Logo
    main-post-cover

    Əfsanəvi Apple Lisa kompüterinin interfeysi ən xırda detalına kimi brauzerə köçürülüb

         Apple Lisa kompüteri 1983-cü ildə mağazalarda satışa çıxarıldığı dövrdə qabaqcıl cihaz sayılırdı. Həmin vaxt onu 9995$-a almaq mümkün idi. Bu da bu gün inflyasiya nəzərə alınmaqla təxminən 33 000$-a bərabərdir. Ancaq bu əfsanəvi model ilə tanış olmaq üçün bu qədər pul ödəməyə ehtiyac yoxdur. Çünki indi istənilən şəxs Apple Lisa-nın orijinal interfeysinin surətini birbaşa brauzerdə işə sala bilər. Tərtibatçı Andrew Yaros-un sözlərinə görə, onun yaratdığı LisaGUI tətbiqi sıfırdan JavaScript ilə yazılıb və Lisa Office System interfeysinin istifadəçi rejimini tam şəkildə yenidən qurur.
         Müəllif vurğulayır ki, LisaGUI nə sadəcə görünüş, nə də emulyatordur. Bu, IndexedDB bazasında qurulmuş fayl sistemi və özünəməxsus 1 bit-lik qrafik mühərriki olan tam funksional bir əməliyyat sistemidir. Andrew təkcə menyular, pəncərələr və idarəetmə elementləri daxil olmaqla interfeysin hər bir detalını deyil, həm də şriftləri yenidən yaradıb. Tərtibatçı, bir neçə mətn üslubunun birləşdirilməsini dəstəkləyən və yeni qlif variantlarını real vaxtda yaradan öz mətn yığma sistemini hazırlayıb.
         Hazırda LisaGUI-nin tam işlək alfa versiyası mövcuddur, lakin bəzi hallarda düzgün işləməyə bilər. Lisa Office System-in bu surəti ilə işləmək üçün klaviatura və siçan və ya sensorlu panel (touchpad) tələb olunur. Sistem smartfonlarda işləmir. Onu sınamaq üçün bu linkə keçid etmək lazımdır. Vaxtilə Apple Lisa, qrafik interfeys, kursor, ikonlar və pəncərələrdən ibarət olan ilk kommersiya kompüterlərindən biri olmuşdu. Satış rəqəmləri yüksək olmasa da, bu model kompüterlə qarşılıqlı əlaqə formasının formalaşmasında mühüm rol oynadı və nəticədə bu, bütün istifadəçilər üçün adi hala çevrildi.
    Paylaş