
Avropa Birliyi iPadOS-in antimonopoliya tələblərinə uyub-uymadığını yoxlayır
Proqram Təminatı
06.11.2024
Emil
Avropa Birliyinin antimonopoliya orqanları Apple şirkətinin iPadOS əməliyyat sisteminin Avropa Birliyi regionunun böyük texnoloji şirkətlərin təsirlərinin məhdudlaşdırılmasına istiqamətlənmiş qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını yoxlamağa başlayıb. Bu barədə məlumatı Avropa Birliyinin əsas tənzimləyici orqanı olan Avropa Komissiyası verib. Həmçinin ədalətli bazar rəqabətinin dəstəklənməsini təmin edən orqan rolunda çıxış edən Avropa Komissiyasının bu addımı Apple şirkətinin iPadOS əməliyyat sisteminin yerli qanunların tələblərinə uyğun olması ilə bağlı hesabatından sonra atılıb.
Qeyd etmək lazımdır ki, hələ aprel ayında Avropa Komissiyasının rəsmiləri bildirmişdilər ki, iPadOS biznes ilə müştəri arasında vacib əlaqə kanalıdır. “Komissiya Avropa Birliyinin rəqəmsal bazarlar üzrə qanununun (DMA) tələblərinə uyulması mövzusunda iPadOS əməliyyat sistemi üçün tətbiq edilmiş tədbirlərin nə dərəcədə effektiv olduqlarını yoxlayacaq. Komissiyanın qiymətləndirməsi həmçinin bu mövzuda maraqlı olan tərəflərin töhfələrinə əsaslanacaq” - deyə Avropa Komissiyasının rəsmi bəyanatında qeyd edilib.
Apple rəsmiləri Avropa Komissiyası tərəfindən atılmış bu addıma hələ heç bir fikir bildirməyiblər. Qeyd etmək lazımdır ki, Avropa Birliyi regionunda bu il qüvvəyə minmiş rəqəmsal bazarlar üzrə qanunvericiliyə əsasən Apple şirkəti iPad planşetlərində istifadəçilərə standart şəkildə istifadə edilən brauzerin dəyişilməsi imkanını verməli, öz əməliyyat sistemini rəqəmsal kontentləri təklif edən kənar platformalar üçün açıq etməli və üstəlik iPad planşetlərinə kənar istehsalçıların qulaqlıqları ilə stiluslarının qoşulmasına icazə verməlidir. DMA tələblərinin mümkün pozuntuları halında isə şirkəti külli miqdarda cərimələr gözləyə bilər.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
