilirdi. İkinci filmdə isə bu proses meymunlar tərəfdən oldu. Sonuncu filmdə
isə fikrimcə, mövzu hər iki tərəfdən öz əksini tapdı. Lakin yenə də meymunlara
daha çox üstünlük verildi. Çünki yeni filmdə onların yaşadıqları hadisələr,
dramatik müharibə filmlərində günahsız insanların yaşadıqları hadisələrə bənzəyir.
Ümumiyyətlə rejissor Matt Reeves, mükəmməl bir iş gördü. O öz filmində bir sıra
janrı əks etdirdi və bununla yanaşı ilk baxışdan fantastik bir film görünməsinə
baxmayaraq onu əsl müharibə filmi kimi izləyiciyə təqdim etdi. Nəticədə filmi
izləyən zaman onun fantastik bir film deyil, məhz real müharibə filmi olduğu
hissi yaranır. Bildiyiniz kimi isə hər bir müharibənin sərt şərtləri olur. Nəticədə
güclü olan sağ qalır. İndi isə gəlin filmin süjet xətti haqqında kiçik məlumat
verim. Dünyada baş vermiş ölümcül virus nəticəsində dünya əhalisinin çox hissəsi
məhv olub. Meymunlar sivilizasiyası isə böyüməkdə və inkiaşf etməkdə davam
edir. Onlar öz sakit həyat tərzlərini yaşayırlar. Lakin insanlar onları rahat
buraxmır və onları məhv etmək istəyirlər. Meymunların başçısı Caesar, öz
doğmaları üçün daha yaxşı yaşayış yeri tapmalıdır. Bu ərəfədə isə insan növünün
nümayəndəsi Polkovnik, vəhşi hərəkəti ilə insanlar və meymunlar arasındakı
müharibəyə start verir.

Əvvəlki 2 film öz kompüter qrafikası ilə hamını heyran
etmişdi. Sonuncu film də bu baxımdan istisna deyil. Meymunlar çox realistik
görünürlər. Qar dənəcikəri onların tüklərinə hopur və onların bədənlərindəki
yaralar açıq-aydın görünür. Qrafik cəhətdən filmin heç bir mənfi xüsusiyyəti
yoxdur. Action səhnələr çox yüksək səviyyədə reallaşdırılıb. Filmdə hər bir
partlayış və atəş özü ilə plüm gətirir. Real müharibədə olduğu kimi burdada əsirləri
öldürürlər. Hətta xeyirxah və sülh tərəfdarı olan Caesar da müəyyən anda caniləşir
və qan tökmək həvəsində olur. Bir söznən action və dramatik səhnələr filmdə mükəmməl
şəkildə əks olunub. Caesar rolunu canlandırmış aktyor Andy Serkis həmişəki kimi
öz işinin öhdəsindən mükəmməl şəkildə gəlib. Ümumiyyətlə CGI vasitəsilə əsl
insan emosiyalarını personaja ötürmək nə dərəcədə çətindir bilmirəm. Amma deyə
bilərəm ki, Andy Serkis bu barədə əsl professionaldır. Əslində filmdə nəinki
Caesar, hətta bütün meymun personajları mükəmməl səviyyədə əks olunub. Nəticədə
hər bir meymun, rolunun kiçik və ya böyük olmasından asılı olmayaraq yadda
qalır. Caesar, müdrik, ağıllı və lazım gəldikdə öz doğmaları uğrunda canından
keçən bir personaj kimi izləyiciyə təqdim olunub. Əsl lider isə məhz belə
olmalıdır. Oranqutan Maurice, xeyirxah, səmimi və xarizmatik personajdır. Bad
Ape isə gülməli və yardımsevər biridir. Deidyim kimi bu filmdə meymunlar ən
yadda qalan personajlardır. Onlar o dərəcədə xarizmatikdirlər ki, onların
halına acımamaq qeyr-mümkündür. Woody Harrelson-un canlandırdığı Polkovnik mənfi
obrazı, digər filmlərdəki mənfi obrazlardan çox fərqlənir. Belə ki, filmdə onu
anlamaq olar. Çünki o da öz növünün sağ qalmasına çalışır. Yəni o müəyyən mənada
haqlı olan motivasiyaya sahibdir. Bu personaja gəldikdə isə o rəhmsiz,
soyuqqanlı və insan növünün sağ qalması üçün hər şeyi edəcək bir insandır. Woody
Harrelson bu rolun öhdəsindən əla şəkildə gəlib. Yəqinki bir çoxlarınız müharibə
filmlərində insanların çəkdikləri əziyyətləri görmüsünüz. Əsirlər üçün lagerlərdə
əsirlərə edilən zülmlər və s. İndi isə həmin şeyləri bu filmdə təsəvvür edin.
Lakin bir fərq ondadır ki, həmin əziyyətləri çəkən adi insanlar yox, məhz meymunlardır.
Ümumiyyətlə bu filmdə insan zorakılığının təbiəti mükəmməl şəkildə əks olunub.
Filmdə əsl vəhşi olanlar meymunlar deyil, insanlardır. Caesar onlara sülh təklif
etdi, onlara qarşı rəhmli oldu. Lakin insanlar, icmalın əvvəlində qeyd etdiyim
sitatdakı kimi davrandılar. “War
for the Planet of the Apes” bir növ “Schindler’s List” filmini xatırladır. Caesar özü isə Schindler
rolunu canlandırır. Bu cür oxşarlıq filmin sonuna yaxın daha çox hiss olunur.
Bundan əlavə olaraq yeni filmdə təbiət özü çox gözəl şəkildə əks olunub. Burda
şəlalələrə, qarlı dağlara rast gəlmək olar. Bu baxımdan operator işinə söz ola
bilməz.

İkinci filmdən fərqli olaraq yeni filmdə action və döyüş səhnələri
azdır. Çünki Matt Reeves, fantastik bir film deyil, müharibə dramını ərsəyə gətirib.
Bütün müsbət cəhətlərə baxmayaraq film bəzi mənfi cəhətlərə də sahibdir. Məsələn,
filmin orta hissəsi bir qədər uzadılıb və bu baxımdan izləyici müəyyən səviyyədə
darıxa bilər. Lakin ümumilikdə bu cür kiçik mənfi cəhətləri bağışlamaq olar və
onlar filmə olan müsbət fikri heç pozmur. “War for the Planet of the Apes” özündə dərin fəlsəfi və
sosioloji mövzunu daşıyan bir filmdir. Burda insan və insana bənzər növ
arasındakı ünsiyyətdən, qarşılıqlı əlaqədən danışılır. Kiçik bir elmi fakt: Şimpanze
ilə insan DNT-nin oxşarlığı 99%-dir. Yəni, bizi şimpanzelərdən fərqləndirən
göstərici həmin 1%-dir. Biz şimpanzelərdən qat-qat ağıllıyıq. Biz müsiqi bəstələyə,
rəsm çəkə, yüksək binalar tikə və s. edə bilirik. Lakin bir dəfə də olsun
düşünün ki, bizi onlardan daha ağıllı edən 1% göstərici bəlkə də heçdə böyük
bir fərq deyil? İndi isə başqa bir həyat forması düşünün və təsəvvür edin ki, o
bizdən 1% göstərici ilə üstündür. O halda biz həmin həyat forması üçün ağılsız
və primitiv canlılar olarıq. Yekun olaraq demək istəyirəm ki, əgər siz dərin fəlsəfi,
sosioloji və müharibə dramı mövzusunu özündə birləşdirən bir film izləmək istəyirsinizsə,
onda heç fikirləşmədən “War for the Planet of the Apes” filmini izləyə bilərsiniz.
Məsləhətim isə bu filmi məhz IMAX formatında izləməkdir. Çünki bu formatda siz
bu filmin bütün təbiət və CGI qrafikası gözəlliklərindən tam şəkildə həzz
alacaqsınız. Bakıda isə bu cür imkanı yalnız ParkCinema IMAX kinoteatrı təqdim
edir. Filmin seansları haqqında məlumatları ParkCinema-nın saytından əldə edə
bilərsiniz.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
