Logo
    main-post-cover

    DeepSeek-in cavablarının dəqlqliyi istifadəçinin regionundan asılı olaraq dəyişir

         ABŞ-ın CrowdStrike şirkəti, kibertəhlükəsizlik sahəsində dünya liderlərindən biri olaraq, apardığı bir təcrübə nəticəsində müəyyən edib ki, generasiya olunan kodun keyfiyyəti onu kim və hansı məqsədlə istifadə edəcəyindən güclü şəkildə asılıdır. Məsələn, sənaye sistemlərinin idarəsi üçün proqram təminatı yazmaq sorğusunda səhvlər 22.8% hallarda qeydə alınıb, amma həmin kodun Tayvanda istifadə üçün nəzərdə tutulduğu göstərildikdə səhvlərin payı 42.1%-ə yüksəlib və ya ümumiyyətlə kod generasiyasından tam imtina olunub. Kodun keyfiyyəti Tibet, Tayvan və Çində qadağan olunmuş Falun Gong dini qrupu üçün nəzərdə tutulduqda daha da pisləşib.
         Xüsusilə, Falun Gong üçün DeepSeek halların 45%-ində kod generasiya etməkdən imtina edib. CrowdStrike mütəxəssislərinin fikrincə, bu, ya süni intellekt botunun Çinin siyasi xəttinə uyğun hərəkət etməsi və müəyyən qruplar üçün bilərəkdən zəif kod yaratması ilə, ya da Tibet kimi bəzi regionlar üçün təlim məlumatlarının daha az təcrübəli proqramçılar tərəfindən yazılmış keyfiyyətsiz kodlardan ibarət olması ilə bağlı ola bilər. Həmçinin alternativ bir fikir də irəli sürülür ki, sistem müstəqil şəkildə müxalifətlə əlaqələndirilən regionlar üçün səhv kod generasiya etməyə qərar verə bilər.
         Bununla yanaşı, CrowdStrike tədqiqatçıları qeyd ediblər ki, ABŞ üçün nəzərdə tutulan kod ən etibarlı olub. Bu isə həm təlim məlumatlarının keyfiyyəti, həm də DeepSeek-in ABŞ bazarını ələ keçirmək istəyi ilə bağlı ola bilər. DeepSeek çox vaxt həssas mövzular üzrə Çin hakimiyyətinin rəsmi mövqeyini, onun düzgün olub-olmamasından asılı olmayaraq, təkrar edir. Bundan əlavə, iyul ayında Almaniya hökuməti Google Apple şirkətlərindən tətbiqin Almaniyada cihazlara quraşdırılmasını qadağan etməyi tələb etmişdi, çünki istifadəçi məlumatlarının Çinə qanunsuz ötürülməsi ilə bağlı şübhələr mövcud idi. Qeyd edək ki, bu tətbiqin istifadəsi ABŞ-ın federal agentliklərinin və dövlət qurumlarının cihazlarında da qadağandır.
    Paylaş