
Ghibli studiyası tərzində təsvirlər OpenAI serverlərini yükləyiblər
Proqram Təminatı
02.04.2025
Emil
OpenAI-nin baş direktoru Sam Altman bildirib ki, ChatGPT-də yeni təsvir generasiya funksiyasının yüksək məşhurluğu səbəbindən şirkət avadanlığın həddindən artıq yüklənməsi ilə üzləşib. Bu isə yeni məhsul və funksiyaların təqdimatını məhdudlaşdırmağa məcbur edir. Altman-ın sözlərinə görə, OpenAI vəziyyəti nəzarətə almağa çalışır, lakin istifadəçilər ən azı buraxılışlarda gecikmələrə, xidmətlərdə fasilələrə və platformanın işində yavaşlamalara hazır olmalıdırlar. Bununla belə şirkət vəziyyətin nəzarət altında olduğunu bildirir. “Bəzən nələrsə sıradan çıxacaq və xidmət bəzən ləng işləyəcək, çünki biz ötürmə qabiliyyəti ilə bağlı problemlərlə mübarizə aparırıq. Biz hər şeyin işləməsi üçün problemləri operativ şəkildə həll etməyə çalışırıq” - deyə Altman qeyd edib.

Xatırladaq ki, bir neçə gün bundan öncə istifadəyə verilmiş yeni təsvir generatoru, xüsusilə Studio Ghibli animasiya studiyasının məşhur üslubu da daxil olmaqla müxtəlif üslubları imitasiya etmək bacarığı sayəsində böyük səs-küy yaratdı. Lakin şirkət istifadəçi axını ilə ayaqlaşa bilmir, əməkdaşlar isə sistemi işlək vəziyyətdə saxlamaq üçün gec saatlara qədər və hətta istirahət günlərində işləməyə məcbur qalırlar. Serverlərə düşən yükü azaltmaq məqsədilə OpenAI, ChatGPT-nin pulsuz istifadəçiləri üçün yeni təsvir generatoru funksiyasının istifadəyə verilməsini gecikdirib.

Həmçinin, Sora vasitəsilə video yaratmaq imkanı da yeni istifadəçilər üçün müvəqqəti olaraq deaktiv edilib. Şirkət server yüklənməsi ilə bağlı problemlərin nə vaxt tam həll olunacağını dəqiq bildirmir və hazırda infrastrukturun təkmilləşdirilməsi üzərində işləməyə davam edir. Bazar ertəsi günü ChatGPT platformasında cəmi 1 saat ərzində bir milyon yeni istifadəçi qeydiyyatdan keçib. Qeyd etmək lazımdır ki, hazırda sistemin 500 milyon həftəlik aktiv istifadəçisi və 20 milyon abunəçisi var - bu göstəricilər 2024-cü ilin sonu ilə müqayisədə xeyli yüksəkdir. Həmin vaxt bu rəqəmlər müvafiq olaraq 300 milyon və 15.5 milyon təşkil edirdi.
Mənbə: Techcrunch
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
