
ChatGPT-də valideyn nəzarəti imkanı istifadəyə verilib
Proqram Təminatı
30.09.2025
Emil
OpenAI şirkəti Kaliforniyadan olan bir yeniyetmənin valideynlərinin iddiasından sonra ChatGPT-nin veb və mobil versiyalarında valideyn nəzarəti sisteminin tətbiqini elan edib. Valideynlərin sözlərinə görə, həmin yeniyetmə süni intellekt ilə ünsiyyətdən sonra intihar edib. Şirkətin elan etdiyi yeni tədbirlər yetkinlik yaşına çatmayan istifadəçilər üçün təhlükəsizlik və məxfilik səviyyəsini çevik şəkildə tənzimləməyə imkan verəcək. OpenAI-nin açıqlamasına əsasən, valideynlər yeniyetmələrin həssas məzmuna çıxışlarını məhdudlaşdıra, yazışma tarixçəsinin yadda saxlanması funksiyasını idarə edə və dialoqların şirkətin modellərinin əlavə təlimi üçün istifadə olunub-olunmamasına qərar verə biləcəklər.

Bundan əlavə, “sükut rejimi” təyin etmək imkanı da olacaq, bu müddət ərzində servisin istifadəsi bloklanacaq. Həmçinin səsli rejim, eləcə də şəkil generasiya və redaktə funksiyalarını söndürmək mümkün olacaq. Eyni zamanda OpenAI vurğulayır ki, valideynlər yeniyetmənin yazışmalarına birbaşa çıxış əldə edə bilməyəcəklər. Yalnız nadir hallarda, avtomatik sistemlər və moderatorlar ciddi təhlükə əlamətləri aşkar etdikdə, valideynlərə yeniyetməyə dəstək göstərmək üçün zəruri olan məlumat təqdim oluna bilər. Bu addım, çat-botların potensial mənfi təsirləri səbəbindən süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlər üzərində ABŞ tənzimləyicilərinin nəzarəti sərtləşdirdiyi bir dövrdə atılır.


Paylaş