
ChatGPT katib imkanlarını əldə edib
Proqram Təminatı
16.01.2025
Emil
OpenAI şirkəti özünün süni zəka əsaslı ChatGPT çat-botuna Tasks adlı funksiyanı əlavə edib. Bu yeni funksiya çat-bota tapşırıqların planlaşdırılması və ona tapşırılmış əmrlərin yerinə yetirilməsi prosesinin müəyyən müddətə kimi təxirə salınması imkanlarını verir. Yəni bu funksiya faktiki olaraq çat-botu bir növ katibə çevirir. Tasks funksiyası sayəsində istifadəçilər mətn formatında sadə sorğulardan istifadə edərək bu çat-botdan bəzi istifadə ssenarilərini avtomatlaşdıra biləcəklər. Tapşırıqların planlaşdırılması rejimində ChatGPT istifadəçi tərəfindən qoyulmuş tapşırığı tanıyaraq onu təqvimə əlavə edir.

Məsələn çat-bot iki həftədən sonra istifadəçinin yadına sala bilər ki, hansısa bağlamanı göndərmək lazımdır. Və ya çat-bot hər gün lazımi qədər maye qəbulunu istifadəçinin yadına sala bilər. İstifadəçi tərəfindən təyin olunan tapşırığın bu halda tərkibi müxtəlif ola bilər. Bu rejimdə çat-bot tərəfindən yerinə yetirilən tapşırığın bildirişi ChatGPT tətbiqinin quraşdırılmış olduğu bütün cihazlara gəlir. Digər bir yenilik isə əmrlərin cədvəl üzrə yerinə yetirilməsi imkanıdır. Məsələn çat-bot hər səhər sizi salamlaya, sizə hava proqnozu məlumatlarını, görüləcək müəyyən işlərin siyahısını və s. məlumatları göndərə bilər. Bu yeni imkanlar ChatGPT-nin 4o süni zəka modeli əsasında çalışan versiyasına əlavə edilib və onlar hələ ki, çat-botun ödənişli Plus, Team və Pro versiyalarında aktivdirlər.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
