GTA 6-nın qeyri-rəsmi kompüter versiyasında giriş səhnəsi açıldı
“GTA 6”nın sızdırılmış “Xbox” versiyası əsasında hazırlanan qeyri-rəsmi kompüter versiyasında artıq oyunun giriş səhnəsi açılır. Məlumata görə, sızıntının arxasında duran “Cyberleek” vəd etdiyi kimi, çatışmayan faylı 23 noyabrda yayıb. Oyunu işə salmaq üçün lazım olan bu fayl daha əvvəl yayılan versiyada yox idi.
Fayl yayılandan bir neçə saat sonra “Leonida” layihəsinin videosu “Reddit”də paylaşılıb. Videoda kompüterdə yalnız giriş və ilkin ayar ekranları açılırdı. Sonrakı videolarda oyunun giriş səhnəsi və Lucianın həbsxanada göründüyü hissə göstərilib. Həbsxana səhnəsində işıq və kölgə effektləri işləyir, amma görüntüdə hələ də ciddi qüsurlar var.
Müstəqil qruplar sızan oyun kodunu süni intellektlə təhlil edir. Bəziləri konsolun işini təqlid edən proqramla oyunu kompüterdə açmağa çalışır. Digərləri kodu elə dəyişməyə çalışır ki, oyun birbaşa kompüterdə işləsin. Bu yolu seçən “Leonida” layihəsinin rəhbəri layihənin “GitHub” səhifəsinin və “Discord” serverinin bağlandığını açıqlayıb.
“Cyberleek” hesab edir ki, oyunu 1 həftə ərzində konsolun işini təqlid edən proqramla kompüterdə açmaq olar. Amma yayılan videolar oyunun başdan sona xətasız işlədiyini göstərmir. Kompüter versiyasına marağın səbəblərindən biri də daha axıcı görüntü gözləntisidir. “GTA 6” konsollarda, o cümlədən “PS5 Pro”da saniyədə ən çox 30 kadr göstərə bilir.
Məlumata görə, “Rockstar Games” qeyri-rəsmi versiyanın hazırlanmasına qarşı hüquqi addımlar atmağa başlayıb. Bu arada oyunun tam işlək kompüter versiyası adı ilə saxta yükləmə faylları da yayılıb. Giriş səhnəsinin videoda açılması həmin faylların həqiqi olduğunu göstərmir. Belə fayllar kompüterə zərərli proqram quraşdıra bilər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...