
Apple iOS 26 təqdim edilib
Proqram Təminatı
10.06.2025
Emil
Apple öz illik WWDC konfransında iOS 26 əməliyyat sistemini - iOS 18-in varisi kimi - rəsmi şəkildə təqdim edib. Ad dəyişikliyi ilə yanaşı, bu əməliyyat sistemi şirkətin son illərdəki ən böyük proqram təminatı dizayn dəyişikliyidir və təkcə iPhone deyil, bütün digər platformaları da əhatə edir. Şirkət eyni zamanda iPadOS 26, macOS Tahoe 26, watchOS 26 və visionOS 26 əməliyyat sistemlərini də təqdim edib. Bu platformalar vahid dizayn dili ilə hazırlanıb. Yeniləmənin əsas elementi Liquid Glass (Maye Şüşə) adlanan yeni interfeys dizaynı konsepsiyası olub. Bu konsepsiya vizual dərinlik və şüşənin həcmi ilə ilhamlanaraq hazırlanıb. Maye şüşə şüşənin optik xüsusiyyətlərini dinamik hərəkətliliklə birləşdirir və real vaxtda ətraf mühitə, işıqlandırmaya və istifadəçinin hərəkətlərinə reaksiya verir.
Bu sayədə interfeys elementləri canlı bir dərinlik qazanır və təbiiliyi və yüngüllüyü hiss etdirən qarşılıqlı əlaqə təəssüratı yaradır. Şüşə üslublu komponentlər sistemin bütün elementlərinə tətbiq olunacaq: Düymələrdən və sürüşdürmə elementlərindən tutmuş, naviqasiya panellərinə, bildirişlərə, kilid ekranına, əsas ekrana, İdarəetmə Mərkəzinə və digər əsas interfeys sahələrinə qədər. Apple bildirir ki, Liquid Glass rəng palitrasını kontentə və işıqlandırmaya uyğun olaraq dinamik şəkildə tənzimləyir və həm işıqlı, həm də qaranlıq (dark mode) temalar ilə ahəngdar şəkildə uyğunlaşır. İkinci mühüm yenilik Apple-ın bütün proqram platformalarında dizaynın vahidləşdirilməsi olacaq. Apple ilk dəfə olaraq bütün ekosisteminin dizaynını unifikasiya edib, eyni zamanda hər platformanın özünəməxsus xüsusiyyətlərini qoruyub saxlayıb.

Yeni dizayn üslubu təkcə cihazlar arasında vizual bütövlük yaratmır, həm də Apple Silicon çiplərinin və qrafik texnologiyalarının imkanlarından maksimum dərəcədə istifadə etməyə şərait yaradır. Bunu Apple-ın tərtibatçıları xüsusi vurğulayıblar. “Bu, şirkət tarixində ən irimiqyaslı dizayn yeniləməsidir. Liquid Glass gələcəyin yeni istifadəçi təcrübələri üçün əsas yaradır və hər bir qarşılıqlı əlaqəni daha xoş və sehrli edir” - deyə Apple-ın istifadəçi interfeysi üzrə vitse-prezidenti Alan Dye bildirib. Demək olar ki, Apple-ın bütün standart tətbiqləri yeni material (şüşə) və dizayn prinsiplərinə uyğun olaraq yenilənmiş interfeys əldə ediblər. Dəyişikliklər Camera, Photos, Safari, FaceTime, Music, News, Podcasts və digər tətbiqləri əhatə edib.

Məsələn, Camera tətbiqinin interfeysi daha minimalist və sadə hala gətirilib. Phone tətbiqi də əhəmiyyətli dərəcədə yenilənib. İdarəetmə elementləri, alətlər paneli və naviqasiya hissələri müasir kənarları yuvarlaq ekranların formasına uyğunlaşdırılaraq yenidən dizayn edilib. İndi idarəetmə elementləri cihazın ümumi görünüşü ilə ahəngdar şəkildə uyğunlaşır və idarə panelləri istifadəçinin hərəkətlərinə uyğun olaraq dinamik şəkildə dəyişir. Məsələn, iOS 26-da kontenti sürüşdürərkən qovluq bölmələri sıxılır, bu da kontent üçün daha çox yer yaradır, lakin tez geri qayıtmaq üçün həmin bölmələr əlçatan olaraq qalır. iPadOS və macOS sistemlərində yenilənmiş yan panellər fon şəkillərini sındıraraq dərinlik və immersiya effekti yaradır və iş masası divar kağızlarına uyğun şəkildə adaptasiya olunur.

Apple cihazlarının kilid ekranında isə vaxt artıq Maye şüşə ilə formalaşdırılır və şəklin əsas obyektinin arxasında harmonik şəkildə yerləşdirilir, bu da görüntüyə əlavə dərinlik qatır. Apple həmçinin SwiftUI, UIKit və AppKit üçün alət dəstini yeniləyib və tərtibatçılara Liquid Glass API-si və yeni idarəetmə elementlərinə çıxış imkanı yaradıb. Bu, tərtibatçılara öz tətbiqlərini yeni dizayn üslubuna asanlıqla uyğunlaşdırmağa, interfeysi daha intuitiv və vizual baxımdan cəlbedici etməyə imkan verəcək. Phone tətbiqinə avtomatik cavablandırma və gözləmədə saxlama funksiyası əlavə edilib. Sistem zənglərə istifadəçi əvəzinə cavab verə və ya zəngi gözləmədə saxlaya bilər.

Messages tətbiqi indi çat fonunu fərdiləşdirməyə imkan verir. Həm Apple-ın təqdim etdiyi seçimlərdən, həm də istifadəçinin öz şəkillərindən və ya Image Playground vasitəsilə yaradılmış vizuallardan istifadə etmək mümkündür. Əlavə olaraq, söhbət kontekstinə əsaslanaraq sistemin avtomatik şəkildə təqdim edə biləcəyi sorğu (anket) yaradılması funksiyası da əlavə olunub. Qrup çatlarında artıq bütün iştirakçılar üçün yazma indikatorları (kimin yazdığını göstərən göstəricilər) görünə bilir. Yeniliklər arasında Genmoji funksiyası da var. Bu imkan sayəsində istifadəçilər öz emojilərini yarada və iki emojini bir vizualda birləşdirə bilərlər.

Bundan əlavə, Image Playground platformasında ChatGPT vasitəsilə şəkil generasiyası dəstəyi əlavə olunub. Əsas funksiyalardan biri isə Live Translation - canlı tərcümə funksiyasıdır. Bu funksiya həm mətn yazışmalarında, həm də zənglər və FaceTime videozəngləri zamanı real vaxtda tərcümə imkanı yaradır. Tərcümələr birbaşa cihaz üzərində, Apple Intelligence-in lokal modelləri vasitəsilə həyata keçirilir ki, bu da məlumatların məxfiliyini artırır. Tərtibatçılar bu texnologiyanı öz tətbiqlərinə inteqrasiya etmək üçün API-yə çıxış əldə edəcəklər.



Paylaş
Ən çox oxunanlar

ProMotion ekranları yalnız iPhone 17 Pro və 17 Pro Max modelləri əldə edəcəklər
