Logo
    main-post-cover

    Apple Britaniyanın iCloud-da backdoor yerləşdirilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edib

    Proqram Təminatı
    05.03.2025
    Emil
         Apple Böyük Britaniya hökumətinin iCloud-un end-to-end şifrələmə sistemində backdoor yaratmaq tələbinə qarşı məhkəməyə müraciət edib. Şirkət Böyük Britaniyanın İstintaq Səlahiyyətləri Tribunalına (IPT) şikayət edərək bu tələbi ləğv etdirməyə çalışır. Bu məhkəmə prosesi 2016-cı ildə qəbul edilən İstintaq Səlahiyyətləri Qanununun (IPA) qanuniliyini yoxlayan ilk məhkəmə işi olacaq. Qanun Böyük Britaniya hökumətinə şifrələnmiş məlumatlara çıxış imkanı tanıyır. Apple Advanced Data Protection (ADP) funksiyasını Böyük Britaniyada deaktiv etsə də, hökumətin tələbinə qarşı mübarizəsini davam etdirir.
         Şirkət yanvar 2025-ci ildə verilmiş "Texniki İmkan Bildirişi"ni (TCN) ləğv etdirmək üçün IPT-yə müraciət edib. Bu sənədə əsasən, Apple Böyük Britaniya hökumətinə iCloud-da saxlanılan şifrələnmiş istifadəçi məlumatlarına giriş imkanı təqdim etməlidir. Lakin Apple bildirir ki, bu tələbin yerinə yetirilməsi məlumat təhlükəsizliyinə ciddi zərər vuracaq və şifrələmə texnologiyalarına inamı sarsıdan təhlükəli vəziyyət yaradacaq. Bu məhkəmə iddiası, IPA qanununun texnologiya şirkətlərini hökumət orqanlarının maraqları naminə şifrələməni zəiflətməyə məcbur edən müddəalarının ilk dəfə hüquqi baxımdan yenidən nəzərdən keçirilməsinə səbəb olub.
         IPT məhkəməsi Apple-ın bu tələbə məruz qalmasının qanuni olub-olmadığını müəyyən etməlidir. Əgər məhkəmə Apple-ın xeyrinə qərar çıxararsa, bu tələb ləğv ediləcək. Belə bir nəticə Böyük Britaniya hakimiyyətinin vətəndaşların məxfi məlumatlarına giriş imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər. Böyük Britaniya hökuməti Apple-ın iCloud-un end-to-end şifrələmə sisteminə backdoor əlavə etməsini tələb edir və Advanced Data Protection (ADP) funksiyasının yaratdığı əlavə təhlükəsizlik qatını sındırmaqda israr edir. Apple bu tələbi yerinə yetirməkdən imtina etsə də, fevral 2025-ci ildə ADP funksiyasını Böyük Britaniya istifadəçiləri üçün deaktiv edib.
         Lakin bu güzəştə baxmayaraq, Britaniya hakimiyyəti Apple-ın TCN tələblərinə əməl etmədiyini bildirir və bu tələbin yalnız Britaniya vətəndaşlarının məlumatlarına deyil, Böyük Britaniya sərhədlərindən kənarda yerləşən məlumatlara da şamil edilə biləcəyini iddia edir. Bu məsələ insan hüquqları müdafiəçiləri və kibertəhlükəsizlik ekspertləri arasında ciddi narahatlıq yaradıb, çünki bu vəziyyət gələcəkdə hökumətlərin öz yurisdiksiyasından kənarda olan şifrələnmiş istifadəçi məlumatlarına giriş tələb etməsinə yol aça bilər. Böyük Britaniyanın bu tələbi ABŞ-da kəskin tənqidə səbəb olub.
         Prezident Donald Trump bunu Çində tətbiq olunan dövlət nəzarəti metodlarına bənzədərək, Britaniya hakimiyyətini belə tədbirlərdən imtina etməyə çağırıb. ABŞ-ın yeni milli kəşfiyyat direktoru Tulsi Gabbard bu tələbi “şəxsi həyat hüququnun dəhşətli şəkildə pozulması” adlandırıb və vurğulayıb ki, bu addım ABŞ və Böyük Britaniya arasında məlumat ötürülməsi ilə bağlı mövcud razılaşmanı təhlükəyə ata bilər. Böyük Britaniyanın Daxili İşlər Nazirliyi isə belə göstərişlərin operativ detallarını açıqlamadığını bildirərək bu tələblə bağlı şərh verməkdən imtina edib.
         Bununla belə, nazirliyin rəsmi nümayəndəsi hökumətin vətəndaşları terrorizm və uşaqlara qarşı cinsi zorakılıq kimi ağır cinayətlərdən qorumağa çalışdığını bildirib və təhlükəsizliklə məxfilik hüququ arasında tarazlığı qorumağın vacibliyini vurğulayıb. Böyük Britaniyanın təhlükəsizlik naziri Dan Jarvis bildirib ki, IPA qanunu sui-istifadənin qarşısını alan ciddi təminatlar və müstəqil nəzarət mexanizmləri nəzərdə tutur. Onun sözlərinə görə, məlumatlara çıxış yalnız fövqəladə hallarda, real təhlükə olduğu və tədbirin zəruri olduğu hallarda verilir. Carvis hesab edir ki, məxfiliyin qorunması ilə təhlükəsizlik arasında ziddiyyət yoxdur və Britaniya hökuməti bu iki prinsip arasında balans tapmağa qadirdir.
         Apple israrla bildirir ki, heç bir məhsulu və ya xidməti heç vaxt backdoor sisteminə malik olmayıb və gələcəkdə də olmayacaq. Şirkət vurğulayır ki, şifrələmə sisteminin zəiflədilməsi təkcə istifadəçilərin şəxsi həyatına yox, həm də kibertəhlükəsizliyinə ciddi təhdid yaradır. Apple xəbərdarlıq edir ki, bir hökumət üçün zəiflik yaradılsa, bu mexanizmdən cinayətkarlar və ya digər dövlətlər də istifadə edə bilər. Britaniya kəşfiyyat dairələrində də TCN sisteminin effektivliyinə dair şübhələr var. Keçmiş yüksək vəzifəli xüsusi xidmət əməkdaşı bildirib: "Bu sistem lazımi şəkildə sınaqdan keçirilməyib və çox güman ki, səmərəsiz olacaq. Siz belə bir tələbi gizli şəkildə tətbiq edə bilməzsiniz. Əgər Apple kimi nəhəng bir şirkətə bu cür göstəriş verirsinizsə, məlumatın mətbuata sızması qaçılmazdır".
    Paylaş
    Bənzər xəbərlər