ChatGPT-yə gün ərzində 2.5 milyarddan çox sorğu göndərilir
Proqram Təminatı
22.07.2025
Süni intellektə əsaslanan çat-bot olan ChatGPT məşhurluğunu sürətlə artırmağa davam edir. OpenAI-nin məlumatına görə, istifadəçilər çat-bota gündəlik 2.5 milyarddan çox sorğu göndərirlər. Bu, illik hesablamada təxminən 912.5 milyard sorğu deməkdir. Axios-un xəbərinə görə, bu sorğuların 330 milyonu hər gün ABŞ-dan olan istifadəçilər tərəfindən göndərilir. ChatGPT hələlik ildə təxminən 5 trilyon sorğu işləyən Google axtarış sistemi ilə müqayisədə geridə qalsa da, onun sürətli artımı axtarış nəhəngi üçün ciddi təhlükə yaradır. Cəmi bir neçə ay ərzində, 2024-cü ilin dekabrında həftəlik 300 milyon istifadəçisi olan çat-botun auditoriyası 2025-ci ilin martına qədər 500 milyonu keçib. Bu ayın əvvəlində Reuters agentliyi mənbələrə istinadən xəbər verib ki, OpenAI yaxın həftələrdə süni intellekt əsaslı öz veb-brauzerini istifadəyə verməyə hazırlaşır - ekspertlər bu addımı Google Chrome-a birbaşa rəqabət çağırışı kimi qiymətləndirirlər. Şirkət bu buraxılışa hazırlaşmaq üçün ötən həftə istifadəçi adından tapşırıqları yerinə yetirə bilən ChatGPT Agent alətini təqdim etdi.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...