Logo
    main-post-cover

    iOS 18-də OpenAI şirkətinin süni zəka ekosistemindən istifadə edilə bilər

    Proqram Təminatı
    29.04.2024
    Farid
         Apple şirkəti iyun ayında baş tutacaq WWDC 2024 konfransı çərçivəsində iOS 18 əməliyyat sistemini təqdim edəcək. Sözügedən əməliyyat sisteminin əsas fərqləndirici özəlliklərindən biri də süni zəka funksiyaları olacaq. Apple fərdi süni zəka sistemini hazırlasa da, öz cihazlarında kənar şirkətlərin süni zəka sistemlərinin istifadəsini istisna etmir. Bu səbəbdən də şirkət sözügedən mövzu ilə bağlı OpenAI şirkəti ilə danışıqlarını bərpa edib. Bloomberg saytının vermiş olduğu məlumata əsasən nəticədə iOS 18-də OpenAI ekosisteminin dəstəyi reallaşdırıla bilər. Qeyd etmək lazımdır ki, bu, Apple şirkətinin belə bir inteqrasiyanı həyata keçirtmək üçün ilk cəhdi deyil.
         Belə ki, Apple ilə OpenAI arasında danışıqlar hələ bu ilin əvvəlində start götürmüşdü. Lakin müəyyən səbəblərə görə danışıqlar dayandırıldı. İndi isə onlar yenidən bərpa olunub. Apple həmçinin süni zəka əsaslı Gemini adlı çat-bota sahib Google şirkətini də öz nəzərində saxlayıb. Apple qeyd edilmiş mövzuda əməkdaşlıq edəcək tərəfi hələ seçməyib. Konkret razılıqların əldə olunacaqlarına da dair zəmanət yoxdur. Gözləntilərə əsasən iOS 18-də olacaq süni zəka funksiyalarının bəziləri Apple şirkətinin fərdi böyük dil modeli əsasında çalışacaqlar. Bununla belə istifadəçilərlə çat-bot üzərindən qarşılıqlı əlaqə mövzusunda Apple digər şirkətlərin imkanlarından faydalanmağı planlaşdırır.
    Paylaş
    Bənzər xəbərlər