Logo
    main-post-cover

    Apple App Store mağazasını iki versiyaya ayıracaq

    Proqram Təminatı
    16.01.2024
    Emil
           Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti özünün App Store tətbiqlər mağazasını yaxın zamanda iki versiyaya ayıracaq. Birinci versiya yalnız Avropa Birliyinə daxil olan ölkələrin istifadəçiləri, ikinci versiya isə yerdə qalan ölkələrin istifadəçiləri üçün nəzərdə tutulacaq. Məlumata əsasən Apple şirkətinin bu cür addımı atmasının əsas səbəbi Avropa Birliyinin yeni qanunu olacaq. Belə ki, yeni qanuna əsasən Apple şirkəti iOS ekosistemində kənar mənbələrdən proqram təminatının yüklənməsi imkanını reallaşdırmalı olacaq. Apple isə öz növbəsində bu qanuna riayət etməli olacaq.
         Avropa Birliyinin yeni qanunu Apple-dan iPhone ekosistemində kənar tətbiq mağazalarının istifadəsini tələb edir. Gurman-ın sözlərinə əsasən bu səbəbdən Apple özünün App Store platformasının Avropa üçün nəzərdə tutulmuş hissəsini digər regionlardan ayırmaq məcburiyyətində qalacaq. Belə ki, şirkət kənar tətbiq mağazalarından proqram təminatının yüklənməsi praktikasını yalnız Avropa Birliyi regionu ilə məhdudlaşdırmaq istəyir. Gözləntilərə əsasən Apple şirkətindən həmçinin proqram təminatı tərtibatçılarına kənar ödəniş servislərindən istifadə imkanının verilməsi də tələb ediləcək. Bütün bu dəyişikliklər 7 mart 2024-cü il tarixinə kimi reallaşdırılmalıdır.
    Paylaş