Apple yaradıcılıq proqramları paketinin ən böyük yeniləməsini təqdim etdi
Proqram Təminatı
27.10.2026
“Apple” şirkəti “Apple Creator Studio” yaradıcılıq paketi üçün indiyədək ən böyük yeniləməni elan edib. Yenilənmiş versiya noyabrda “App Store”da çıxacaq və hazırkı abunəçilər onu ödənişsiz alacaqlar. Dəqiq tarix hələ açıqlanmayıb. Yanvarda çıxan paket “Final Cut Pro”, “Logic Pro”, “Pixelmator Pro”, “Motion”, “Compressor” və “MainStage” tətbiqlərini bir abunəlikdə birləşdirir. Yenilik “M6” prosessorlu 14 düymlük “MacBook Pro” və yeni “iMac”ın göstərilməsi ilə eyni vaxtda açıqlanıb.
“MotionVFX” kitabxanası birbaşa “Final Cut Pro” və “Motion” daxilində açılacaq. Burada qrafikalar, mövzular, başlıqlar, keçidlər və rəng tənzimləmə alətləri var. Kitabxanaya həmçinin hər kadrda obyekti fondan ayıran rotoskopiya aləti daxildir. “Content Hub” bölməsindən layihələr üçün hazır videolar, fotolar və fonlar seçmək olacaq. İstifadəçilər klipləri əsas zaman xəttindən ayırmaq və istədikləri yerə yerləşdirmək hüququ qazanacaqlar. Əlavə tənzimləmələr kadrlar arasındakı hərəkətin daha təbii görünməsinə kömək edəcək.
“Final Cut Pro” zaman xəttindəki şəkli birbaşa “Pixelmator Pro”da açacaq. Şəkildə edilən dəyişikliklər onu layihəyə yenidən əlavə etmədən avtomatik görünəcək. “Final Cut Pro” yazılı göstəriş əsasında şəkil yaratmaqla yanaşı, 23 əlavə dildə altyazı yarada biləcək. “Pixelmator Pro”dakı “Generate Fill” aləti seçilmiş hissəni mətnlə verilən göstərişə uyğun dəyişəcək. Yaranan nəticə fotonun işığına, bucağına və səth quruluşuna uyğunlaşdırılaraq ayrıca qat kimi əlavə olunacaq.
“Logic Pro” üçün hazırlanan yeni köməkçi hələ beta sınağındadır. O, “Apple” modelləri və “OpenAI” texnologiyası ilə işləyir. İstifadəçilər mətn əmrləri yazaraq hazır layihəni düzəldə, yeni mahnıya başlaya və vokal treki hazırlaya biləcəklər. “Liquid Glass” görünüşünə keçən tətbiqdəki “Stem Splitter” aləti hazır mahnıdan zərb alətlərini ayıra və ya dəyişə biləcək. Axtarış bölməsi musiqi parçalarını, alətləri, effektləri və “Splice” kitabxanasını bir yerdə göstərəcək. Paketə 20 dəfə “Grammy” qazanan Sergio George-un hazırladığı salsa səsləri də əlavə olunacaq.
“Keynote”, “Pages” və “Numbers” üçün ayrıca köməkçi də hazırlanıb. O, slaydları canlandıracaq, mətni yenidən işləyəcək, məlumatları qaydaya salacaq və uyğun diaqramı seçəcək. Tətbiqlərə hazır videolar, yeni şablonlar və mövzular da əlavə olunacaq. “Logic Pro” köməkçisi üçün “Apple Intelligence” dəstəkli və “macOS 27 Golden Gate” quraşdırılmış “Mac” lazımdır. Paketdəki “Final Cut Pro” ən azı “macOS 26.6” tələb edir, bəzi funksiyalar yalnız “Apple Silicon” çipli cihazlarda işləyəcək. Digər köməkçilərdən yararlanmaq üçün son sistem versiyası quraşdırılmış, “Apple Intelligence” dəstəkli “iPhone”, “iPad” və ya “Mac” tələb olunur.
“Apple Creator Studio” abunəliyinin aylıq qiyməti 12,99 dollar (təxminən 22 manat), illik qiyməti 129 dollardır (təxminən 220 manat). Yeni abunəçilər paketi 1 ay pulsuz sınaqdan keçirə biləcəklər. Eyni abunəlik “Mac”, “iPad” və “iPhone”da işləyəcək. Tətbiqləri ayrıca almaq da olar. “Final Cut Pro” 300 dollara (510 manat), “Logic Pro” 200 dollara (340 manat), “Pixelmator Pro” isə 50 dollara (85 manat) satılır.
Tələbə və müəllimlər statuslarını təsdiqlədikdən sonra paket üçün ayda 2,99 dollar (təxminən 5 manat) və ya ildə 29,99 dollar (təxminən 51 manat) ödəyə bilərlər. “Family Sharing” funksiyası əlavə ödəniş olmadan abunəlikdən 6 nəfərə qədər istifadə etməyə imkan verir. Yeni “Mac” və ya uyğun “iPad” alanlar “Apple Creator Studio”dan 3 ay pulsuz yararlana biləcəklər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...