main-post-cover

    Əfsanənin geri dönüşü: Winamp musiqi servisinin istifadəyə veriləcəyi tarix açıqlandı

    Proqram Təminatı
    03.05.2024
    Brilyant Rasulova
         Llama Group şirkəti bir zamanlar məşhur olmuş əfsanəvi Winamp musiqi playerinin yeni inkişaf mərhələsini anons edib. Belə ki, artıq yaxın zamanda bu musiqi playeri musiqi streaming servisi kimi geri qayıdacaq. Bununla yanaşı Winamp adi player şəklində də yenilənmiş tətbiqi əldə edəcək. Qeyd etmək lazımdır ki, Winamp musiqi servisi kimi keçən ilin mart ayında musiqiçilər arasında test edilməyə başladı. Həmin ilin aprel ayının ortasında isə servis açıq beta test mərhələsinə keçdi və istənilən şəxs ondan yararlana bilərdi.
         İndi isə Llama Group şirkəti elan edib ki, Winamp musiqi servisi 1 iyul tarixində tam şəkildə istifadəyə veriləcək. Şirkət bu il ərzində sözügedən musiqi servisinə 50 000 musiqiçini, 2025-ci ilin sonuna kimi 158 000 musiqiçini, 2028-ci ilə qədər isə 1 milyon musiqiçini cəlb etmək niyyətindədir. Bu cür statistik göstəricilərin əldə edilməsi üçün Llama Group şirkəti musiqiçiləri ciddi şəkildə dəstəkləmək niyyətindədir. Belə ki, musiqiçilər öz musiqilərinin müəllif hüquqlarını və lisenziyalarını idarə edə və özlərinə məxsus NFT-ləri satışa çıxara biləcəklər. Llama Group hal-hazırda sözügedən layihə çərçivəsində 3 istiqamətə hədəflənib.
    - Winamp for Creators - musiqiçilərə hədəflənmiş və onların kontentlərinin monetizasiyası təkliflərini edən platforma
    - Winamp Collaborator - biznes partnyorların axtarışı üçün nəzərdə tutulmuş platforma
    - Winamp Player - yeni musiqi servisinə inteqrasiya edilmiş musiqi playeri.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər