Logo
    main-post-cover

    ChatGPT birbaşa çatda Spotify, Canva, Figma və s. tətbiqləri işə salmağı öyrənib (VİDEO)

         OpenAI şirkəti illik DevDay 2025 tədbirində ChatGPT daxilində üçüncü tərəf tətbiqlərini yaratmaq və onlarla qarşılıqlı əlaqə qurmaq üçün yeni üsul təqdim edib. Bazar ertəsindən etibarən çat-bot istifadəçiləri Booking.com, Expedia, Spotify, Figma, Coursera, Zillow Canva kimi şirkətlərin tətbiqlərinə birbaşa daxil ola biləcəklər. OpenAI həmçinin Apps SDK adlı yeni inkişaf alətinin ilkin versiyasını istifadəyə verir. Bu alət proqramçılara ChatGPT daxilində tətbiqlər yaratmaq və onları dəstəkləmək imkanı təqdim edir. OpenAI-nin baş direktoru Sam Altman bildirib: “Biz istəyirik ki, ChatGPT insanların irəliləyiş əldə etməsi, daha məhsuldar və yaradıcı olması, daha sürətlə öyrənməsi və həyatlarında etdikləri hər şeyi daha yaxşı etməsi üçün mükəmməl bir vasitəyə çevrilsin. ChatGPT daxilindəki tətbiqlər interaktiv, adaptiv və fərdiləşdirilmiş proqram təminatının yeni nəslinin yaranmasına imkan verəcək”.
         ChatGPT-də tətbiqlər üçün yaradılan yeni sistem OpenAI-nin süni intellekt əsaslı əsas məhsulu ətrafında tətbiq ekosistemi formalaşdırmaq cəhdinin növbəti mərhələsidir. Əvvəlki həll - GPT Store adlı ayrıca tətbiq mağazasından fərqli olaraq, yeni sistem birbaşa ChatGPT cavablarında yerləşir. Bu isə istifadəçilərə üçüncü tərəf alətlərini gündəlik dialoqları zamanı birbaşa işə salmağa imkan verir. OpenAI-yə görə, bu yanaşma həm tərtibatçılara öz məhsullarını daha səmərəli şəkildə yaymağa kömək edəcək, həm də ChatGPT-ni istifadəçilər üçün daha rahat edəcək. İstifadəçilər sorğu sətrində müxtəlif tətbiqlərin adlarını yazaraq fərqli servislərdən məzmun əldə edə biləcəklər. Məsələn, “Figma, bu eskizi işlək diaqrama çevir” deyərək Figma tətbiqini açmaq mümkündür. Eyni zamanda, istifadəçi “Coursera, mənə machine learning haqqında nəsə öyrədə bilərsən?” deyə soruşaraq Coursera tətbiqini işə sala bilər.
         Zillow daşınmaz əmlak tətbiqinin demo versiyasında istifadəçilər ChatGPT vasitəsilə təbii dildə soruşaraq, öz bölgələrində müəyyən qiymət aralığında hansı mənzillərin mövcud olduğunu öyrənirdilər. Daha sonra ChatGPT interaktiv xəritə təqdim edirdi və istifadəçilər hər bir təklif barədə daha ətraflı məlumat almaq üçün əlavə suallar verə bilirdilər. ChatGPT həmçinin istifadəçilərə müəyyən bir tapşırığı yerinə yetirmək üçün hansı tətbiqlərin faydalı ola biləcəyini də göstərəcək. Məsələn, kimsə həftəsonu üçün əyləncəvi bir mahnı siyahısı istəsə, ChatGPT Spotify tətbiqini işə sala bilər. OpenAI-nin sözlərinə görə, gələcəkdə ChatGPT-də DoorDash, Instacart, Uber AllTrails kimi tətbiqlər də mövcud olacaq.
         OpenAI bildirir ki, yeni tətbiq sistemi model kontekst protokolu (MCP) əsasında qurulub. Bu protokol tərtibatçılara öz məlumat mənbələrini süni intellekt sistemlərinə birləşdirməyə imkan verir. Bəzi tətbiqlər ChatGPT daxilində video da göstərə biləcək - video veb-səhifənin yuxarı hissəsində yerləşəcək və istifadəçinin sorğularına uyğun olaraq dəyişə biləcək. İstifadəçilər artıq hər hansı məhsula abunə olublarsa, əlavə funksiyalara çıxış əldə etmək üçün birbaşa ChatGPT vasitəsilə öz hesablarına daxil ola biləcəklər. Sam Altman həmçinin qeyd edib ki, gələcəkdə OpenAI ChatGPT daxilində tətbiqlərin monetizasiya üsullarını dəstəkləyəcək - o cümlədən yeni istifadəyə verilmiş Instant Checkout (ani sifariş) funksiyası vasitəsilə.
         Təhlükəsizlik məsələsinə gəlincə, OpenAI bildirir ki, tərtibatçılar yalnız minimal dərəcədə zəruri məlumatları toplamalı və şəffaf icazələr təqdim etməlidirlər. Lakin hələlik aydın deyil ki, ChatGPT üçün tətbiq yaradanlar istifadəçinin çat-botla bütün yazışmalarına, yalnız son bir neçə mesaja, yoxsa konkret tətbiqi işə salan son sorğuya çıxış əldə edəcəklərmi. Bundan başqa, ChatGPT-nin DoorDash və Instacart kimi rəqabət aparan şirkətlər arasında hansı servisi seçəcəyi də hələ məlum deyil. Ola bilsin ki, şirkətlər ChatGPT cavablarında qeyd olunmaq üçün ödəniş etmə imkanı əldə edəcəklər. OpenAI isə bu suala hələ birbaşa cavab verməyib və bildirib ki, bu məsələdə istifadəçi təcrübəsi hər şeydən üstün tutulacaq.
    Paylaş