'Wonder Woman' filmi (İCMAL)

'Wonder Woman' filmi (İCMAL)

Oyun və Film
06.06.2017 PAYLAŞIM

Ümumiyyətlə ilk trailerinin çıxmasından bəri Wonder Woman filminə skeptik yanaşırdım. Səbəb isə onda idi ki, indiyənə kimi DC Comics əsasında çəkilmiş demək olar ki, bütün filmlər (Christopher Nolan-ın trilogiyası bura daxil deyil) uğursuz olmuşdur. İstər maliyyə cəhətdən, istərsə də izləyicilər və tənqidçilərin fikirləri cəhətdən. Misal olaraq keçən ilki Batman V Superman: Dawn of Justicefilmini gətirmək olar. Yəni “Wonder Woman” filmindən gözləntilərim o qədər də yüksək deyildi. Lakin filmin premyerasından öncə onun Rotten Tomatoes saytındakı reytinqini (93%) görəndə çox təəccübləndim. Çünki indiyənə kimi Christopher Nolan-ın trilogiyasını hesaba almasaq, heç bir digər DC Comics əsasında çəkilmiş film bu qədər reytinq yığmayıb. Bu cür inanılmaz hadisədən sonra filmə ümidlərim yenidən yarandı. Nəticədə filmə baxdım və deyə bilərəm ki, o məni sözün əsl və yaxşı mənasında təəccübləndirə bildi. Film məni o dərəcədə qane etdi ki, sonda “DC Comics bunu bacardı” deməyim gəlirdi. Komiks sevən (əsasən də DC Comics sevənlər üçün) insanlar üçün bu film əsl bayrama çevrildi deyə bilərəm. Bəli bu film, Marvel komiks seriyasından olan bəzi özəllikləri təkrar edir. Lakin o bunu Marvel-dən fərqli olaraq daha təbii, maraqlı və düzgün şəkildə edib. “Wonder Woman”ı izləyən zaman istər-istəməz Marvel-in Captain America: The First Avengerfilmi yada düşür. Belə ki, Marvel-in filmində də hadisələr müharibə dövründə cərəyan edirdi. Lakin o filmdə İkinci Dünya Müharibəsi sanki yalnız bir fon kimi çıxış edirdi. Yəni müharibə təbii şəkildə əks olunmamışdı. Lakin “Wonder Woman” filmində müharibə heç də fon rejimində çıxış etmir. Burda müharibənin bütün fəsadları yaxşı tərzdə əks olunub. Müharibə nəticəsində günahsız insanların əzabları, milyonlarla həyatlarını itirmiş insanlar, insan həyatını qiymətləndirməyən siyasətçilər və s. Yəni ən yaxşı hərbi dram filmlərində olan bəzi elementlər də bu filmdə iştirak edir. Və həmin elementlər filmə mənfi təsir deyil, əksinə müsbət abu-hava və şarm verir. İndi isə filmin süjet xətti barəsində kiçik bir məlumat verim. Diana (Wonder Woman) bütün dünyanın nəzərlərindən gizlədilmiş bir adada həyat sürən amazonkalar şahzadəsidir. Lakin günlərin birində həmin adaya bir təyyarə pilotu düşür. Həmin pilotdan Diana öyrənir ki, adadan kənarda olan dünyada dəhşətli müharibə hökm sürür. Beləliklə o, pilotla adanı tərk edir və müharibəyə son qoymağa çalışır. Bu yolda o öz əsl yaradılışını öyrənir.



İlk öncə onu qeyd etmək istəyirəm ki, filmdə olan personajların özlərini filmdə necə təqdim etməkləri və özlərinin kiçik süjet xətlərini yaratmaları çox müsbət göstəricidir. Bu filmdə hətta ikinci dərəcələi bir obrazın belə kiçik hekayəsi var. Diana öz cəsurluğu ilə həmin personajların nəticə etibarilə dəyişməsinə gətirib çıxardır. Məsələn filmdə olan snayper Charlie obrazı, gecə dəhşətli yuxular görən və çox içki içən biridir. Lakin Diana-nın cəsurluğunun sayəsində o çoxdan etmədiyi bir şeyi (musiqi oxumaq) edir. Aktrisa Gal Gadot-dan başqa Wonder Woman obrazında başqa birini canlandırmaq qeyri mümkündür. O öz rolundan çox ustalıqla və mükəmməl şəkildə gəlib. Yeri gəldikdə Diana, incə, xeyirxah qadın, digər tərəfdən də cəsarətli, insanları ilhamlandıran, onları sevgiyə inandırmağa çalışan superqəhrəmana çevrilir. Gal Gadot isə öz oyunçuluq bacarığı ilə bunu çox gözəl əks etdirir. Diana-nın yol yoldaşı pilot Steve Trevor da (aktyor Chris Pine) Diana ilə birlikdə eyni dərəcədə baş rolu canlandırır. O da Diana kimi hamıya kömək etməyi, müharibənin bitməsini və lazım gələndə insanların xilası üçün ən riskli hərəkətlərə gedən obrazdır. Yəni o, Diana-dan heç də arxa planda qalan biri deyil. Yeri gələndə o, döyüşlərdə Diana-ya bacardığı qədər kömək edir və ona insanların əsl xarakterlərini, onların çoxunun əslində heç də yaxşı olmadıqlarını başa salmağa çalışır. Filmin əsas müsbət cəhəti, feminizm mövzusunun düzgün təsvir olunmasıdır. Bir çox rejissorlar bu işdə səhvlərə yol verdikləri üçün filmlərdə onu lazımi tərzdə əks etdirə bilmirlər. Lakin bu filmdə hər şey yerindədir. Kişilər burda heç də arxa fon personajları kimi əks olunmayıblar. Onlar qadınlar kimi vacib rolu canlandırırlar. Xeyr burda qadınların kişilərdən daha yaxşı olduqları kimi xüsusiyyətlərə yol verilməyib. Məhz əsl feminizm də budur. Kişi ilə qadın eyni problemi bir yerdə həll etməyə çalışır. Döyüş səhnələrinə gəldikdə isə onlar xoreoqrafiya baxımından möhtəşəm şəkildə reallaşdırılıb. Slo-mo hissələr isə mükəmməldirlər. Ola bilər ki, bəzi izləyiciləri slo-mo səhnələr bezdirsin. Lakin şəxsən mən hər bir slo-mo səhnədən həzz aldım. Filmdə yumor hissəsi, qədərində və düzgün şəkildə istifadə edilib. Ssenaristlər və rejissor, izləyicini filmin hansı anında güldürmək, həyəcanda saxlamaq və dramatizmdən həzz almaq lazım olduğunu yaxşı biliblər. Slo-mo səhnələrdən bezən zaman buyurun sizə gülməli bir səhnə. Gülməli səhnələrdən bezdiyiniz zaman buyurun sizə dramatik bir səhnə. Dramatizmdən bezdyiniz zaman isə buyurun sizə yenidən slo-mo iştirakı ilə möhtəşəm döyüş səhnəsi. Yəni bu dairəvi sistem filmdə çox mükəmməl və professional şəkildə çalışır. Filmdə olan zarafatlar sadə və gülməldiirlər. Məni məyus edən bircə fakt ondan ibarətdir ki, filmin baş mənfi obrazına bir qədər az vaxt ayrılıb və o öz potensialını göstərə bilmir. Onu daha fərqli tərzdə və bir qədər çox təqdim etmək məncə daha məqsədəuyğun olardı. Lakin bu mənim şəxsi fikrimdir. Buna baxmayaraq film bu xüsusiyyətə görə heç də mənfiyə doğru getmir.

Nəticə etibarilə demək lazımdır ki, “Wonder Woman” hər şeyi yerli yerində olan filmdir. Burda siz yumora, dramatizmə, action-a rast gəlirsiniz. Və bunlardan hər biri qədərində reallaşdırılıb. Bununla yanaşı izləyiciyə feminizm məsələsini tamamilə düzgün şəkildə təqdim etdiyinə görə bu filmə ayrıca bir alqış düşür. Əslində filmin əsas mövzusu feminizm deyil. Onun əsas mövzusu müharibə, müharibənin yaratdığı fəsadlar və insan xarakteridir. Bütün bu xüsusiyyətlərin fonunda Diana-nın hekayəsi izləyiciyə təqdim olunur. Və bu həyat hekayəsi o dərəcədə harmonik və sadə şəkildə təqdim olunur ki, ondan həzz almamaq mümkün deyil. Filmdən sonra belə bütün personajları xatırlayırsan. Hətta ikinci dərəcəli personajları belə. Bu isə rejissorun, dramatizmi düzgün tərzdə əks etdirməsinin bacarığıdır. Bəli bu dəfə DC Comics həqiqətən də həm təəccübləndirdi və sevindirdi. Bu film ilə ümid edirsən ki, DC Comics üzrə filmlər heç də həmişə uğursuz olmur. Sadəcə olaraq rejissor hansısa mövzunu düzgün şəkildə və pafossuz izləyiciyə çatdırırsa bu artıq filmin uğurlu olmasından xəbər verir. Ümid edirəm ki, “Justice League” filmi də məhz bu cür səviyyədə reallaşdırılacaq. Bunu isə bu il görəcəyik. Sonda isə qeyd etmək istəyirəm ki, filmi məhz IMAX formatında izləməyə dəyər. Ümumiyyətlə hər bir komiks filmini IMAX-də izləmək lazımdır. Çünki bilirsiniz ki, kompüter qrafiki ilə hazırlanmış istənilən film öz potensialını IMAX formatında daha yüksək şəkildə təqdim edir. “Wonder Woman” filmi də istisna deyil. Bunu ParkCinema IMAX kinoteatrında edə bilərsiniz. Bu filmin seansları barədə məlumatları ParkCinema-nın saytından əldə edə bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


10 yaşı tamam olan əfsanə oyun Point Blank artıq Azərbaycan dilini dəstəkləyir..

10 yaşı tamam olan MMOFPS oyunu Point Blank artıq Azərbaycan dilini də tam dəstək verir.


Amazon'un The Boys serialının 2'ci sezonu ilə bağlı bilinən məlumatlar

Amazon tərəfindən istehsal edilən The Boys serialı izləyicilər tərəfindən müsbət rəylər almışdı. İlk..


Spider-Man Far From Home filminin ilk traileri

Spider-Man Far From Home filminin hadisələri Avengers: End Game filminin hadisələrindən sonra cərəya..


Game of Thrones serialının final sezonunun çıxış tarixi elan edildi (VİDEO)..

HBO telekanalı məşhur Game of Thrones serialının final sezonunun təqdimat tarixini açıqladı...


'X-Men: Dark Phoenix' filminin ilk traileri yayımlandı

Jean Grey bütün dünyanı məhv edəcək gücə sahib olaraq Dark Phoenix-ə çevrilir.


Optimus Prime yeni formatda: 'Bumblebee' filminin yeni traileri

1987-ci il. Təqiblərdən gizlənən Bumblebee Kaliforniya şatının hansısa şəhərinin avtomobil zibilliyi..

×