Logo
    main-post-cover

    Google Gemini köməkçisi Chrome brauzerinə inteqrasiya edilib

    Proqram Təminatı
    21.05.2025
    Emil
         Google şirkəti öz süni zəka köməkçisi Gemini-ni Chrome brauzerinə inteqrasiya etdiyini elan edib. Google Labs bloqunda tərtibatçılar tərəfindən yayımlanmış məlumatda bildirilir ki, ilkin mərhələdə Gemini istifadəçi tərəfindən baxılan istənilən veb səhifədəki mürəkkəb məlumatları dəqiqləşdirə və ya ümumiləşdirə biləcək. Gələcəkdə isə Gemini eyni anda bir neçə brauzer qovluğunda işləyə və istifadəçi adından internet saytları arasında hərəkət edə biləcək. Gemini ilə qarşılıqlı əlaqəyə başlamaq üçün brauzerin yuxarı sağ küncündə yerləşən xüsusi düyməyə klikləmək kifayətdir. Bundan sonra süni zəka botu ilə qarşılıqlı əlaqə üçün bir pəncərə açılacaq. Bu pəncərəni ekranda istənilən yerə sürüşdürmək və ölçüsünü dəyişmək mümkündür.
         Bu pəncərədə istifadəçi baxdığı veb səhifələr barədə Gemini-yə suallar verə bilər. Bu yeniliyin elanından əvvəl Google jurnalistlərə süni zəka köməkçisinin Chrome brauzerində necə işlədiyini nümayiş etdirib. Şirkət nümayəndəsi marketplace-də bir turist yuxu torbasının məhsul səhifəsini açıb və Gemini-dən məhsulun əsas xüsusiyyətlərini sadalamağı xahiş edib. Bundan sonra süni zəka köməkçisi veb səhifəni analiz edərək yuxu torbasının əsas xüsusiyyətlərini əks etdirən siyahını təqdim edib. Daha sonra Gemini-dən həmin yuxu torbasının ABŞ-ın Men ştatında kampinq üçün uyğun olub-olmadığı soruşulub.
         Bu suala cavab vermək üçün alqoritm yalnız məhsul səhifəsindəki deyil, digər veb saytlardakı məlumatlardan da istifadə edib. Ardınca Google nümayəndəsi başqa bir yuxu torbasının səhifəsinə keçib və məhsulların müqayisəsini istəyib. Gemini isə bu sorğuya cavab olaraq müqayisəli cədvəl tərtib edib və təqdim edib. Hazırkı mərhələdə istifadəçilər Gemini ilə fərqli qovluqlar arasında keçid edərək qarşılıqlı əlaqə qura bilirlər. Lakin bu ilin sonuna doğru alqoritm eyni anda bir neçə qovluqla işləməyi öyrənəcək və istifadəçiyə həmin qovluqların istənilən birindən məlumat təqdim edə biləcək.
         Jurnalistlər üçün keçirilmiş nümayiş zamanı Google nümayəndəsi həmçinin saytlar arasında naviqasiya funksiyasını da göstərib. Bu imkan yaxın gələcəkdə istifadəyə veriləcək. Gemini süni zəka köməkçisini Chrome brauzerinə gətirən yeniləmənin yayımı bu həftə başlayır. İlk olaraq bu funksiyanı Windows macOS əməliyyat sistemlərində Chrome istifadə edən, 18 yaşdan yuxarı, ana dili ingilis dili olan və Google AI Pro və ya Google AI Ultra abunəliyinə sahib istifadəçilər əldə edəcəklər. Bundan əlavə, Gemini süni zəka botu Chrome-un Dev Canary test kanallarında olan beta versiya istifadəçiləri üçün də əlçatan olacaq. Mobil veb brauzerə Gemini-nin inteqrasiyası isə hazırda Google tərəfindən hələ ki, nəzərdən keçirilir.
    Paylaş