Logo
    Codeh4ck RTX 5080 və 5090-da ərimə riskini azaldan proqram təqdim edib

    Codeh4ck RTX 5080 və 5090-da ərimə riskini azaldan proqram təqdim edib

        Codeh4ck ləqəbli tərtibatçı güclü videokartların enerji konnektorlarında ərimə riskini azaltmaq üçün “RTX Lens” proqramını çıxarıb. “Windows” üçün hazırlanan proqram pulsuzdur və açıq mənbə kodludur. “RTX 5080” və “RTX 5090” videokartlarında hər kontakt üzrə keçən cərəyanı izləyir. Təhlükəli göstərici bir müddət davam etdikdə kompüteri avtomatik söndürür və telefona xəbərdarlıq göndərir.
        “RTX Lens” videokartın sərf etdiyi gücü, hər kontaktdan keçən cərəyanı və temperaturu bir pəncərədə göstərir. 12V-2x6 enerji konnektorunda 6 ədəd 12 V kontakt var. Hər kontakt təxminən 9 A cərəyan üçün hazırlanıb. “Asus” xəbərdarlıq həddini 9,2 A seçib, çünki bu həddin aşılması konnektorun əriməsinə səbəb ola bilər. “RTX 5090” 575 Vt lövhə gücünə malikdir və bu göstərici konnektorun 600 Vt həddinə yaxındır.
        Proqram “Asus ROG Astral RTX 5080” və “Asus ROG Astral RTX 5090” videokartlarını “LibreHardwareMonitor” kitabxanası ilə izləyir. “Thermal Grizzly WireView Pro II” videokartın enerji girişində cərəyanı, gərginliyi, gücü və temperaturu ölçür. “MSI MPG Ai1300TS” və “MSI MPG Ai1600TS” enerji bloklarında hər kontaktı, blokun temperaturunu və ventilyatorun vəziyyətini izləmək olur. Son 2 cihaz növünün məlumat göndərməsi üçün USB bağlantısı lazımdır.
        İstifadəçi hər cihaz üçün ayrıca xəbərdarlıq həddi və gözləmə müddəti seçə bilər. Cərəyan uzun müddət normadan yüksək qalanda, yük kontaktlar arasında bərabər bölünməyəndə və ya cihazda nasazlıq yarananda sistem işə düşür. Avtomatik söndürmə vaxtını 1 saniyədən təxminən 24 saata qədər seçmək olur. Proqram ölçmələri qeydə alıb interaktiv HTML faylı kimi saxlayır. Buradan “MSI Afterburner Safeguard+” parametrlərini də idarə etmək olur.
        “RTX Lens” üçün “Android” və “iPhone” tətbiqləri də hazırlanıb. “Android” versiyası “GitHub” üzərindən APK faylı kimi quraşdırılır. “iPhone” versiyasını “TestFlight” və ya “iLoader” ilə yükləmək olar. Cihazlar eyni şəbəkədə olduqda QR kodla qoşulur. Kənardan bağlantı üçün əlçatan şəbəkə ünvanı lazımdır. Bu zaman kompüter açıq qalmalı, proqramın xidməti də arxa planda işləməlidir.
        Tərtibatçının sözlərinə görə, “RTX Lens” hələ beta mərhələsinə yaxındır. Bununla belə, təxminən son 1 həftədə proqrama 5 yeniləmə çıxıb. Sadalanan avadanlıqlar real cihazlarda sınaqdan keçirilib. “Corsair Xeneon Edge” ekranı üçün yalnız məlumatları göstərən “iCUE” vidceti də var. Tərtibatçı “Google Play Store” və “App Store” versiyalarını “Google” və “Apple” təsdiqindən sonra yayımlamağı planlaşdırır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...