
'Wonder Woman' filmi (İCMAL)
Oyun və Film
06.06.2017
Emil
Ümumiyyətlə ilk trailerinin çıxmasından bəri “Wonder Woman” filminə
skeptik yanaşırdım. Səbəb isə onda idi ki, indiyənə kimi DC Comics əsasında çəkilmiş
demək olar ki, bütün filmlər (Christopher Nolan-ın trilogiyası bura daxil
deyil) uğursuz olmuşdur. İstər maliyyə cəhətdən, istərsə də izləyicilər və tənqidçilərin
fikirləri cəhətdən. Misal olaraq keçən ilki “Batman V Superman: Dawn of Justice” filmini gətirmək olar. Yəni “Wonder Woman” filmindən gözləntilərim
o qədər də yüksək deyildi. Lakin filmin premyerasından öncə onun Rotten
Tomatoes saytındakı reytinqini (93%) görəndə çox təəccübləndim. Çünki indiyənə
kimi Christopher Nolan-ın trilogiyasını hesaba almasaq, heç bir digər DC Comics
əsasında çəkilmiş film bu qədər reytinq yığmayıb. Bu cür inanılmaz hadisədən
sonra filmə ümidlərim yenidən yarandı. Nəticədə filmə baxdım və deyə bilərəm
ki, o məni sözün əsl və yaxşı mənasında təəccübləndirə bildi. Film məni o dərəcədə
qane etdi ki, sonda “DC Comics bunu bacardı” deməyim gəlirdi. Komiks sevən (əsasən
də DC Comics sevənlər üçün) insanlar üçün bu film əsl bayrama çevrildi deyə bilərəm.
Bəli bu film, Marvel komiks seriyasından olan bəzi özəllikləri təkrar edir.
Lakin o bunu Marvel-dən fərqli olaraq daha təbii, maraqlı və düzgün şəkildə
edib. “Wonder Woman”ı
izləyən zaman istər-istəməz Marvel-in “Captain America: The First Avenger” filmi yada düşür. Belə ki,
Marvel-in filmində də hadisələr müharibə dövründə cərəyan edirdi. Lakin o filmdə
İkinci Dünya Müharibəsi sanki yalnız bir fon kimi çıxış edirdi. Yəni müharibə təbii
şəkildə əks olunmamışdı. Lakin “Wonder Woman” filmində müharibə heç də fon
rejimində çıxış etmir. Burda müharibənin bütün fəsadları yaxşı tərzdə əks
olunub. Müharibə nəticəsində günahsız insanların əzabları, milyonlarla həyatlarını
itirmiş insanlar, insan həyatını qiymətləndirməyən siyasətçilər və s. Yəni ən
yaxşı hərbi dram filmlərində olan bəzi elementlər də bu filmdə iştirak edir. Və
həmin elementlər filmə mənfi təsir deyil, əksinə müsbət abu-hava və şarm verir.
İndi isə filmin süjet xətti barəsində kiçik bir məlumat verim. Diana (Wonder
Woman) bütün dünyanın nəzərlərindən gizlədilmiş bir adada həyat sürən
amazonkalar şahzadəsidir. Lakin günlərin birində həmin adaya bir təyyarə pilotu
düşür. Həmin pilotdan Diana öyrənir ki, adadan kənarda olan dünyada dəhşətli
müharibə hökm sürür. Beləliklə o, pilotla adanı tərk edir və müharibəyə son
qoymağa çalışır. Bu yolda o öz əsl yaradılışını öyrənir.

İlk öncə onu qeyd etmək istəyirəm ki, filmdə olan
personajların özlərini filmdə necə təqdim etməkləri və özlərinin kiçik süjet xətlərini
yaratmaları çox müsbət göstəricidir. Bu filmdə hətta ikinci dərəcələi bir
obrazın belə kiçik hekayəsi var. Diana öz cəsurluğu ilə həmin personajların nəticə
etibarilə dəyişməsinə gətirib çıxardır. Məsələn filmdə olan snayper Charlie
obrazı, gecə dəhşətli yuxular görən və çox içki içən biridir. Lakin Diana-nın cəsurluğunun
sayəsində o çoxdan etmədiyi bir şeyi (musiqi oxumaq) edir. Aktrisa Gal
Gadot-dan başqa Wonder Woman obrazında başqa birini canlandırmaq qeyri
mümkündür. O öz rolundan çox ustalıqla və mükəmməl şəkildə gəlib. Yeri gəldikdə
Diana, incə, xeyirxah qadın, digər tərəfdən də cəsarətli, insanları
ilhamlandıran, onları sevgiyə inandırmağa çalışan superqəhrəmana çevrilir. Gal
Gadot isə öz oyunçuluq bacarığı ilə bunu çox gözəl əks etdirir. Diana-nın yol
yoldaşı pilot Steve Trevor da (aktyor Chris Pine) Diana ilə birlikdə eyni dərəcədə
baş rolu canlandırır. O da Diana kimi hamıya kömək etməyi, müharibənin bitməsini
və lazım gələndə insanların xilası üçün ən riskli hərəkətlərə gedən obrazdır. Yəni
o, Diana-dan heç də arxa planda qalan biri deyil. Yeri gələndə o, döyüşlərdə
Diana-ya bacardığı qədər kömək edir və ona insanların əsl xarakterlərini,
onların çoxunun əslində heç də yaxşı olmadıqlarını başa salmağa çalışır. Filmin
əsas müsbət cəhəti, feminizm mövzusunun düzgün təsvir olunmasıdır. Bir çox
rejissorlar bu işdə səhvlərə yol verdikləri üçün filmlərdə onu lazımi tərzdə əks
etdirə bilmirlər. Lakin bu filmdə hər şey yerindədir. Kişilər burda heç də arxa
fon personajları kimi əks olunmayıblar. Onlar qadınlar kimi vacib rolu
canlandırırlar. Xeyr burda qadınların kişilərdən daha yaxşı olduqları kimi
xüsusiyyətlərə yol verilməyib. Məhz əsl feminizm də budur. Kişi ilə qadın eyni
problemi bir yerdə həll etməyə çalışır. Döyüş səhnələrinə gəldikdə isə onlar
xoreoqrafiya baxımından möhtəşəm şəkildə reallaşdırılıb. Slo-mo hissələr isə
mükəmməldirlər. Ola bilər ki, bəzi izləyiciləri slo-mo səhnələr bezdirsin.
Lakin şəxsən mən hər bir slo-mo səhnədən həzz aldım. Filmdə yumor hissəsi, qədərində
və düzgün şəkildə istifadə edilib. Ssenaristlər və rejissor, izləyicini filmin
hansı anında güldürmək, həyəcanda saxlamaq və dramatizmdən həzz almaq lazım
olduğunu yaxşı biliblər. Slo-mo səhnələrdən bezən zaman buyurun sizə gülməli
bir səhnə. Gülməli səhnələrdən bezdiyiniz zaman buyurun sizə dramatik bir səhnə.
Dramatizmdən bezdyiniz zaman isə buyurun sizə yenidən slo-mo iştirakı ilə möhtəşəm
döyüş səhnəsi. Yəni bu dairəvi sistem filmdə çox mükəmməl və professional şəkildə
çalışır. Filmdə olan zarafatlar sadə və gülməldiirlər. Məni məyus edən bircə
fakt ondan ibarətdir ki, filmin baş mənfi obrazına bir qədər az vaxt ayrılıb və
o öz potensialını göstərə bilmir. Onu daha fərqli tərzdə və bir qədər çox təqdim
etmək məncə daha məqsədəuyğun olardı. Lakin bu mənim şəxsi fikrimdir. Buna
baxmayaraq film bu xüsusiyyətə görə heç də mənfiyə doğru getmir.

Nəticə etibarilə demək lazımdır ki, “Wonder Woman” hər şeyi
yerli yerində olan filmdir. Burda siz yumora, dramatizmə, action-a rast gəlirsiniz.
Və bunlardan hər biri qədərində reallaşdırılıb. Bununla yanaşı izləyiciyə
feminizm məsələsini tamamilə düzgün şəkildə təqdim etdiyinə görə bu filmə
ayrıca bir alqış düşür. Əslində filmin əsas mövzusu feminizm deyil. Onun əsas
mövzusu müharibə, müharibənin yaratdığı fəsadlar və insan xarakteridir. Bütün
bu xüsusiyyətlərin fonunda Diana-nın hekayəsi izləyiciyə təqdim olunur. Və bu həyat
hekayəsi o dərəcədə harmonik və sadə şəkildə təqdim olunur ki, ondan həzz
almamaq mümkün deyil. Filmdən sonra belə bütün personajları xatırlayırsan. Hətta
ikinci dərəcəli personajları belə. Bu isə rejissorun, dramatizmi düzgün tərzdə əks
etdirməsinin bacarığıdır. Bəli bu dəfə DC Comics həqiqətən də həm təəccübləndirdi
və sevindirdi. Bu film ilə ümid edirsən ki, DC Comics üzrə filmlər heç də həmişə
uğursuz olmur. Sadəcə olaraq rejissor hansısa mövzunu düzgün şəkildə və
pafossuz izləyiciyə çatdırırsa bu artıq filmin uğurlu olmasından xəbər verir. Ümid
edirəm ki, “Justice League” filmi də məhz bu cür səviyyədə reallaşdırılacaq.
Bunu isə bu il görəcəyik. Sonda isə qeyd etmək istəyirəm ki, filmi məhz IMAX
formatında izləməyə dəyər. Ümumiyyətlə hər bir komiks filmini IMAX-də izləmək
lazımdır. Çünki bilirsiniz ki, kompüter qrafiki ilə hazırlanmış istənilən film
öz potensialını IMAX formatında daha yüksək şəkildə təqdim edir. “Wonder Woman” filmi də
istisna deyil. Bunu ParkCinema IMAX kinoteatrında edə bilərsiniz. Bu filmin
seansları barədə məlumatları ParkCinema-nın saytından əldə edə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
