Logo
    main-post-cover

    Anthropic süni intellektin real işdə faydasını artırmaq üçün Skills funksiyasını işə salıb

         Anthropic şirkəti peşəkar mühitdə süni intellekt köməkçisinin effektivliyini artırmaq məqsədilə Skills for Claude adlı yeni funksiyanın istifadəyə verildiyini elan edib. Bu alət xüsusi təlimatlar, skriptlər və resurslardan ibarət dəst kimi işləyir və Claude bu dəstləri tələb əsasında yükləyərək konkret iş tapşırıqlarını yerinə yetirə bilir. Tapşırıqların diapazonu Excel elektron cədvəlləri ilə işləməkdən tutmuş təşkilati işlərin yerinə yetirilməsinə qədər uzanır. Məlumata görə, yeni funksiya şirkətlərə və fərdi istifadəçilərə özünəməxsus iş proseslərinə uyğunlaşdırılmış fərdi bacarıq dəstləri yaratmağa imkan verir. Bu bacarıqlar Anthropic ekosisteminin bütün elementlərində tətbiq oluna bilər - məsələn, Claude.ai çat-bot interfeysində, Claude Code adlı proqramlaşdırma mühitində, şirkətin API sistemi vasitəsilə və Claude Agent SDK çərçivəsində.
         Məlumat verilir ki, Box, Rakuten Canva kimi şirkətlər artıq bu alətdən praktiki şəkildə istifadə ediblər. Tərtibatçıların fikirlərinə görə, bu funksiya Claude agentinin imkanlarını təkmilləşdirməyə yönəlib və istifadəçiləri hər dəfə ideal promptlar tərtib etmək və ya rutin tapşırıqlar üçün kontekst axtarmaq zərurətindən azad edir. Anthropic şirkətinin məhsul rəhbəri Brad Abrams izah edib ki, Skills funksiyası Claude agentinin imkanlarını abstrakt göstəricilərə deyil, məhz konkret təşkilatın ehtiyaclarına uyğun şəkildə gücləndirməyə xidmət edir. Onun sözlərinə görə, bu funksiya süni intellekti müəyyən şirkət üçün aktual olan tapşırıqları yerinə yetirməyə öyrətməyə imkan verir. Məsələn, o, Haiku 4.5 modelinin bazar nəticələri haqqında PowerPoint Skill vasitəsilə təqdimatın hazırlanmasını nümunə kimi göstərib - Claude yaxşı strukturlanmış və asan oxunan slaydlar yaradıb. Alət Pro, Max, Team Enterprise tarif planlarından istifadə edənlər üçün əlçatandır.
    Paylaş