
ChatGPT infrastrukturunun bir hissəsi Google Cloud-a köçürüləcək
Proqram Təminatı
17.07.2025
Emil
OpenAI dünən bildirib ki, süni zəkaya əsaslanan məşhur köməkçisi ChatGPT üçün Google-un bulud infrastrukturundan istifadə etməyi planlaşdırır. Şirkət artıq Microsoft, Oracle və CoreWeave-ın bulud xidmətlərindən yararlanır. OpenAI öz xidmətlərinə olan yüksək tələbatı ödəmək üçün hesablama gücünü artırır, çünki yalnız Microsoft-un resurslarından asılı olmaq müəyyən çətinliklər yaradırdı. İki şirkət arasındakı münasibətlər zamanla dəyişib və ötən il Microsoft OpenAI-ni rəqib kimi tanıyıb. Hər iki şirkət tərtibatçılar üçün süni zəka alətləri təqdim edir və bizneslərə abunə əsaslı xidmətlər satır.

İndi OpenAI Google Cloud-u da öz xidmət təminatçıları siyahısına əlavə edib. ChatGPT xidməti və tətbiq proqramlaşdırma interfeysi bundan sonra Microsoft, CoreWeave və Oracle platformaları ilə yanaşı Google-un platformalarında da işləyəcək. Bu, Google üçün əhəmiyyətli nailiyyətdir, çünki onun bulud bölməsi Amazon və Microsoft-la müqayisədə daha gənc və daha kiçikdir. Google Cloud-un fəaliyyət sahəsi ABŞ, Yaponiya, Niderland, Norveç və Birləşmiş Krallığı əhatə edəcək.

Microsoft-dan sonra OpenAI-nın ilk bulud tərəfdaşı ötən il Oracle olmuşdu. Bu şirkət OpenAI-ya əlavə hesablama gücü təqdim etmişdi. 2024-cü ilin martında OpenAI CoreWeave ilə təxminən 12 milyard dollar dəyərində 5 illik müqavilə imzaladı. Hələ yanvar ayında Microsoft OpenAI-ya rəqib bulud təminatçılarından istifadə etməyə icazə verdi və eksklüziv xidmət təchizatçısı statusuna iddia etməkdən imtina etdi. OpenAI-nın Google Cloud-dan istifadə etməyə hazırlaşdığı barədə məlumat isə iyun ayında məlum olmuşdu.
Paylaş