ChatGPT istifadəçilərlə həssas, o cümlədən intim mövzularda söhbətlər apara biləcək
Proqram Təminatı
15.10.2025
Emil
OpenAI tezliklə yaşını təsdiqləmiş yetkin ChatGPT istifadəçilərinə süni intellekt əsaslı çat-botla məzmunu həssas xarakter daşıyan yazışmalar aparmağa icazə verəcək. Bu barədə şirkətin rəhbəri Sam Altman məlumat verib. Yenilik dekabr ayında - yaş məhdudiyyətlərinin tətbiqinə başlananda - istifadəyə veriləcək. Yaş məhdudiyyətləri mexanizmlərinin tətbiqi çərçivəsində, “böyüklərlə böyüklər kimi davranmaq” prinsipini əsas tutan OpenAI şirkəti, auditoriyanın müəyyən bir hissəsinə həssas, o cümlədən intim xarakterli alətlərə çıxış imkanı verəcək - deyə Altman bildirib. Bundan qısa müddət əvvəl OpenAI bildirmişdi ki, yaş yoxlanışı və nəzarət sistemlərinin tətbiqindən sonra tərtibatçılar yalnız böyüklər üçün nəzərdə tutulmuş ChatGPT versiyalarını yarada biləcəklər.
Qeyd edək ki, bu cür layihələr daha əvvəl Elon Musk-ın şirkəti xAI tərəfindən Grok tətbiqində həyata keçirilmişdi. OpenAI həmçinin ChatGPT-nin əlavə bir versiyasını buraxmağı planlaşdırır. Bu versiya insanların 4o modelində bəyəndikləri davranış tərzinə bənzər şəkildə davranacaq. Bu, tətbiqin daimi istifadəçiləri üçün sevindirici xəbərdir, çünki GPT-5-in debütü bir çoxları tərəfindən mənfi qarşılanmışdı - elə buna görə də şirkət cəmi bir gün sonra istifadəçilərin bir hissəsinə ünsiyyət baxımından daha xoş olan GPT-4o-ya çıxışı bərpa etdi. Bu, təsadüfi deyildi. Sam Altman etiraf edib ki, OpenAI ChatGPT-ni xeyli sərtləşdirmişdi, çünki şirkət psixi sağlamlıq məsələlərinə diqqət yetirdiyini göstərmək istəyirdi.
Lakin bu dəyişikliklər nəticəsində çat-bot psixi sağlamlıq problemi olmayan bir çox istifadəçi üçün daha az faydalı və cəlbedici olmuşdu. Buna görə də servisi elə alətlərlə təkmilləşdirmək qərara alınıb ki, onlar istifadəçilərdə mümkün psixi pozğunluq vəziyyətini daha effektiv müəyyən edə bilsin. Daha bir yenilik kimi, OpenAI rifah və süni intellekt məsələləri üzrə məsləhət şurası yaradıb. Bu şura yeni texnologiyaların və süni intellektin psixi sağlamlığa təsirini araşdıran 8 tədqiqatçı və mütəxəssisdən ibarətdir və şirkətə mürəkkəb və ya həssas hadisələrə reaksiya verməkdə kömək edəcək. “İndi ki, psixi sağlamlıqla bağlı kəskin problemləri azalda bildik və yeni alətlər əldə etdik, artıq minimal risklə çoxsaylı məhdudiyyətləri yumşalda biləcəyik” - deyə Sam Altman vurğulayıb.
Paylaş