
Anthropic-in süni zəka əsaslı Claude çat-botunda səsli rejim istifadəyə verilib
Proqram Təminatı
29.05.2025
Emil
Anthropic şirkəti süni zəka köməkçisi Claude üçün səsli rejimin tətbiqinə başlayıb. Hazırda bu funksiya mobil tətbiqlər üçün beta versiyada əlçatandır, lakin istifadəçilər artıq çat-bot ilə tam formatlı şifahi dialoqlar apara bilirlər. Məlumata əsasən səsli rejim vasitəsilə sənədlər və təsvirlər üzərində işləmək, 5 fərqli səs tembrindən birini seçmək, dialoq zamanı mətn və səsli giriş arasında keçid etmək mümkündür. Söhbət başa çatdıqdan sonra isə onun transkripsiyası və qısa xülasəsi təqdim olunur. Anthropic-in X sosial şəbəkəsindəki paylaşımına və rəsmi veb saytındakı yenilənmiş sənədlərə əsasən, səsli rejim artıq beta versiyada Claude tətbiqində mövcuddur.
X platformasında ən azı bir istifadəçi bildirib ki, o bu funksiyaya çərşənbə axşamı axşam saatlarında giriş əldə edib. Standart olaraq süni zəka Claude Sonnet 4 modeli əsasında çalışır və növbəti bir neçə həftə ərzində istifadəyə veriləcək, lakin hələlik yalnız ingilis dilində dəstəklənir. Bu funksiyanın bəzi məhdudiyyətləri də var. Səsli dialoqlar ümumi sorğu limitinə daxildir. Belə ki, pulsuz istifadəçilər gündə təxminən 20-30 dialoq aparmaq imkanı əldə edirlər. Google Workspace (Google Calendar, Gmail) inteqrasiyası isə yalnız ödənişli abunəçilər üçün əlçatandır. Google Docs ilə bağlı isə bu imkan yalnız Claude Enterprise korporativ tarifində nəzərdə tutulub.

Anthropic-in məhsul direktoru Mike Krieger daha əvvəl Financial Times-a verdiyi müsahibədə Claude üçün səsli funksiyaların hazırlanmasını təsdiqləmiş və bildirmişdi ki, şirkət əsas investoru olan Amazon və səs texnologiyaları üzrə ixtisaslaşmış ElevenLabs startapı ilə danışıqlar aparıb. Bu danışıqlardan hansılarının əməkdaşlıqla nəticələndiyi isə hələlik məlum deyil. Qeyd etmək lazımdır ki, Anthropic süni zəka ilə səsli qarşılıqlı əlaqə təqdim edən ilk iri şirkət deyil. OpenAI-in səsli çat funksiyası, Google-un Gemini Live xidməti və xAI tərəfindən Grok üçün təklif olunan oxşar funksiyalar artıq mövcuddur.
Paylaş
Ən çox oxunanlar

Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
