Logo
    main-post-cover

    Google: "Süni intellekt saytlardan trafiki özünə çəkmir"

         Google internetdə yayılan, süni intellekt funksiyalarının tətbiqinin xəbər saytlarında trafik azalmalarına səbəb olduğu barədə məlumatları təkzib edib. Şirkətin bloqunda dərc olunmuş, axtarış bölməsinin rəhbəri və vitse-prezident Liz Reid-in imzası ilə yayımlanmış açıqlamada bildirilir ki, Süni İntellekt İcmalları (AI Overviews) və Süni İntellekt Rejimi (AI Mode) kimi funksiyalarla təchiz olunmuş axtarış internetə trafik çəkməyə davam edir və kliklərin orta keyfiyyəti artıb. Liz Reid bildirib ki, Google axtarış sistemindən veb saytlara edilən orqanik keçidlərin ümumi həcmi ötən illə müqayisədə nisbətən stabil qalıb. Onun sözlərinə görə, bununla yanaşı, kliklərin orta keyfiyyəti də artıb. “Əslində, biz ötən illə müqayisədə veb saytlara bir qədər daha çox keyfiyyətli klik yönləndiririk (keyfiyyətli klik dedikdə, istifadəçinin dərhal geri qayıtmadığı kliklər nəzərdə tutulur - bu isə adətən onun veb sayta maraq göstərdiyinə işarədir)” - deyə Liz Reid qeyd edib.
         O həmçinin vurğulayıb ki, ümumi trafikin kəskin şəkildə azaldığını bildirən üçüncü tərəf təşkilatlar qeyri-dəqiq metodologiyalara, tək-tük nümunələrə və ya süni intellekt funksiyaları axtarış sisteminə inteqrasiya olunmazdan əvvəl baş vermiş dəyişikliklərə əsaslanırlar. Bəzi hallarda müşahidə olunan trafik azalması, “istifadəçi meyllərinin trafiki digər saytlara yönəltməsi, nəticədə bir sıra saytlarda azalmalara, digərlərində isə artımlara səbəb olur” fikri ilə izah edilə bilər. Liz Reid-in sözlərinə görə, “Süni İntellekt İcmalları” sayəsində istifadəçilər indi axtarış nəticələrinin səhifəsində daha çox keçid görürlər. Daha çox sorğu və keçid isə veb saytlar üçün ziyarətçi cəlb etmək baxımından daha çox imkan deməkdir.
         Süni intellekt istifadəçiyə ümumi mənzərəni təqdim etməyə kömək edir, lakin istifadəçilər mövzuya daha dərindən baş vurmaq və əlavə məlumat almaq üçün keçidlərə klik edirlər. Bu, baş verdikdə isə həmin kliklər daha dəyərli olur. “İnsanlar həmçinin onlara daha çox məlumat əldə etməyə kömək edən veb məzmunlara daha tez-tez keçid edirlər - məsələn, ətraflı icmallara, orijinal nəşrlərə, unikal baxış bucaqlarına və ya düşünülmüş birinci şəxsdən təhlillərə” - deyə Liz Reid bildirib. O əlavə edib ki, istifadəçilərin dəyişən ehtiyaclarını nəzərə alan saytlar, adətən, trafikdə artım nümayiş etdirirlər. Google-un vitse-prezidenti vurğulayıb ki, bir axtarış şirkəti kimi Google veb ekosistemin sağlamlığına önəm verir: “Biz hər gün milyardlarla klik göndərməyə davam edirik və hesab edirik ki, axtarış ilə internet arasında dəyərə əsaslanan qarşılıqlı əlaqə hələ də güclü olaraq qalır”.
    Paylaş