Logo
    main-post-cover

    Apple WWDC 2025 konfransının keçirilmə tarixlərini elan edib

    Proqram Təminatı
    26.03.2025
    Emil
         Apple şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş illik Worldwide Developers Conference (WWDC) konfransının tarixlərini açıqlayıb. Bu il tədbir 9-13 iyun tarixləri arasında şirkətin Kaliforniyadakı baş qərargahı - Apple Park kampusunda keçiriləcək. Konfransa Apple rəhbərlərinin yeni məhsulları təqdim edəcəyi geniş təqdimatla start veriləcək. “Qlobal tərtibatçılar icmamızla birlikdə WWDC-nin daha bir möhtəşəm ilini qeyd etməkdən məmnunuq” - deyə Apple şirkətinin qlobal tərtibatçılarla əlaqələr üzrə vitse-prezidenti Susan Prescott bildirib. “Ən yeni alətləri və texnologiyaları bölüşmək üçün səbirsizlənirik. Onlar tərtibatçıların imkanlarını genişləndirəcək və yenilikləri davam etdirmələrinə dəstək olacaq”.
         Tədbirdə Apple şirkətinin əməliyyat sistemlərinin yeni versiyalarının təqdim olunacağı gözlənilir. Lakin xüsusi maraq doğuran məqam, 1 il əvvəl vəd edilmiş Siri rəqəmsal köməkçisinin təkmilləşdirilmiş süni zəka funksiyaları ilə yenilənməsidir. Keçən il keçirilmiş WWDC-də Apple şirkəti Apple Intelligence ekosistemini təqdim etmişdi. Bu ekosistem Siri-yə ekranı görə bilmək, göstərilən məzmuna əsaslanaraq əmrləri yerinə yetirmək və tətbiqlərlə daha dərindən inteqrasiya olunmaq imkanını qazandırmalı idi. Lakin bu funksiyalar hələ ki, Siri-yə əlavə olunmayıb - Apple mühəndisləri ciddi texniki çətinliklərlə qarşılaşıblar. Apple pərəstişkarları vəd edilən yenilikləri gələcək WWDC25-də görəcəkmi - bunu iyun ayında biləcəyik.
    Mənbə: Apple
    Paylaş