Logo
    main-post-cover

    Google Gemini xarici dillərin öyrənilməsi və praktikasında yardımçı olacaq

    Proqram Təminatı
    30.04.2025
    Emil
         Google süni zəka texnologiyalarına əsaslanan və istifadəçilərə xarici dilləri öyrənməkdə kömək etməyə yönəlmiş 3 təcrübi layihə təqdim edib. Həmin həllərin hazırlanması hələ ilkin mərhələdə olsa da, Gemini böyük dil modeli artıq Duolingo üçün ciddi rəqibə çevrilməkdədir. Birinci təcrübi layihə istifadəçiyə hazırda lazım olan konkret ifadələri tez öyrənməyə yönəlib. İkinci layihənin məqsədi isə öyrənənin daha qeyri-rəsmi xarici dil bacarıqlarını formalaşdırmaq və yerli əhaliyə daha uyğun danışıq tərzini mənimsəməsinə kömək etməkdir. Üçüncü təcrübi layihə isə kameranın qoşulmasını nəzərdə tutur - bu zaman ətrafdakı obyektlərə əsasən istifadəçiyə yeni lüğət formalaşdırılır.
         Google-un qeyd etdiyi kimi, xarici dil öyrənərkən ən xoşagəlməz hallardan biri konkret ifadəyə ehtiyac duyulan vəziyyətə düşmək, lakin həmin ifadəni hələ öyrənməmiş olmaqdır. Bu problemi həll etmək üçün hazırlanan Tiny Lesson adlı təcrübi funksiya istifadəçiyə vəziyyəti təsvir etməyə imkan verir - məsələn, “itirilmiş pasportun axtarışı” - və kontekstə uyğunlaşdırılmış lüğət və qrammatika tövsiyələri təqdim edir. Məsələn: “Bilmirəm onu harada itirdim” və ya “Bu barədə polisə məlumat vermək istəyirəm”. İkinci təcrübi funksiya Slang Hang adlanır və məqsədi öyrənənin nitqini yerli dilə uyğun, qeyri-rəsmi və slenqlə zəngin etməkdir.
         İstifadəçi yerli danışanlar arasında realist dialoqu modelləşdirə bilər və hər replikaya əsasən söhbətin necə inkişaf etdiyini izləyə bilər. Məsələn, bu, alıcı ilə küçə satıcısı arasında dialoq və ya uzun müddət bir-birini görməyən iki dostun metroda qarşılaşması ssenarisi ola bilər. Google bu layihə çərçivəsində etiraf edir ki, süni zəka bəzən slenqi düzgün tətbiq etmir, buna görə də təqdim edilən tövsiyələri etibarlı mənbələrlə müqayisə etmək tövsiyə olunur. Üçüncü təcrübi funksiya Word Cam adını alıb. İstifadəçi ətrafındakı obyektlərin şəklini çəkir, Gemini isə onları tanıyır və öyrənilən dildə adlarını təklif edir.
         Bəzən praktikada ətrafdakı obyektlərin adlarını bilmək lazım olur və bu funksiya istifadəçiyə hələ nə qədər söz öyrənmədiyini göstərə bilər. Məsələn, “pəncərə” sözünü bilmək olar, amma “jalüz” sözünü bilməmək mümkündür. Bu layihələrin əsas ideyası süni zəkanın yeni istifadəsini göstərmək, dilin müstəqil öyrənilməsini daha dinamik və şəxsi yönümlü etməkdir. Google Gemini-nin yeni təcrübi funksiyaları növbəti dillərin öyrənilməsində kömək edə bilər: Ərəb, çin (Çin materiki, Honq Konq, Tayvan), ingilis (Avstraliya, Birləşmiş Krallıq, ABŞ), fransız (Kanada, Fransa), alman, yunan, ivrit, hind, italyan, yapon, koreya, portuqal (Braziliya, Portuqaliya), rus, ispan (Latın Amerikası, İspaniya) və türk. Bu funksiyalara Google Labs platforması vasitəsilə giriş mümkündür.
    Mənbə: Techcrunch
    Paylaş