Logo
    main-post-cover

    Elon Musk, Wikipedia-nın analoqu Grokipedia-nı istifadəyə verib

         Elon Musk-ın vəd etdiyi kimi, xAI şirkəti Grokipedia saytını istifadəyə verib - güman edilir ki, süni intellektin köməyi ilə hazırlanmış bu onlayn ensiklopediya illərlə etibar qazanmış Wikipedia-dan daha üstün olacaq. Lakin əslində, yeni platformadakı bəzi səhifələr sadəcə köhnə Wikipedia-dan kopyalanıb. Grokipedia-nın dizaynı hələlik sadədir: əsas səhifədə axtarış sətri yerləşir, məqalələrin quruluşu isə Wikipedia-dakı kimi - başlıqlar, altbaşlıqlar və keçidlərdən ibarətdir. Wikipedia-da platformada istifadəçilər səhifələri redaktə edə bilirlər, lakin məlumata görə, Grokipedia-da bu, ya çox çətin, ya da ümumiyyətlə mümkün deyil. Bəzi məqalələrin yuxarı hissəsində “Redaktə et” düyməsi görünür, lakin ona kliklədikdə yalnız edilmiş dəyişikliklər göstərilir - kim tərəfindən edildiyi isə bildirilmir.
         Jurnalistlər öz redaktələrini etməyə çalışsalar da, bu, mümkün olmayıb. Məqalə səhifələrində faktların Grok adlı çat-bot tərəfindən yoxlanıldığı qeyd edilir, baxmayaraq ki, hər bir süni intellekt kimi onun da bəzən hallüsinasiyalara yol verməsi mümkündür. Elon Musk söz verib ki, Grokipedia Wikipedia-nın təkmilləşdirilmiş versiyası olacaq, lakin bəzi məqalələr hələlik köhnə mənbədən sadəcə kopyalanıb. Məsələn, Apple MacBook Air haqqında səhifədə açıq şəkildə qeyd olunur ki, “Material ‘Wikipedia-dan uyğunlaşdırılıb və Creative Commons Attribution-ShareAlike 4.0 lisenziyası altında yayımlanır”.
         Eyni vəziyyət Sony PlayStation 5 konsolu və Lincoln Mark VIII avtomobili haqqında məqalələrdə də müşahidə olunur. Sentyabr ayında xAI Grok süni intellekt çat-botu Wikipedia məqalələrini sadəcə sitat kimi gətirdiyinə görə tənqid olunmuşdu. Şirkətin rəhbəri Elon Musk bunu inkar etmədi, lakin ilin sonuna qədər bu problemi aradan qaldıracaqlarına söz verdi. Grokipedia-dakı bəzi məqalələr, məsələn, qlobal istiləşmə mövzusunda olanlar, ənənəvi baxışı təkrarlamır, əksinə, ekofəalların fəaliyyətini dəyərləndirən alternativ mövqelər təqdim edir. Hazırda v0.1 versiyası kimi qeyd olunan Grokipedia portalında 885 000-dən çox məqalə yerləşdirilib. Müqayisə üçün, ingilis dilli Wikipedia-da bu rəqəm təxminən 7 milyondur.
    Paylaş