Logo
    main-post-cover

    iOS 18-də zənglərlə bağlı çoxdan gözlənilən funksiya istifadəyə veriləcək

    Proqram Təminatı
    10.07.2024
    Emil
         Keçən ay təqdim edilmiş iOS 18 əməliyyat sistemi iPhone istifadəçilərinin illərlə gözlədikləri funksiyanı istifadəyə verəcək. Söhbət, telefon danışıqlarının birbaşa Phone tətbiqi vasitəsilə yazılması funksiyasından gedir. Lakin bu funksiya təkcə telefon danışıqlarının yazılması imkanı ilə yetinməyəcək. Belə ki, iOS 18-dəki bu funksiya həmçinin yazılmış telefon danışıqlarını süni zəka vasitəsilə deşifrələmə imkanını da verəcək. Telefon danışığının yazılmasına imkan verəcək düymə telefon zəngi prosesi zamanı aktiv olacaq. İstifadəçi həmin düyməyə klikləyərək telefon danışığının yazılması prosesinə start verəcək.
         Bununla belə həmsöhbət şəxs də telefon danışığının yazılmasından xəbərdar olacaq. Belə ki, ona bu barədə bildiriş göndəriləcək. Telefon danışığı bitəndən sonra isə onun yazısı Notes tətbiqində saxlanılacaq. İstifadəçi öz növbəsində Apple Intelligence ekosisteminə daxil olan süni zəka funksiyasından istifadə edərək yazılmış telefon danışığının əsas hissələrinin qısa təsvirlərini əldə edəcək. Bu üsul ilə istifadəçi telefon danışığını sürətli şəkildə incələyə və ya telefon danışığı çərçivəsində səslənmiş hər hansısa məlumatı axtara biləcək.
         Qeyd etmək lazımdır ki, telefon danışığının yazılması funksiyası iOS 18 dəstəkli bütün iPhone modellərində aktiv olacağı halda yazılmış telefon danışığının süni zəka vasitəsilə emalı imkanı heç də bütün iPhone-larda dəstəklənməyəcək. Bu imkan iPhone 15 ProiPhone 15 Pro Max kimi smartfonlarda mümkün olacaq. Bununla yanaşı bu imkan ilk növbədə ingilis, ispan, fransız, alman, yapon, mandarin çincəsi, kanton və portuqal dillərini dəstəkləyəcək. Telefon danışıqlarının yazılması funksiyası iOS 18-in stabil versiyasında istifadəyə verilməlidir.
    Paylaş