
Avstraliyanın dövlət qurumlarında DeepSeek-dən istifadə qadağan edilib
Proqram Təminatı
05.02.2025
Emil
Avstraliya Tayvandan sonra Çin şirkəti DeepSeek tərəfindən hazırlanmış süni zəka xidmətlərinin bütün dövlət sistemlərində və qurumlarına məxsus cihazlarda istifadəsini qadağan edib. Avstraliyanın daxili işlər naziri Tony Burke bildirib ki, milli təhlükəsizlik baxımından DeepSeek-in bütün məhsulları, tətbiqləri və xidmətləri dərhal dövlət sistemlərindən silinməlidir. Nazirin sözlərinə əsasən ölkənin xüsusi xidmət orqanları tərəfindən aparılmış təhlükə qiymətləndirilməsi göstərib ki, Çin şirkətinin həlləri qəbuledilməz risk yaradır.
Cəmi 20 ay əvvəl fəaliyyətə başlamış DeepSeek startapı, yanvar ayında sensasiya yaratdı - startap məntiqi düşünmə qabiliyyətinə malik süni zəka əsaslı çat-bot tətbiqini təqdim etdi. Bu sistem tapşırıqları həll edərkən "düşünmə prosesinin" gedişatını nümayiş etdirir. Şirkət iddia edir ki, o öz süni zəka modelinin təlimatlandırılması üçün çox az maliyyə vəsaiti xərcləyib. Tətbiq qlobal yükləmə reytinqlərində liderlər sırasına yüksəlib. Lakin xidmətin təhlükəsizliyi ilə bağlı bəzi şübhələr mövcuddur.
"Süni zəka böyük potensiala və imkanlara malik texnologiyadır, lakin hökumətimizin orqanları milli təhlükəsizliyə təhdid aşkar etdikdə tərəddüd etməyəcək” - deyə Tony Burke bəyan edib. O vurğulayıb ki, xidmətin Çin mənşəli olması qərara təsir göstərməyib. Hökuməti narahat edən yalnız Avstraliya hökuməti və aktivləri üçün yaranan təhlükədir. Bu təşəbbüs fərdi istifadəçilərə şamil edilmir, lakin nazir vətəndaşları məlumatlarının necə istifadə edildiyi barədə düşünməyə və online məxfiliyini qorumaq üçün tədbirlər görməyə çağırıb.
Mənbə: Bloomberg
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
