Logo
    main-post-cover

    Google axtarış sistemindəki intim fotoları daha sərt şəkildə filtrasiya edəcək

         Bu həftə Google, StopNCII.org layihəsi ilə tərəfdaşlıq etdiyini elan edib. Məqsəd şirkətin axtarış sistemi vasitəsilə insanların razılığı olmadan internetdə yayımlanmış intim foto və videoların qarşısını almaqdır. Axtarış nəhəngi StopNCII tərəfindən təqdim olunan heşləri istifadə edərək belə təsvirləri müəyyənləşdirəcək və nəticələrdən siləcək. Google, alqoritm tərəfindən yaradılan identifikatorlar olan heşlərdən istifadə edəcək. Bu identifikatorlar təhqiramiz kimi işarələnmiş məzmunu aşkar etməyə və bloklamağa imkan verir.
         Mənbənin məlumatına görə, StopNCII.org layihəsi təsvirlər üçün PDQ-heşlərdən, videolar üçün isə MD5-heşlərdən istifadə edir. Bloklamaya yalnız razılıq olmadan yayımlanmış intim məzmun deyil, həm də emal olunmuş təsvirlər və ya neyron şəbəkələrlə yaradılmış deepfake-lər də düşə bilər. Bundan əvvəl Google dəfələrlə tənqid olunmuşdu ki, bu təşəbbüsü digər iri sənaye oyunçularından daha ləng həyata keçirir. Xatırladaq ki, Facebook, Instagram, TikTok Bumble hələ 2022-ci ildə StopNCII təşəbbüsünə qoşulmuşdu, Microsoft isə öz Bing axtarış sistemi ilə 2024-cü ilin sentyabrında qoşulub.
         Axtarış nəhəngi artıq belə məzmunun şəxsi əlaqə məlumatları ilə birlikdə silinməsi üçün müraciətlərin göndərilməsinə imkan verən alətləri tətbiq edib. Amma əvvəllər olduğu kimi, belə paylaşımların qurbanları müvafiq məzmunu özləri tapmalı və işarələməli idilər. İndi isə bu işin böyük hissəsi StopNCII.org və Google-un üzərinə düşəcək. StopNCII layihəsinə gəldikdə isə, o, Böyük Britaniyanın xeyriyyə təşkilatı olan South West Grid for Learning tərəfindən istifadəyə verilib.
    Paylaş