Logo
    main-post-cover

    ChatGPT-də reklam elanları sərgilənə bilər

    Proqram Təminatı
    03.12.2024
    Emil
          The Financial Times saytının vermiş olduğu məlumata əsasən OpenAI şirkəti ChatGPT çat-botuna reklam elanlarını inteqrasiya edə bilər. Lakin bununla belə şirkətin CEO-su Sam Altman bu ideyaya o qədər də yaxşı yanaşmır. Məlumatda qeyd edilib ki, şirkətin maliyyə direktoru Sarah Friar öz növbəsində şirkətin bu cür imkanı nəzərdən keçirtdiyini bildirib. Maliyyə direktorunun sözlərinə əsasən şirkət ChatGPT daxilində potensial reklam elanlarının sərgilənmə zamanını və yerini diqqətli şəkildə incələyir. Bununla belə Friar əlavə edib ki, şirkət reklam elanları ilə bağlı konkret planlara sahib deyil.
        Lakin digər tərəfdən şirkətin may ayında keçmiş Google əməkdaşı Shivakumar Venkataraman-ı özünə cəlb etməsi onun bu mövzuda istəkli olduğunu göstərir. Qeyd etmək lazımdır ki, daha öncə Shivakumar Venkataraman, Google şirkətinin axtarış reklamları komandasına rəhbərlik edib. Görünür, OpenAI şirkəti əlavə gəlir mənbələrinin axtarışındadır. Şirkətin əsas gəlir mənbələrindən biri də kənar tərtibatçılara və təşkilatlara API-ın təqdim olunmasıdır. Kənar tərtibatçılar və təşkilatlar şirkətin təqdim etdiyi API əsasında öz süni zəka məhsullarını hazırlayırlar. Bundan əlavə olaraq şirkət ChatGPT-dən istifadə mövzusunda individual və korporativ lisenziya satışından gəlir əldə edir. Lakin mütəxəssislərin fikirlərinə əsasən API satışı yüksək gəlirli biznes deyil.
    Paylaş
    Bənzər xəbərlər