
ChatGPT-nin axtarış funksiyasına alış-veriş imkanı əlavə edilib
Proqram Təminatı
29.04.2025
Emil
OpenAI, ChatGPT-də axtarış sisteminin əhəmiyyətli yeniləməsini elan edib. İndi istifadəçilər məhsulları birbaşa çatda axtara və fərdi tövsiyələr ala biləcəklər. Yeni funksiya məhsulları tapmağa, onların şəkillərinə baxmağa, rəyləri oxumağa və mağaza linklərinə keçid etməyə imkan verir. OpenAI bildirir ki, istifadəçilər “təbii dildə hiper-spesifik suallar” verə və yüksək dərəcədə uyğun fərdi nəticələr əldə edə bilərlər. Şirkət bu dəyişikliyi Google kimi ənənəvi axtarış sistemlərinə daha rahat alternativ yaratmaq istiqamətində bir addım kimi təqdim edir. TechCrunch-ın məlumatına görə, hazırda moda, kosmetika, ev əşyaları və elektronika kimi kateqoriyalar sınaqdan keçirilir.

Yeniləmə artıq ChatGPT-nin bütün istifadəçiləri üçün əlçatandır - həm Pro və Plus abunəçiləri, həm də sistemə daxil olmamış pulsuz istifadəçilər üçün. Maraqlıdır ki, axtarış nəticələrində reklam olmayacaq və OpenAI-nin vurğuladığına görə, bu xüsusiyyət servisi ənənəvi axtarış sistemlərindən əsaslı şəkildə fərqləndirir. Tövsiyələr tərəfdaşlardan alınan strukturlaşdırılmış məlumatlara əsasən müstəqil şəkildə formalaşdırılır, lakin şirkət alış-verişlərdən komissiya qazanmır. “Biz prioritet yerləşdirmə satmırıq və reklama məcbur etmirik” - deyə OpenAI bildirir. Baş direktor Sam Altman əvvəllər ChatGPT-də reklama qarşı çıxsa da, tanınmış media-analitik Ben Tompson-a verdiyi son müsahibədə bu mövqeyini bir qədər yumşaldıb.

O, OpenAI-nin alış-verişlərdən partnyor komissiyası ala biləcəyi reklam modelinə açıq olduğunu istisna etməyib, lakin vurğulayıb ki, axtarış nəticələrində prioritet satılmayacaq. Altman-ın sözlərinə görə, şirkət “faydalılıq və monetizasiya arasında balansı qorumaq” istəyir. Yaxın zamanda OpenAI Pro və Plus abunəçiləri üçün məhsul axtarışı ilə yanaşı yaddaş funksiyasını da inteqrasiya etməyi planlaşdırır. Bu funksiya əvvəlki dialoqları analiz edərək daha fərdi tövsiyələr təqdim edəcək. Lakin Avropa Birliyinin tənzimləyici məhdudiyyətləri səbəbindən Avropa Birliyi, Böyük Britaniya, İsveçrə, Norveç, İslandiya və Lixtenşteyn istifadəçiləri bu funksiyadan yararlana bilməyəcəklər.

ChatGPT-də həmçinin mətn daxil edilərkən Google axtarışdakı avtomatik tamamlamaya bənzər pop-up ipucları əlavə olunub. Bundan başqa, OpenAI WhatsApp-da da axtarış funksiyasını istifadəyə verib - istifadəçilər ora sorğu göndərə və dərhal cavab ala bilərlər. Axtarış GPT-4o süni zəka modeli əsasında işləyir. OpenAI-nin məlumatına görə, ChatGPT-də axtarışın məşhurluğu sürətlə artır. Belə ki, ötən həftə istifadəçilər bir milyarddan çox sorğu göndəriblər ki, bu da Google ilə, xüsusən də onlayn alış-veriş sahəsində rəqabətin gücləndiyini göstərir.
Mənbə: Techcrunch
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
