
Google-un süni intellekt əsaslı axtarışının istifadəçi kütləsi 100 milyona çatıb
Proqram Təminatı
25.07.2025
Emil
Alphabet holdinqinin ikinci rüb üzrə maliyyə hesabatının nəticələrinə dair keçirilmiş brifinqdə holdinqin rəhbəri Sundar Pichai Google-un axtarışda süni intellekt rejimi, yeni flaqman modeli Gemini 2.5 Pro və Deep Search funksiyası üzərindəki işi haqqında danışıb. Onun sözlərinə görə, axtarışın süni intellekt rejiminin artıq ABŞ və Hindistanda ayda 100 milyondan çox aktiv istifadəçisi var. “Tam dövrlü AI-axtarış” funksiyasının testlərinə mart ayında başlanılıb, bu funksiya ABŞ-da mayın sonunda, Hindistanda isə iyulun əvvəlində tam istifadəyə verilib. Ötən həftə Google geniş istifadə üçün Gemini 2.5 Pro modelinin yayımına başlayıb - Google AI Pro və AI Ultra abunəçiləri artıq bu modelə keçid edə bilirlər.

Masaüstü və mobil veb versiyalarda Deep Search funksiyası əlavə edilib, lakin bu funksiya hələlik Android və iOS tətbiqlərində mövcud deyil. Süni intellektli axtarışda modellər arasında keçid isə yalnız ilkin sorğunun nəticələri təqdim edildikdən sonra mümkündür. Google-un həm süni intellekt rejimli axtarış tətbiqinin, həm də ayrıca Gemini çat-bot tətbiqinin niyə mövcud olması ilə bağlı çoxsaylı suallara cavab olaraq Sundar Pichai bildirib ki, elə istifadə ssenariləri var ki, hər iki tətbiqdən əla nəticə əldə etmək mümkündür, amma spesifik hallar da mövcuddur.

Onun sözlərinə görə, axtarışın süni intellekt rejimi daha çox məlumat yönümlü sorğular üçün uyğundur. Halbuki Gemini-də axtarış sadəcə alətlərdən biridir - bu çat-bot daha çox konkret tapşırıqları yerinə yetirməkdə köməkçi kimi çıxış edir, o cümlədən video və proqram kodu generasiyası daxil olmaqla. “Sevinirəm ki, bizim bu iki sahədə fəaliyyətimiz var və hər ikisində innovasiyalar tətbiq edə bilirik. Əlbəttə, elə sahələr olacaq ki, bu tətbiqlər birgə işləyəcək və zamanla düşünürəm ki, onların istifadəsini istifadəçilərimiz üçün daha rahat və əlçatan edə biləcəyik” - deyə Pichai vurğulayıb.
Paylaş