
ABŞ hökuməti Huawei HarmonyOS-in qlobal yayılmasını dayandırmaq istəyir
Proqram Təminatı
19.05.2025
Emil
ABŞ Nümayəndələr Palatasının iki üzvü administrasiyaya məktub ünvanlayaraq müttəfiqlərlə birlikdə Huawei şirkətinin HarmonyOS əməliyyat sisteminin Çin xaricində yayılmasının qarşısını almağa çağırıblar. Qanunvericilər hesab edirlər ki, bu platforma kibercasusluq və Çin hökumətinin rəqəmsal nəzarətini gücləndirmək üçün istifadə oluna bilər. Məktubu Nümayəndələr Palatasının Çin Kommunist Partiyası üzrə Xüsusi Komitəsinin aparıcı üzvləri John Moolenaar və Raja Krishnamoorthi imzalayıblar. Sənəd 2025-ci il mayın 16-da dövlət katibi Marco Rubio-ya, ticarət naziri Howard Lutnick-ə və Federal Rabitə Komissiyasının sədri Brendan Carr-a göndərilib.

Məktubda vurğulanır ki, HarmonyOS təkcə smartfonlarda deyil, həm də planşetlərdə, kompüterlərdə, avtomobillərdə və ağıllı ev qurğularında istifadə olunur. Qanunvericilər ehtiyat edirlər ki, Çin xüsusi xidmət orqanları sistemin yeniləmələrindən məlumat toplama alətlərini yerləşdirmək üçün istifadə edə bilərlər. Həmçinin qeyd olunur ki, Huawei yerli qanunvericiliyə əsasən Çin kəşfiyyat orqanları ilə əməkdaşlıq etməyə məcburdur. Məktubun müəllifləri HarmonyOS-in arxitekturasının və ilkin mənbə kodunun diqqətlə araşdırılmasına, habelə bu platformadan istifadənin yaratdığı risklər barədə müttəfiqlərin xəbərdar edilməsinə çağırırlar.

Onlar mümkün milli təhlükəsizlik təhdidlərindən yayınmaq üçün etibarlı əməliyyat sistemlərinə üstünlük verilməsini tövsiyə edirlər. ABŞ daha əvvəl Huawei-yə qarşı bir sıra məhdudiyyətlər tətbiq etmişdi. Bunlara şirkətin avadanlıqlarının hökumət şəbəkələrində istifadəsinin qadağan olunması və Huawei-nin Ticarət Nazirliyinin qara siyahısına salınması daxildir. Lakin sanksiyalara baxmayaraq, Huawei HarmonyOS sistemini inkişaf etdirməyə davam edir və bu əməliyyat sistemi ilə işləyən ilk kompüteri təqdim etməyi, həmçinin Toyota və BMW kimi avtomobil istehsalçıları ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Mənbə: Huawei Central
Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
