
ChatGPT-nin yaddaş funksiyası təkmilləşdirilib
Proqram Təminatı
11.04.2025
Emil
OpenAI ChatGPT-də süni zəka çat-botunu daha inkişaf etmiş yaddaşla təchiz edəcək yeni funksiyanın istifadəyə verildiyini elan edib. Bu yeni funksiya çat-botun əvvəlki bütün söhbətlərin məzmununa əsaslanaraq istifadəçiyə uyğunlaşdırılmış cavablar verməsinə imkan yaradacaq. Şirkət dəqiqləşdirir ki, ChatGPT-nin ayarlarında “Reference saved memories” kimi görünən bu funksiya, istifadəçilərlə aparılan söhbətləri daha məzmunlu və uyğun etmək məqsədi daşıyır. Yeniləmə həm mətn, həm səsli cavablara, həm də çat-botun yaratdığı şəkillərə danışıq kontekstini əlavə edəcək. Yeni yaddaş funksiyası ilkin olaraq ChatGPT Pro və Plus ödənişli abunəçiləri üçün aktiv edilib, lakin o, Böyük Britaniya, Avropa Birliyi ölkələri, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə istifadəçiləri üçün keçərli olmayacaq.

OpenAI izah edir ki, bu bölgələrdə funksiyanın istifadəyə verilməsi üçün yerli qanunvericiliyə uyğunluq baxımından əlavə xarici yoxlamalar tələb olunur. Pulsuz istifadəçilər üçün bu yaddaş funksiyası əlçatan olmayacaq. OpenAI nümayəndəsi TechCrunch ilə söhbətində bildirib: “Biz hazırda bu funksiyanın ödənişli səviyyələrdə tətbiqinə fokuslanmışıq”. Yeni yaddaş funksiyasının məqsədi - ChatGPT-ni daha çevik və fərdiləşdirilmiş etməkdir. Beləliklə, istifadəçilər əvvəlki söhbətlərdə paylaşdıqları məlumatları təkrar etməli olmayacaqlar. Qeyd edək ki, bu ilin fevral ayında Google da Gemini modelində oxşar yaddaş funksiyasını istifadəyə vermişdi. Təbii ki, bütün istifadəçilər OpenAI-nin bu yolla onlardan daha çox məlumat “toplama” ehtimalından məmnun olmayacaq.

Xoşbəxtlikdən, istifadəçilərin bu funksiyadan imtina etmək imkanı var. ChatGPT ayarlarında yaddaş funksiyasını deaktiv etmək, həmçinin saxlanılmış fərdi yaddaş qeydlərini idarə etmək mümkündür. Ötən il OpenAI ChatGPT-ni yeniləmişdi ki, istifadəçi istədikdə çat-bot əvvəlki söhbətlərdən müəyyən detalları unuda və ya yadda saxlaya bilsin. Lakin həmin funksiya adətən yalnız istifadəçinin açıq göstərişi ilə yaddaşın yenilənməsinə imkan verirdi. İstifadəyə verilmiş yeni funksionallıq isə prosesi daha təbii və avtomatik edir. OpenAI bildirir ki, bu yaddaş funksiyası artıq ChatGPT yaddaş xüsusiyyətlərini əvvəllər aktivləşdirmiş istifadəçilər üçün avtomatik olaraq açıq olacaq.
Mənbə: Techcrunch
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
