
Google-un süni zəka icmalları səbəbilə saytlar trafik itirməyə başlayıblar
Proqram Təminatı
11.06.2025
Emil
Google axtarış sistemində süni zəka icmalları (AI Overviews) funksiyası və dialoq elementləri ilə təchiz olunmuş yeni axtarış rejimi (AI Mode) xəbər saytlarına keçidlərin sayını nəzərəçarpacaq dərəcədə azaldır. Məlumata əsasən istifadəçilər axtardıqları suallara qısa cavabları birbaşa axtarış nəticələrində alırlar və artıq ilkin informasiya mənbəyinə daxil olmağa ehtiyac duymurlar. Bu vəziyyət media orqanlarının trafikində kəskin azalmaya səbəb olur. Halbuki bu qurumlar reklam gəlirləri və jurnalistikanın maliyyələşməsi baxımından istifadəçi ziyarətlərindən asılıdırlar. Similarweb xidmətinin məlumatına əsasən, xarici media qurumu olan The New York Times-ın orqanik axtarışdan gələn trafik payı 2022-ci ildəki 44%-dən 2025-ci ilin aprelində 36.5%-ə düşüb.

Trafik itkisi xüsusilə praktiki informasiya təqdim edən saytlar - bələdçilər, sağlamlıq məsləhətləri və məhsul icmalları - arasında daha kəskin hiss olunur. Eyni zamanda, Google nümayəndələri süni zəka funksiyalarının tətbiqinin əksinə olaraq ümumi axtarış trafikinin artmasına səbəb olduğunu iddia edirlər. Lakin media qurumlarının özləri bildirirlər ki, bu artımdan əsas faydanı məhz axtarış platformasının özü götürür. Buna baxmayaraq, bəzi böyük media orqanları artıq yeni şəraitə uyğunlaşmağa başlayıblar. Məsələn, The New York Times Amazon ilə əməkdaşlıq edərək öz məzmununun şirkətin süni zəka sistemlərinin təlimində istifadəsinə razılıq verib.
The Atlantic redaksiyası da OpenAI ilə əməkdaşlıq edir. Perplexity platforması isə istifadəçi sorğularına cavab verən çat-botunun istifadə etdiyi mənbələrin müəlliflərinə reklam gəlirindən pay ayırmağı planlaşdırdığını bəyan edib. Qeyd etmək lazımdır ki, The Washington Post və The Atlantic kimi nəşrlərin baş redaktorları dəfələrlə vurğulayıblar ki, müstəqil jurnalistikanın yeni rəqəmsal reallıqlarda yaşamasını təmin etmək üçün biznes modellərinin tez bir zamanda dəyişdirilməsi vacibdir.
Mənbə: Techcrunch
Paylaş
Ən çox oxunanlar

iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb
